Azərbaycan Xalq Cümhuriyyəti süqut etdirildi
Tarix

Azərbaycan Xalq Cümhuriyyəti süqut etdirildi

Müsəlman Şərqinin ilk Cümhuriyyəti 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, şanlı tariximizin önəmli səhifələrini təşkil edib, ən əsası isə müstəqilliyin nə olduğunu xalqımıza aşılaya bilib. Məhz buna görə də 1991-ci il 18 oktyabrda xalqımız ayağa qalxaraq Azərbaycanın müstəqilliyini yenidən bərpa edib.

1918-1920-ci illərdə mövcud olmuş AXC-nin varisi olduğunu elan edən müasir respublikamız 70 il öncə elə AXC tərəfindən təsis edilmiş dövlət atributlarımıza yenidən həyat verdi. Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin süqut etməsindən 104 il ötür. Həmin hadisələri, qısa da olsa, xatırlamaq yerinə düşər.

Paris Sülh Konfransı Ali Şurasının Azərbaycan və Gürcüstan Respublikasına silah və hərbi sursat göndərmək haqqında qərar qəbul etməsi sovet Rusiyasının Cənubi Qafqazı işğal etməsi üçün bir bəhanə oldu. Antanta dövlətlərinin Qafqaz respublikalarının müdafiəsi üçün qoşun göndərməsi ehtimalı sovetləri ciddi narahat edirdi.

1920-ci ilin fevralında Şimali Qafqazda Denikin qüvvələrinin sovet Rusiyası tərəfindən məğlub edilməsi Cənubi Qafqazın işğalını daha da yaxınlaşdırdı. Sovet Rusiyasının niyyəti keçmiş imperiyanın ərazilərini yenidən birləşdirmək idi. Əvvəllər sovet hökuməti bunu zor gücü ilə deyil, yumşaq yolla həyata keçirmək istəyirdi. Səbəbi isə özünün beynəlxaq nüfuzuna zərər vurmamaq idi. Buna görə də diplomatik təzyiq vasitələrindən istifadə olunmasına qərar verən sovet Rusiyası 1920-ci ilin yanvar-mart aylarında Azərbaycan Xalq Cümhuriyyəti hökumətinə ard-arda notalar göndərirdi. Həmin notalarda sovet Rusiyası AXC-ni həm hədələyir, həm də Şimali Qafqazdakı ağqvardiyaçı qüvvələrə qarşı birgə mübarizə aparmağı təklif edirdi. AXC rəsmiləri isə cavabında bildirirdilər ki, bu məsələ Rusiyanın daxili işidir. Həmçinin Rusiya ilə müstəqil dövlət kimi qarşılıqlı münasibət qurmaq üçün danışıqlara hazır olduqlarını da bəyan edirdilər. Sovet Rusiyasının növbəti notasında AXC-nin müstəqilliyinin tanınması üçün danışıqlara hələ vaxt lazım olduğunu qeyd edir, ağqvardiyaçılara qarşı ittifaq barəsində təklif yenidən gündəmə gətirilirdi. AXC cavab notasında xalqların öz müqəddəratını təyin etməsinin vacibliyi və sovet Rusiyasının da bunu qəbul etməsi üçün danışıqların aparılması fikri ilə razılaşmadığını qeyd edirdi. Bu dövrdə AXC-nin siyasi dairələrində sovet Rusiyası ilə siyasi və iqtisadi əlaqələrin qurulmasının zəruri olması bildirilirdi.

