Tarix

"Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!"

Müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasından 106 il ötür. Bu tarix artıq 4 ildir ki, işğaldan azad olunan Qarabağ və Şərqi Zəngəzurda da qeyd olunur. Əfsuslar olsun ki, 1918-ci il mayın 28-də yaradılan müstəqil dövlətin ömrü uzun olmadı.

1917-ci il rus inqilabı nəticəsində çar imperiyası devrildi və çarizmin məzlum vəziyyətə saldığı xalqların milli hərəkatı başlandı. Zaqafqaziya Seyminin müsəlman fraksiyası yaranmış siyasi vəziyyəti müzakirə etmək məqsədilə 1918-ci il mayın 27-də fövqəladə iclas çağırdı. İclas çərçivəsində Müvəqqəti Milli Şura yaratmaq barədə ümumi razılıq əldə olundu. Məhəmməd Əmin Rəsulzadə Azərbaycan Xalq Cümhuriyyətinin sədri seçildi. Ertəsi gün - may ayının 28-də Milli Şuranın ilk iclası keçirildi. Azərbaycanın müstəqil dövlət elan olunması haqqında tarixi qərar məhz bu iclasda qəbul edildi. Beləliklə, ölkəmizin Şərqi və Cənubi Zaqafqaziya hüdudlarında milli dövlətçiliyi bərpa olundu. İclas çərçivəsində yeni demokratik dövlətin yaranması faktını hüquqi cəhətdən təsbit edən İstiqlal Bəyannaməsi qəbul edildi. Məhz bununla müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət - Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) quruldu.

AXC-nin mərkəzi o zamanlar Tiflis, Azərbaycan müvəqqəti hökumətinin ilk rəhbəri isə Fətəli Xan Xoyski idi. Milli Şura 10 gün Tiflisdə işlədikdən sonra Gəncəyə köçürüldü. Türkiyə ordusunun rəhbərliyi ilə Bakı daşnak-rus qüvvələrindən təmizləndikdən sonra milli hökumət Bakıya köçürüldü. Müstəqil Azərbaycan Cümhuriyyəti qısa zaman kəsiyində böyük nailiyyətlər qazandı. Belə ki, dünyada ilk dəfə qadınlara seçmə-seçilmə hüququ verildi, qadın-kişi bərabərliyi təmin edildi, milli ordu yaradıldı, milli bankın təsis olunandan sonra pul vahidi dövriyyəyə buraxıldı. Bununla yanaşı, Şərqdə demokratiya, azad seçki üsuli-idarəsi yaradıldı. AXC dövründə Azərbaycan beynəlxalq əlaqələr quraraq dövlətlərin ölkəmizin istiqlalını tanımasına nail oldu, iqtisadi islahatlar həyata keçirildi. Azərbaycan Demokratik Respublikasını rəsmi surətdə ilk tanıyan Osmanlı dövləti oldu.

Azərbaycan Xalq Cümhuriyyətinin qurulması xalqımızın həyatında yeni bir mərhələnin başlanğıcı idi. Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini özündə ehtiva edən Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın milli və siyasi şüurunun, yüksək mədəniyyətinin təzahürü idi. M.Ə.Rəsulzadənin təklifi əsasında 1918-ci il 9 noyabr tarixində Azərbaycan Demokratik Respublikasının üçrəngli bayrağı qəbul edildi. Əfsuslar olsun ki, Cümhuriyyət gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay yaşaya bildi. Qısa fəaliyyət dövründə bir sıra mühüm uğurlara imza atıldı. Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi və həyata keçirilmiş digər işlər həmin dövr üçün böyük uğur hesab edilirdi. Çünki dövlətin siyasi, iqtisadi, hüquqi, mədəni və digər sahələrini əhatə edən mütərəqqi siyasət müstəqil, demokratik dövlətçilik ənənələrinin, milli ruhun formalaşmasında və gələcək inkişafında mühüm rol oynadı. AXC, həmçinin Azərbaycan xalqının milli-vətənpərvərlik ruhunun, azadlıq, müstəqillik arzusunun alovlanmasına da stimul verdi. Təəssüf ki, müstəqil Azərbaycan Cümhuriyyəti bolşeviklərin hücumuna məruz qalaraq süqut etdi. Sovet Rusiyası Azərbaycanı məcburi surətdə öz tərkibinə qatdı. Amma bolşeviklər tərəfindən devrilməsinə baxmayaraq, dövlətimizin istiqlal ideyası daim yaşadı. Sovet dövründə Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcıları və onların fəaliyyəti barədə fikir söyləmək qadağan idi. Hətta Azərbaycan tarixçiləri belə Azərbaycan Xalq Cümhuriyyətinin adını çəkə bilmirdilər.

Azərbaycan 1991-ci ildə öz müstəqilliyini bərpa etdikdən sonra bütün qadağalara son qoyuldu. Həmin dövrün dövlət rəmzləri və himni bərpa edildi. Cümhuriyyətin adını özünə qaytarılmasında ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətləri var. Məhz ümummilli liderin göstərişi ilə Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı arxiv materialları açıldı, elmi işlər reallaşdı, həqiqətlər ortaya çıxdı. Dahi lider Heydər Əliyev dəfələrlə bildirmişdi ki, biz bu gün demokratik Azərbaycan dövlətini qururuqsa, ayağa qaldırırıqsa, Xalq Cümhuriyyətinə borcluyuq. Azərbaycan Xalq Cümhuriyyətinin yenidən bərpasına xüsusi qiymət verən Heydər Əliyev deyib: "Biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi günü - Respublika Günü elan etmişik və bu bizim milli bayramımızdır".

Nəzrin ELDARQIZI,

"Respublika".