AQTA bazar rəhbərlərinə xəbərdarlıq edib
CƏMİYYƏT

AQTA bazar rəhbərlərinə xəbərdarlıq edib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ərzaq və heyvan satışı bazarlarında nəzarət tədbirlərini genişləndirib. Agentlik hazırda davam etdirilən monitorinq və yoxlamalar zamanı aşkarlanan nöqsanlarla əlaqədar ölkə ərazisində fəaliyyət göstərən bazar rəhbərlərinə xəbərdarlıq edib. 

Bu barədə Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən "Respublika"ya məlumat veriblər. 

2023-cü ildə ölkə ərazisində fəaliyyət göstərən bazarların daxilindəki ət satışı obyektlərini qiymətləndirmək üçün Agentlik tərəfindən monitorinq həyata keçirilən 63 bazarda 400 nöqsan aşkarlanıb. Həmçinin 68 bazarda aparılan yoxlamalar zamanı uyğunsuzluqlar müəyyənləşdirilib. Bununla əlaqədar olaraq müvafiq tədbirlər görülüb. 

Bu ilin ötən dövründə isə ümumilikdə 17 bazarda yoxlama aparılıb. Yoxlamalar zamanı qida təhlükəsizliyi sahəsində texniki-normativ hüquqi aktların pozulması ilə bağlı bir sıra uyğunsuzluqlar aşkar edilib və bununla bağlı bazarlardan dördündə işlərin görülməsinin, xidmətlərin göstərilməsinin dayandırılması, səkkizində iş personalının üzvünün (üzvlərinin) kənarlaşdırılması, altısında məhsul satışının dayandırılması, birində məhsul satışının qadağan olunması, 1-də isə məhsul istehsalının (quş kəsimi) dayandırılması barədə məhdudlaşdırıcı tədbirlərin tətbiqinə dair qərarlar qəbul edilib. 

Eyni zamanda 17 sahibkarlıq subyekti barədə AQTA inzibati məsuliyyət tədbirləri görüb.