DÖVLƏTÇİLİYİ, ƏRAZİ BÜTÖVLÜYÜNÜ QORUMAQ VƏTƏNDAŞLIQ BORCU, ŞƏRƏFDİR
Tarix

DÖVLƏTÇİLİYİ, ƏRAZİ BÜTÖVLÜYÜNÜ QORUMAQ VƏTƏNDAŞLIQ BORCU, ŞƏRƏFDİR

30 il əvvəl cənub bölgəsində çağdaş tariximizə yeni bir səhifə yazıldı

"Azərbaycanın müstəqilliyi, dövlətçiliyi, Azərbaycan Respublikasının bütövlüyü hər bir adamın həyatından qat-qat yüksəkdir, mənim də həyatımdan yüksəkdir. Mən də müstəqil Azərbaycanın dövlətçiliyini, suverenliyini, bütövlüyünü qorumaq üçün həyatımı qurban verməyə hazıram".

Heydər ƏLİYEV,

Ümummilli lider.

1993-cü ilin yayı. Tariximizin ən çətin, ağır, taleyüklü dövrü. Müstəqillik yollarında kövrək addımlarını atan Azərbaycan olduqca gərgin vəziyyətə düşmüşdü. Ölkəni ağır böhran, hərc-mərclik, anarxiya bürümüşdü. Ermənistanla aparılan müharibədə uğursuzluq baş alıb gedir, Qarabağ ərazisində torpaqlar işğal olunurdu. Xalqın inamından istifadə edib tankların üstündə hakimiyyətə gəlmiş AXC-Müsavat cütlüyü buraxdığı ağır səhvləri ilə ölkəni ağır duruma salmış, vətəndaş birliyini, həmrəyliyini sarsıtmışdı.

Xarici və daxili düşmənlərimizin hazırladığı məkrli plan ardıcıl şəkildə həyata keçirilirdi. 4 iyun Gəncə qiyamından sonra hədəf olaraq yurdumuzun cənub bölgəsi seçilmişdi. Ölkəmizin müstəqilliyinə qənim kəsilən ünsürlər xaricdəki havadarları ilə birləşib bu qədim diyarı parçalamağa, Azərbaycanı daxildən dağıtmağa, məhv etməyə çalışırdılar.

Məkrli planın icraçısı separatçı qüvvələrin lideri, əvvəllər AXC-nin, sonralar Sosial Demokrat Partiyasının üzvü olmuş Əlikram Hümbətov idi. Gəncə hadisələrindən dərhal sonra öz silahlı adamlarını başına yığıb Lənkəran şəhərinin yaxınlığındakı meşəyə çəkilmişdi. İyunun 14-dən 15-nə keçən gecə meşədən çıxıb Lənkəran Şəhər İcra Hakimiyyətinin binasını zəbt etdilər.

Lənkəran hadisələrinin şahidi, filoloq-alim, yazıçı-publisist Yaşar Rzayev o dövrü belə xatırlayır: "İyunun 15-də Əlikram Hümbətovun təkidi, təzyiqi və silahlılarının iştirakı ilə Lənkəran Şəhər Sovetinin növbədənkənar sessiyası çağırıldı. Deputatları məcbur etdilər ki, icra başçısı vəzifəsini Ə.Hümbətova həvalə etmək barədə qərar çıxarsınlar. Bu isə Konstitusiyaya zidd, qeyri-qanuni addım idi. Mən çıxış edib buna qəti etirazımı bildirdim. Dedim ki, hakimiyyət məsələsini bu cür həll etmək olmaz. İcra başçısı ölkə rəhbərinin sərəncamı ilə təyin olunur.

Sessiyada səsvermənin nəticəsinə əhəmiyyət vermədən, qanunları saya almadan icra başçısının səlahiyyətləri Ə.Hümbətova həvalə olundu.

