Qarabağda əsl bahar yaşanır
CƏMİYYƏT

Qarabağda əsl bahar yaşanır

Azərbaycan Ermənistanın işğalı altında olan torpaqlarını geri qaytarması ilə yeni mərhələyə qədəm qoyub. Ölkəmiz yeni-yeni nailiyyətlər qazanır.

1990-cı illərin əvvəllərindən başlayaraq təxminən otuz il ərzində Qarabağ və ətraf rayonlar Ermənistanın əsarəti altında olub. Bu dövrdə azərbaycanlılar yurd yerlərindən qovularaq məcburi köçkün həyatı yaşamalı qalıb. Lakin Azərbaycan bu ədalətsizliklə barışmayıb, 2020-ci ilin payızında düşmənin növbəti təxribatına cavab olaraq hərbi əməliyyata başlayıb, qələbədən sonra tarixi ərazilərində geniş bərpa və yenidənqurma layihələri həyata keçirib. Dövlətimiz məcburi köçkün olan Azərbaycan vətəndaşlarının geri qayıtmasını asanlaşdırmaq məqsədilə infrastrukturun, o cümlədən yolların, məktəblərin və xəstəxanaların yenidən qurulmasına üstünlük verib.

Prezident İlham Əliyev mayın 17-də Belarus Prezidenti Aleksandr Lukaşenko ilə Füzuli şəhərinin dağıdılmış yerləri və şəhərin Baş planı ilə tanış olarkən deyib ki, 1993-cü ilə qədər bizdə 8 milyon insana bir milyon qaçqın və köçkün düşürdü. Onlar çadırlarda, vaqonlarda, uşaq bağçalarında, yataqxanalarda yaşayırdılar. Dövlət başçısı daha sonra deyib: "Biz 2007-ci ildə çadır şəhərciklərini ləğv etdik, lakin hələ də yataqxanalarda yaşayan insanlar var. Buna görə də onları oradan buraya köçürürük. Hər şey pulsuzdur. Onlar burada yaşayırlar".

Ölkəmiz Ermənistan tərəfindən həyata keçirilmiş misli görünməmiş vəhşiliklərə, tayı-bərabəri olmayan sürətli bərpa işləri ilə cavab verir. Törədilmiş vandallığa baxmayaraq, dövlətimiz çox qısa müddət ərzində bərpa-quruculuq işlərini reallaşdırır. Bu gün qaçqın və keçmiş məcburi köçkünlərin təhlükəsiz şəraitdə ata-baba yurdlarına qayıtması üçün hər cür şərait yaradılır. Ölkə başçısı ilin sonunadək 20 min, 2026-cı ilin sonuna qədər isə 140 min nəfərə yaxın sakinin yerləşdiriləcəyinin planlaşdırıldığını da diqqətə çatdırıb.

Bu gün Ağdam yenidən qurulur. 2021-ci ilin oktyabrında təməli qoyulan Ağdam-Füzuli avtomobil yolunun inşası sürətlə davam edir. Bu yol Qarabağ iqtisadi rayonu ərazisində icra olunan, işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq layihələrdən biridir. Bərdə-Ağdam avtomobil magistralının davamı olan bu yolun uzunluğu 64,8 kilometrdir.

Baş plana uyğun olaraq sürətlə aparılan quruculuq işləri Ağdama Böyük Qayıdışın tezliklə reallaşacağından xəbər verir. Ağdam şəhər 1 saylı məktəbin təməli 2021-ci il mayın 28-də Prezident İlham Əliyev tərəfindən qoyulub. Qeyd edək ki, fəaliyyətə 1883-cü ildə başlayan bu təhsil ocağı Qarabağ bölgəsinin ən qədim məktəbidir. Xıdırlı kəndinin yenidən qurulmasına 2022-ci ildə başlanılıb. Şəhər mərkəzindən 3 kilometr məsafədə yerləşən Xıdırlı kəndində 5990 nəfərin (1500 ailə) məskunlaşması nəzərdə tutulur. 2023-cü ilin may ayında isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhərində salınacaq 2-ci yaşayış məhəlləsinin təməlqoyma mərasimində iştirak ediblər. Ağdamda bu ilin sonunadək üç kəndin yenidən qurulması planlaşdırılır.

Bərpa-quruculuq işləri həm çevik, həm də çoxşaxəli şəkildə aparılır. Yollar çəkilir, hava limanları tikilir, "ağıllı kənd"lər kimi infrastruktur qurulur. Bu işlərin həyata keçirilməsinə kifayət qədər sərmayə qoyulur. Baş planda 2040-cı ilədək Füzuli şəhərinin inzibati ərazisinin 1943 hektara, əhalisinin 50 min nəfərə çatdırılması nəzərdə tutulur. Şəhərdə təxminən 10 min nəfər, ümumilikdə Füzuli rayonunda isə təqribən 25 min sakin məskunlaşacaq. Diqqətçəkən layihələrdən biri də bir il ərzində tamamlanan və 2021-ci ilin oktyabrında açılışı olan Füzuli Beynəlxalq Hava Limanının tikintisidir. Bu hava limanı işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən ilk iri infrastruktur layihələrindən biridir. Hazırda tam fəaliyyətdədir. Zəngilan Beynəlxalq Hava Limanı da Qarabağın yenidən qurulmasında digər əsas bir layihədir. Tikilməkdə olan Laçın Beynəlxalq Hava Limanı rayonun yenidən qurulması və modernləşdirilməsi strategiyasının bir hissəsidir.

Şuşada isə 2026-cı ilin sonunadək Böyük Qayıdış proqramı üzrə 111 çoxmərtəbəli evin tikilməsi gözlənilir. Bu evlərin artıq 23-ü tikilib. 23 binadan ibarət yaşayış kompleksinin ümumi sahəsi 8 hektara yaxındır. Qeyd edək ki, buraya 58 ailə köçüb. Kompleksin təməli 2021-ci il avqustun 29-da qoyulub. Mayın 10-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə birinci yaşayış kompleksinin açılışı olub.

Quruculuq işləri təkcə fiziki strukturların yenidən qurulması deyil, həm də iqtisadiyyatın canlandırılması və davamlı inkişafının təmin edilməsi ilə bağlıdır. Zəngilan kimi rayonlarda "ağıllı kəndlər"in yaradılması geri qayıdan əhalinin yüksək keyfiyyətli həyat şəraitinin və iqtisadi imkanlarının təmin edilməsinə xidmət edir. Azərbaycan layihələrin keyfiyyətini və səmərəliliyini təmin etmək üçün beynəlxalq təcrübədən istifadə edərək, yenidənqurma prosesinə müxtəlif xarici şirkətlərin cəlb edilməsinə üstünlük verir. Qarabağda yenidənqurma səyləri sürətli tərəqqi və işğaldan azad edilmiş ərazilərə qayıdan vətəndaşların təhlükəsiz həyat şəraitinin təmin edilməsinə istiqamətlənib.

Nurcan SÜLEYMANOVA,

"Respublika".