“Evelina” bəhanəsi ilə pərdələnmiş Mart soyqırımı
Tarix

“Evelina” bəhanəsi ilə pərdələnmiş Mart soyqırımı

31 Mart soyqırımından əvvəl bolşeviklər Azərbaycanda malakanların yaşadığı ərazilərə gizli məlumat göndərmişdilər ki, müsəlmanlar Bakıda rusları öldürməyə hazırlaşırlar. Şayiələr getdikcə böyüyərək ermənilərin də qulağına çatdı. Xəzər matrosları, eser-menşevik partiyalarının ortaq təbliğatı yeni qətliama zəmin yaratdı. Artıq hadisələrin alovlanmasına bir qığılcım kifayət edirdi.

Azərbaycan milyonçusu Hacı Zeynalabdin Tağıyevin Lənkəranda xidmət edən oğlu Məhəmməd Tağıyev şəhərdə baş verən ixtilafda erməni silahlı dəstələri tərəfindən qətlə yetirildi. Martın 27-nə təyin edilən dəfndə iştirak edəcək müsəlman alayının zabitləri Lənkərandan Bakıya gəldilər. Dəfndən sonra zabitlər "Evelina" gəmisi ilə geri qayıtmalı idilər.  Lakin Bakıda həmin dövrdə "ağalıq" edən Stepan Şaumyan zabitlərin tərk-silah edilməsi barədə göstəriş verdi. Bu hadisə şəhərin müsəlman əhalisini hərəkətə gətirdi, qanlı Mart soyqırımı məhz bu göstərişdən sonra başladı.

Hadisələri Səlim Səyyah adında şair "Bəsirət" qəzetində belə təsvir etmişdi:

Kim unutmuş tam 10 saət dənizdən Ərdəhan,

Tazəpir güldəstəsin tağın edib bombardman

Türkün asari-oğuz sanqələsin etdi nişan,

Məscidi şahə atıb toplar bu işrari-zaman

Bu bağışlanmaz faciə əfvə qabilmi məgər?

Bakı şəhərinin müsəlman əhalisinin narahatlığı bir qədər əvvəl başlamışdı. 1918-ci ilin əvvəllərində Bakıdakı şəhər dumasının fəaliyyəti  "26 Bakı Komissarları" kimi tanıdılan bolşeviklər tərəfindən dondurulmuşdu. Zaqafqaziyanın millətçi partiyaları isə Tiflisdəki Seymdə siyasi məsləhətləşmələrlə, mübahisələrlə məşğul idilər. Bakıda isə "dərə xəlvət, tülkü bəy" vəziyyəti yaranmışdı. Hərbi bolşevik rejimi, yəni Bakı Soveti hakimiyyətdə idi. Onlar demoqrafik vəziyyəti hər an xristianların, ermənilərin və rusların lehinə dəyişmək üçün çalışırdılar. Onsuz da şəhər öz çoxmillətliliyi ilə seçilirdi. Bir növ milli zəmində bölünmə baş verirdi. Yerli idarəçilik sistemi şəhərin müsəlman əhalisini təmsil etməkdən imtina edirdi. Reallıq bundan ibarət idi ki, istər təhsil, istərsə də siyasi çərçivədə müsəlmanlar arxa plana atılırdı. Təbii ki, bunun üçün qəsbkarların əlində bəhanələr var idi. Sözügedən dövrdə ingilislər Ənzəlidə qərarlaşaraq Bakını tutmaq üçün fürsət axtarırdılar. Digər tərəfdən, Gəncədəki Azərbaycan milli hökumətini dəstəkləyən Osmanlı türkləri Qafqaza doğru irəliləyirdi. Hər iki tərəfə qarşı soyuq münasibətdə olan bolşeviklərin lideri Lenin isə Bakını əldən vermək istəmirdi. Belə bir məqamda o, şəhərin idarəçiliyini əliqanlı qatilə - Şaumyana tapşırmışdı. Hayların müsəlmanlara qarşı münasibəti isə heç də təsadüfi deyildi. Rus imperiyası dağıldıqdan sonra ermənilər hakim millətçilik iddiasına düşmüşdülər. "Böyük Ermənistan" xəstəliyi tüğyan edirdi. İmperiyanın dağılmasından sonra Bakıdakı idarəçiliyin zəifləməsi nəticəsində yaranmış boşluğu ermənilər doldurmaq istəyirdilər. Həmin dövrdə Qafqazda və Bakıda fəaliyyət göstərən eser və bolşevik partiyası hayların təbliğatını aparırdı.

Türk ordusunun gəlişindən xəbərdar olan yerli müsəlman və türk əhalinin ruhlanmasından ehtiyat edən cinayətkarlar qəddarlıqlarını daha da artırmışdılar. Bolşeviklər müsəlmanların əlində olan silahları sürətlə müsadirə edirdilər. Elə həmin şayiələrdən lərzəyə düşən erməni əhalisi isə əksinə, sürətlə silahlandırılırdı. Beləliklə, əliyalın dinc azərbaycanlı əhali çıxılmaz vəziyyətə düşdü. 

Bolşevik hökumətinin şəhərdəki "vuran əli", hərbi dayağı isə şəhərin yeganə nizami hərbi qüvvəsi olan ermənilərdən təşkil olunmuşdu. Bolşeviklər daşnaklarla və erməni milli komitələri ilə əlaqəyə girərək dinc əhaliyə qənim kəsilmişdilər. Qeyd edək ki, yerli birləşmələrin əsasını Birinci Dünya müharibəsi cəbhələrində türklərlə döyüşlərdən çıxmış erməni hərbi hissələri təşkil edirdi.

"Evelina" gəmisindəki hərbçilərin tərk-silah edilməsi, müsəlman əhalidən silahların toplanması xalqımıza qarşı qəsdin yaxınlaşdığını xəbər verirdi. Zabitlərin silahlarının geri qaytarılması üçün əhali ayağa qalxmışdı. 30 mart tarixində Təzəpir məscidinə toplaşan sakinlər böyük mitinq keçirdilər. Bolşevik nümayəndəsi kimi danışıqlarda iştirak edən Caparidze söz verdi ki, silahlar zabitlərə qaytarılacaq, lakin bir qədər səbrə ehtiyac var. Əfsuslar olsun ki, bolşevik-daşnak koalisiyası sözünə əməl etmədi.

1918-ci il martın 31-də səhər tezdən daşnak dəstələri azərbaycanlılar yaşayan məhəllələrə hücuma keçdilər. Aldadılmış matroslar hərbi gəmilərdən və təyyarələrdən müsəlman məhəllələrini bombalamağa başladılar. Qeyri-bərabər döyüşdə müsəlmanların müqaviməti dayandırmalarına baxmayaraq, erməni millətçiləri dinc azərbaycanlı əhaliyə divan tutur, onları qılıncdan keçirirdilər. Müsəlmanların soyqırımı aprelin 2-si gecəyədək davam etdi. Daşnak birləşmələri həmin günlərdə "Kaspi" mətbəəsini, "Açıq söz" qəzetinin redaksiyasını, "İsmailiyyə" binasını yandırmış, "Təzəpir" məscidinin minarələrini top atəşləri ilə dağıtmışdılar. Bunun nəticəsində Bakıda və bölgələrdə minlərlə azərbaycanlı qətlə yetirilmişdi.

Nurlan ABDALOV,

"Respublika".