O dövrdə Azərbaycan və onun ayrılmaz parçası olan Lənkəran bölgəsi çox çətin günlər yaşayırdı. Vəziyyətin getdikcə gərginləşdiyini görüb bir qrup tanınmış ziyalı ilə xalqımızın müdrik rəhbəri, Ali Sovetin sədri, prezident səlahiyyətlərini həyata keçirən Heydər Əliyevin qəbuluna getməyi qərara aldıq. İyulun 22-də axşam saat 10 radələrində ümummilli lider bizi qəbul etdi. Görüşdə respublikamızın rəhbər işçiləri, bölgəmizi təmsil edən deputatlar, Bakıda rəhbər vəzifədə çalışan həmyerlilərimiz iştirak edirdi.

Mən Lənkəranda yaranmış vəziyyət barədə dövlət başçısına məlumat verdim. Çıxışlar oldu. Ölkə rəhbəri görüşü yekunlaşdırdı və bildirdi ki, Lənkəran bölgəsində vəziyyəti qaydaya salmaq üçün lazımi tədbirlər görüləcək, bu məsələdə Lənkəran camaatı öz qəti sözünü deyəcəkdir.

Avqustun 3-də sabiq baş nazir Surət Hüseynov Lənkərana gəldi. Onun gəlişindən sonra vəziyyət yaxşılaşmaqdansa daha da kəskinləşdi. Avqustun 7-də Ə.Hümbətov saxta yolla Ali Xalq Məclisi keçirib özünü Talış Muğan Respublikası adlı qondarma qurumun prezidenti elan etdi. Ertəsi gün ağlasığmaz, qanunsuz fərmanlar verməyə, rəhbər vəzifədə çalışan adamları, nüfuzlu ziyalıları həbs etməyə, bölgədə at oynatmağa başladı", - deyə Yaşar Rzayev bildirdi.

O vaxt xalqın təkidli xahişi ilə hakimiyyətə gəlmiş Heydər Əliyev yaranmış vəziyyət barədə belə demişdir: "Azərbaycanın cənub zonası parçalanırdı. Lənkəran-Astara zonası, təxminən 7 rayon artıq parçalanmışdı. Oranı bir neçə quldur ələ keçirmişdi. O cümlədən keçmişdə Xalq Cəbhəsi Məclisinin üzvü, sonra guya Sosial Demokrat partiyasının üzvü olan bir quldurun - heç bir siyasi hörməti olmayan Əlikram Hümbətov kimi bir adamın əlində yesir olmuşdu".

Avqustun 13-də Azərbaycan Respulikasının Ali Sovetində Biləsuvar, Cəlilabad, Masallı, Lənkəran, Astara, Yardımlı və Lerik rayonlarından seçilmiş xalq deputatları, həmin rayonlardan olan rəhbər işçilər və ziyalılar ilə görüş keçirildi. Lənkəran bölgəsində yaranmış vəziyyət geniş müzakirə olundu. Həmin tədbirdə Yeni Azərbaycan Partiyası Lənkəran şəhər təşkilatının sabiq sədri Dilruba Camalova, "Lənkəran" xeyriyyə cəmiyyətinin sədri Yaşar Rzayev və filoloq-alim Yədulla Ağazadə çıxış etdi. Xalqımızın müdrik rəhbəri Heydər Əliyev geniş nitq söylədi, vəziyyətə siyasi qiymət verdi. Yerli əhalini Ə.Hümbətovun qondarma qurumuna qarşı mübarizəyə çağırdı.

Avqustun 17-də Milli Məclis "Azərbaycan Respublikasının Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarında yaranmış vəziyyət haqqında" qərar qəbul etdi. Qərarda qeyd edilirdi ki, son zamanlar Azərbaycanda yaranmış gərgin ictimai-siyasi və hərbi vəziyyətdən istifadə etməyə çalışan bir sıra qanunsuz silahlı birləşmələr Azərbaycanın dövlətçiliyinə və ərazi bütövlüyünə xəyanət etmək qəsdinə düşmüşlər. Belələrindən biri Lənkəranda uzun müddətdən bəri Əlikram Hümbətovun başçılıq etdiyi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə tabe olmayan qanunsuz silahlı birləşmədir.

