Ombudsman Səbinə Əliyeva Albaniyada keçirilən beynəlxalq konfransda çıxış edib
CƏMİYYƏT

Ombudsman Səbinə Əliyeva Albaniyada keçirilən beynəlxalq konfransda çıxış edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Albaniya Respublikasının İnformasiya və Məlumatların Mühafizəsi üzrə Müvəkkili Besnik Dervişinin dəvəti əsasında dünyanın müxtəlif ölkələrindən olan İnformasiya Komissarlarının qatıldığı XV Beynəlxalq Konfransında iştirak edib.

Qurumun mətbuat xidmətinin məlumatında deyilir ki, "Fərdlərin informasiyaya çatım vasitəsilə səlahiyyətləndirilməsi: qarşılıqlı əməkdaşlıqda şəffaflığın və inklüzivliyin təmin edilməsi" mövzusunda keçirilən beynəlxalq konfransın ilk sessiyasında təqdimatla çıxış edən Səbinə Əliyeva informasiya əldə etmək hüququnun müdafiəsi və təmini istiqamətində fəaliyyəti, bu sahədə həyata keçirilən maarifləndirmə tədbirləri, habelə əhalinin həssas qruplarının hüquqlarının müdafiəsinə xüsusi diqqət yetirilməsi barədə məlumat verib.

Cari ildə ölkəmizin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyini iştirakçıların diqqətinə çatdıran Ombudsman bu çərçivədə xarici ölkələrin ombudsman və milli insan hüquqları institutlarının iştirakı ilə informasiyaya çatımlılıq məsələlərinin də müzakirə ediləcəyi beynəlxalq simpoziumun keçiriləcəyini bildirib.

Səfər çərçivəsində Ombudsman Albaniya Respublikasının ədliyyə naziri Ulsi Manja, Parlament sədrinin müavini Ermonela Valikaj Felaj, İnformasiya və Məlumatların Mühafizəsi üzrə Müvəkkil Besnik Dervişi ilə görüşlər keçirib.

Ombudsman Səbinə Əliyeva otuz ilə yaxın işğal dövründə Ermənistan tərəfindən torpaqlarımızda basdırılmış minaların hazırda həmin ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışına maneə yaratdığını, mülki şəxslərin həyatına və sağlamlığına ciddi təhdid törətdiyini diqqətə çatdırıb.

Ombudsman, həmçinin iki ölkə arasında əməkdaşlıq çərçivəsində formalaşmış müsbət təcrübələrin insan hüquq və azadlıqlarının effektiv müdafiə və təmininə də töhfə verəcəyini bildirib.

Səfər çərçivəsində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və Albaniya Respublikasının İnformasiya və Məlumatların Mühafizəsi üzrə Müvəkkili Besnik Dervişi arasında insan hüquqları, habelə informasiya əldə etmək hüququ sahəsində ikitərəfli əməkdaşlığın inkişafı məqsədilə anlaşma memorandumu imzalanıb.

“Respublika”.