Unudulmayan faciə
Tarix

Unudulmayan faciə

Əsrlər boyu ermənilər tərəfindən xalqımıza qarşı dəfələrlə soyqırımı törədilib ki, onlardan da ən dəhşətlisi Xocalıda baş vermişdir. Bu faciə xalqımızı sarsıtmış, xocalılılara ağır mənəvi zərbə olmuşdur. Xocalılılar hətta faciə günündə belə özünü əsl qəhrəman kimi aparmış, son damla qanlarına qədər qeyri-bərabər döyüşdə igidliklə vuruşmuş və bu şəhərin ölməzlik tarixini yaratmışlar.

Ümummilli Lider Heydər Əliyev Xocalı soyqırımını təkcə Azərbaycan xalqına deyil, eyni zamanda bütün bəşəriyyətə qarşı yönəlmiş tarixi cinayət kimi qiymətləndirib. 1994-cü ildə məhz ulu öndərin  təşəbbüsü ilə Milli Məclisdə 26 fevral "Xocalı soyqırımı günü" kimi qəbul edilib.

2002-ci ildə Milli Məclisdə 1992-ci ilin 26 fevralında Xocalıda  baş verənlər soyqırımı kimi tanınıb. Ümummilli liderimiz hər zaman Xocalı faciəsinə xüsusi həssaslıqla yanaşırdı. Heydər Əliyev faciəni xalqımızın böyük dərdi adlandırmış, eyni zamanda ölkəmizin əsrlər boyu keçdiyi mübarizə, milli azadlıq yolunu şanlı, uğurlu yol kimi dəyərləndirmişdir.

Prezident İlham Əliyev illər öncə qeyd edirdi ki, Xocalı soyqırımı XX əsrin ən böyük cinayətlərindən biridir: "Əfsuslar olsun ki, bu cinayəti törədənlər hələ ki, ədalət qarşısında cavab verməyiblər, amma o gün gələcəkdir".

Bəli, o gün gəldi. Cinayət edib, soyqırımı törədənlər layiqli cəzalarını aldılar. Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryan 29 iyul 2023-cü il tarixdə Ermənistana getmək istəyərkən Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın sərhəd-keçid məntəqəsində saxlanılaraq Bakıya gətirildi və ona 15 il həbs cəzası verildi. Yerli azərbaycanlı əhaliyə qarşı soyqırımı törədərək onun da üzv olduğu cinayətkar dəstə 1991-ci ilin dekabr ayında Xocalı rayonunun Meşəli kəndində 27 nəfər azərbaycanlı qəsdən öldürülüb, 21 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 2 nəfər kənd sakini girov götürülüb, 81 ailə təsərrüfatından ibarət 340 nəfər daimi yaşayış yerlərindən didərgin salınıb.

Bu faciəni yaşamış Xocalı sakini Süsən Cəfərova o günləri belə xatırlayır: "Mən tibb bacısı olduğumdan həkimlə birlikdə yaralı daşıyırdıq. Sonra döyüş şiddətləndi. Biz məcbur olduq ki, bir dəstə adamla dəmiryol körpüsünü və Qarqar çayını keçdik. Buzlu suda ayaqqabılarımı itirdim. Uzun müddət erməni yaraqlılarının hər tərəfdən mühasirəyə aldığı qarlı meşədə gizləndik. Bir qadının qucağında 9 aylıq körpəsi var idi. Körpə ucadan ağlayırdı. Hamımız ələ keçə bilərdik. Anası qorxudan onun ağzını tutmuşdu. Biz  erməni kəndi yaxınlığında bir tarlaya çıxdıq. Orada çox sayda meyit var idi. Ermənilərin səsini eşitdik. Mən yerə uzandım və özümü ölülüyə vurdum. Onlar yanımızda gəzirdilər, inildəyənləri və tərpənənləri öldürdülər... Bütün qalan yolu sürünərək qət etdim.

Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan tam təmizləndi. Prezident İlham Əliyev ötən il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Hazırda yurdlarından didərgin düşmüş və Azərbaycanın 48 rayonunda məskunlaşmış Xocalı sakinləri  isti ocaqlarına tez bir zamanda qayıdacaqlar.

Xalqımız Xocalı soyqırımı qurbanlarını dörd ildir ki, qalib dövlət və xalq kimi etiramla anır. 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan şanlı Zəfər nəticəsində torpaqlarımız Ermənistanın işğalından azad olundu. Azərbaycan Ordusu Vətən müharibəsində düşmən üzərində tarixi qələbə qazanaraq şəhidlərimizin, Xocalının günahsız qurbanlarının qisasını aldı. Bu haqq döyüşündə tarix yazan Azərbaycan ordusu tərəfindən məhv edilən düşmən qüvvələri içərisində Xocalı soyqırımının cəlladları da var idi. Tarixi qələbə qazanan ordumuz bu qətliamın günahsız qurbanlarının qisasını  döyüş meydanında aldı. Xocalıda, eləcə də Qarabağ uğrunda həlak olan bütün şəhidlərimizin ruhu əbədi rahatlığa qovuşdu.

Müşfiq MİRZƏ,

"Respublika".