Əlikram Hümbətov ələ keçirdiyi silahlı qüvvələrdən istifadə edib əhalini təzyiq altında saxlayır, onlara qarşı qanunsuz hərəkətlər edir, dövlət orqanlarına hədə-qorxu gəlir, onları özünə tabe olmağa məcbur edir. O, silahlı təzyiqlə Lənkəran şəhərində və qonşu rayonlarda hədə-qorxu yolu ilə şəhər və rayon xalq deputatları sovetlərinin sessiyalarını keçirmiş, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına zidd olan qərarlar qəbul etdirmişdir.

Əlikram Hümbətov onun qanunazidd və cinayətkar hərəkətlərinə etiraz edənlərə qarşı zorakılıq edir, divan tutur, onları həbs edir. Heç bir səlahiyyəti olmadan Əlikram Hümbətov cinayət əməllərinə görə həbsdə olan Ə.Quliyevi və R.Nuriyevi azad etmək haqqında göstəriş vermişdir. Bu qanunsuz göstərişi yerinə yetirmədiyinə görə Əlikram Hümbətov Cəlilabad rayon prokuroru K.S.Tağıyevi həbs etməyə cəhd göstərmişdir, onu tapa bilmədikdə rayon prokurorluğunun işçilərindən M.Kazımovu, K.Qasımovu, S.Mirzəyevi və rayon polis şöbəsinin rəisi A.Hacıyevi zor gücünə Lənkərana aparıb həbs etdirmişdir. Astara rayon polis şöbəsinin rəisi İbrahim Quliyev də Əlikram Hümbətovun qanunazidd tapşırıqlarını yerinə yetirmədiyinə görə girov götürülmüşdür. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı H.Məmmədov Əlikram Hümbətovun göstərişlərini yerinə yetirmədiyi üçün həbs olunmuşdur.

Milli Məclisin qərarında qeyd olunurdu ki, Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarının ərazisində Əlikram Hümbətovun və onun mafioz, millətçi, qiyamçı dəstələrinin yerli əhaliyə qarşı zorakılığı, terrorçuluq əməlləri, insan hüquqlarının tapdalanması, hərc-mərclik və özbaşınalıq halları cinayət kimi qiymətləndirilsin və Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının pozulması, respublikanın ərazi bütövlüyünə qəsd, dövlətçiliyinə qarşı xəyanət kimi pislənilsin.

Lənkəran rayonunda əvvəllər hərbi hissə kimi mövcud olmuş, sonradan Əlikram Hümbətov tərəfindən qanunsuz yolla ələ keçirilmiş hərbi birləşmə heç bir şərt qoyulmadan Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə tabe edilsin.

Qərarın icrasının 3 gün müddətində təmin olunması o vaxt Milli Məclisin üzvü, respublikanın baş naziri Surət Hüseynova tapşırılır. Təəssüf ki, sabiq baş nazir tərəfindən bu istiqamətdə heç bir addım atılmır.

Lənkəranda separatçı ünsürlərə qarşı mübarizənin önündə gedən, Lənkəran Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Dilruba Camalova o vaxt mətbuata verdiyi müsahibəsində demişdir: "Avqustun 22-də lənkəranlılar əldəqayırma "prezidentə" ilk ciddi xəbərdarlıqlarını etdilər. Onun silahlı bandasının gözü qarşısında "Azadlıq" meydanında on mindən çox adamın iştirakı ilə mitinq keçirildi. Mitinq əvvəlki qüdrəti, ehtirası ilə davam etdi, adamlar Əlikramı "satqın", "xəyanətkar" adlandırdılar.

Mitinqin qətnaməsində Milli Məclisin Lənkəran hadisələri ilə bağlı 17 avqust tarixli qərarının bəyənildiyi və müdafiə olunduğu qeyd edilir, qondarma "TMR"in bütün qeyri-qanuni qurumlarının əhalini qırğına vermədən, qarşıdurma yaratmadan öz-özünü buraxması tələb olunurdu. Bu tələblər yerinə yetirilmədikdə avqustun 24-də yenidən mitinq keçirilməsi qərara alınmışdı.

Lakin hadisələr ayrı cür cərəyan etdi. Xalqın qəzəbindən çəkinən hümbətovçular mitinqin təşkilatçılarını və fəal iştirakçılarını təcrid etmək, əhalini qorxutmaq üçün repressiyaya əl atdılar. Avqustun 23-də səhərdən təşkilat komitəsinə quldurların fəaliyyəti haqqında məlumat daxil olmağa başladı. Buna görə ayın 24-nə olan etiraz aksiyasını bir gün qabağa çəkdik. Bu barədə şəhərin hər yerinə xəbər göndərildi".

Avqustun 23-də xalqımızın ümummilli lideri, Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirən Ali Sovetin sədri Heydər Əliyev televiziya ilə xalqa müraciətində "Ayağa qalxın, öz insanlıq mənliyinizi göstərin, vətəndaşlıq mənliyinizi göstərin, namusunuzu, şərəfinizi qoruyun. Azərbaycanın bütövlüyünü qoruyun, Azərbaycan dövlətini qoruyun!" çağırışına lənkəranlılar öz canları, qanları bahasına əməl etdilər.

O gün lənkəranlılar əsl şücaət, qəhrəmanlıq nümunəsi göstərdilər. Fəal gənclərin bir qrupu icra hakimiyyəti binasının və təşkilat komitəsinin üzvlərinin mühafizəsini öz üzərinə götürdü. Meydanda fasiləsiz mitinq gedirdi. Lənkəranda və ətraf rayonlarda baş vermiş hadisələrin günahkarlarının məsuliyyətə alınması və bu işdə heç kəsə güzəşt edilməməsi barədə tələblər səslənirdi.

Bakıdan Milli Təhlükəsizlik naziri Nəriman İmranov, Daxili İşlər naziri Vaqif Novruzov, Müdafiə nazirinin müavini Vahid Musayev və digər məsul şəxslər Lənkərana gəldilər. Ə.Hümbətovun tutulması və hərbi hissənin zərərsizləşdirilməsi üçün təcili tədbirlər hazırlandı.

Hüquq elmləri doktoru, professor, respublikanın Əməkdar müəllimi İbrahim Quliyev o vaxt Astara rayon polis şöbəsinin rəisi vəzifəsində işləyirdi. Ə.Hümbətovun qanunsuz tələblərini yerinə yetirmədiyinə görə bir həftə girovluqda saxlanılmışdı.

Lənkəran hadisələrinin daha bir şahidi, görkəmli dövlət xadimi, Qarabağ müharibəsi veteranı, Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədrinin müşaviri, Yeni Azərbaycan Partiyası və Azərbaycan Ağsaqqallar Şurası İdarə Heyətlərinin üzvü olan İbrahim Quliyev bu barədə deyir: "Avqustun 23-ü Azərbaycanın cənub bölgəsinin tarixinə qızıl hərflərlə yazılmışdır. Həmin gün ümummilli lider Heydər Əliyevin çağırışı ilə lənkəranlılar ayağa qalxaraq respublikamızın ərazi bütövlüyünün parçalanmasına çalışan Əlikram Hümbətovun quldur dəstəsini darmadağın etdilər.

Əhali hümbətovçuların silahını əlindən alıb icra hakimiyyətinin binasını onlardan təmizlədi. Oyuncaq "prezident" isə xalqın iradəsindən və qəzəbindən qorxub bir dəstə silahlı quldurla ərazidəki hərbi hissədə gizləndi. Təəssübkeş, qeyrətli lənkəranlılar hərbi hissəni dörd tərəfdən mühasirəyə aldı. Ə.Hümbətovdan silahı yerə qoymağı, qanuni dövlət orqanlarına təslim olmağı tələb etdilər.

Əliyalın insanlar hərbi hissənin bütün giriş və çıxış yollarını bağlamışdı. Az keçməmiş ilk toqquşma baş verdi. Separatçıların odlu silahlardan açdığı atəş nəticəsində üç nəfər igid, qeyrətli lənkəranlı şəhid oldu, 5 nəfər isə yaralandı.

Vəziyyət barədə xalqımızın müdrik rəhbəri Heydər Əliyevə təcili məlumat verildi. Əvvəl Dilruba xanımla, sonra mənimlə telefonla danışdı. Çalışın ki, sabitlik bərpa olunsun, bütün imkanlarınızdan, nüfuzunuzdan istifadə edib əmin-amanlığı qoruyun, - deyə tapşırıqlarını verdi.

Möhtərəm Heydər Əliyev Dilruba Camalovanın Lənkəran şəhər, mənim isə Astara rayonuna icra hakimiyyəti başçısı vəzifəsinə təyin olunmağımız barədə sərəncam imzalayacağını dedi. Müdrik rəhbərin televiziya vasitəsilə xalqa müraciəti, ağıllı, uzaqgörən məsləhətləri, tövsiyələri, cənub bölgəsinin nüfuzlu ziyalılarının hadisələrdə fəal iştirakı olmasaydı daha çox qan töküləcək, itki verəcəkdik".

Avqustun 24-də Heydər Əliyevin Fərmanı ilə Azərbaycan Respublikasının dövlətçiliyinin, müstəqilliyinin və ərazi bütövlüyünün qorunmasında, Azərbaycan xalqına təcavüz edən cinayətkar ünsürlərə qarşı mübarizədə göstərdikləri igidlik və şücaətə görə Soltan Nemət oğlu Bayramov, Etibar Böyükağa oğlu Əliyev və Paşa Qurban oğlu Təhməzov Azərbaycanın Milli Qəhrəmanı adına (ölümündən sonra) layiq görüldü. Hadisə zamanı yaralanmış 5 nəfərə "Azadlıq uğrunda mübariz" fəxri adı verildi.

Elə həmin gün Bakı şəhərində ümumrespublika müşavirəsi çağırıldı. Ulu öndər müşavirədə geniş nitq söylədi, lənkəranlıların dövlətçiliyə sədaqətini, fədakarlıqlarını yüksək qiymətləndirdi: "Güman edirəm ki, bu gün bu proseslər başa çatacaqdır. Bir daha qeyd edirəm ki, Əlikram Hümbətov kimi quldurun ətrafında yaranmış mif artıq dağıldı, xalq ona öz münasibətini göstərdi. Lənkəran rayonunun icra hakimi Dilruba Camalova fəaliyyətdədir. Qadın bir çox kişilərdən, minlərlə kişidən qeyrətli çıxdı. Başqa rayonlara - Astara rayonuna da, Cəlilabad rayonuna da, Biləsuvar rayonuna da icra hakimləri təyin olunubdur. Digər rayonlara da təyin ediləcək. Bu rayonlarda Azərbaycanın qanuni hakimiyyəti dünən, bu gün bərpa olunub və bərpa olunacaqdır. Azərbaycan dövlətini, dövlətçiliyini bütün bölgələrdə təmin etməyə heç kəs mane ola bilməz".

Lənkəran hadisələrindən 30 il keçsə də Azərbaycanın müstəqilliyini, dövlətçiliyini bütün varlığı ilə qoruyan igid, mübariz qəhrəmanlar heç zaman unudulmur. Hadisələrin ildönümü münasibətilə hər il Lənkəran şəhərinin Paşa Təhməzov küçəsindəki Qəhrəmanlar Parkında anım tədbiri keçirilir.

Lənkəran hadisələrinin təhlili müəyyən nəticələr çıxarmağa imkan verir. Milli dövlətçiliyə, ümummilli liderin siyasi kursuna, Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurlu inkişaf strategiyasına daim sadiq olan lənkəranlılar müstəqil Azərbaycanın dövlətçiliyi, ərazi bütövlüyü uğrunda mübarizəyə hər an hazırdırlar. 44 günlük Vətən müharibəsində lənkəranlı gənclərin fədakarlığı, igidliyi, qəhrəmanlığı bunu bir daha təsdiqlədi.

Əlisəfa HƏSƏNOV,

"Respublika".