1920-ci ilin yanvar ayında Bakının neft anbarlarında toplanmış məhsul şəhərin ehtiyac normasından üç dəfə artıq idi. Bu neftin yalnız üçdəbiri ixrac olunurdu. Rusiya ilə iqtisadi əlaqələrin bərpası AXC-nin iqtisadi inkişaf maraqlarına cavab verən mühüm addım ola bilərdi. Təsərrüfatı dağıdılmış və iqtisadi tənəzzül dövrü yaşayan sovet Rusiyası üçün bərpa işlərinin aparılmasında Bakı nefti xüsusilə diqqət mərkəzinə çevrilmişdi. Amma həmin dövlət Bakı neftinin normal iqtisadi yolla alınması haqqında düşünmürdü. Bütün planlar qəsb, işğal üzərində qurulmuşdu. AXC hökumətinin nota mübadiləsində qətiyyətli mövqeyini görən sovet Rusiyası ona qarşı hərbi müdaxilə planının hazırlanmasına başladı və işğalda yerli kommunistlərdən yararlanmaq məqsədilə 1920-ci ilin fevralında ölkəmizdə Azərbaycan Kommunist Partiyasını yaratdı. Planlaşdırılan işğalı Azərbaycan siyasi qüvvələrinin hakimiyyət uğrunda mübarizəsi kimi qələmə vermək istəyən sovet Rusiyası 1918-ci ildən fərqli olaraq yerli kommunistlərin rəhbərliyini azərbaycanlılara həvalə edirdi. Respublikada möhkəm sosial dayaqları olmayan yerli kommunistlərin isə hakimiyyəti ələ keçirmək üçün kifayət qədər gücü yox idi. Belə olduğu təqdirdə onlar sovet Rusiyasının müdaxiləsinə böyük ehtiyac duyurdular.

AXC-nin şimal sərhədlərində ağqvardiyaçılara qarşı güclü müdafiə istehkamının yaradılması həm də Sovet təcavüzünə ciddi maneə hesab olunurdu. Məkrli planın hazırlanmasında bu dəfə də erməni kartı işə düşdü. Onların satqınlığına yaxşı bələd olan Sovet hökuməti Azərbaycanı işğal ssenarisində erməniləri qabağa çəkdi. Ermənistan isə öz növbəsində Azərbaycana olan ərazi iddialarının təmin olunması şərti ilə Sovet hökumətinə yardım təklif etdi. 1920-ci il martın 22-nə keçən gecə Qarabağda separatçı erməni qüvvələri Ermənistanın yardımı ilə Şuşa, Xankəndi, Əsgəran, Xocalı və Tərtərdə yerləşən Azərbaycan Milli Ordu hissələrinə eyni vaxtda hücum etdilər. Milli Ordumuzun Əsgəranda yerləşən 50 nəfərlik dəstəsi sayca dəfələrlə çox olan erməni quldurları ilə qəhrəmancasına vuruşaraq sona kimi döyüş meydanını tərk etmədi. Düşmən buranı ələ keçirsə də, digər istiqamətdə uğursuzluğa düçar oldu. Ermənilərin qəfil təcavüzü AXC hökumətini çox ciddi tədbirlər görməyə vadar etdi. Erməni silahlı qüvvələrinin basqınlarının artmasına, yaratdığı təhlükəni nəzərə alaraq, ölkənin şimal sərhədlərində yerləşdirilmiş milli ordu hissələrinin böyük bir qismini Qarabağa göndərməli oldu. 1920-ci il aprelin 2-də Əsgəran yaxınlığında baş verən döyüşdə Milli Ordumuzun hissələri erməni dəstələrini ağır məğlubiyyətə uğradaraq Əsgəran və Xocalını azad etdi. Ermənistanın ordu hissələrinin Qazax və Naxçıvana basqınları ilə bağlı AXC hökuməti Ordunun müəyyən hissəsini ölkənin qərb sərhədlərinin müdafiəsinə göndərdi. Bu ərəfədə Azərbaycanda hökumət böhranı baş verirdi. Sovet Rusiyasının Cümhuriyyətin ərazisinə soxulduğu bir ərəfədə AXC-nin siyasi qüvvələri heç cür vahid cəbhədə birləşə bilmirdi. Parlamentdə bəzi qüvvələr Sovet Rusiyasına münasibətlərin nizama salınması təklifini irəli sürsələr də, digərləri isə sərt münasibətin tərəfdarıydılar.

Mövcud şəraitdə Azərbaycanda kommunistlər xeyli fəallaşaraq hökumətin sovet Rusiyasına təhvil verilməsini istəyirdilər. Həmin qüvvələrə qarşı sərt tədbirlərdən narazı olan sosialist nazirlərin hökuməti tərk etməsi nəticəsində 1920-ci il martın 30-da Nazirlər Şurasının sədri Nəsib bəy Yusifbəyli istefa verdi. Nazirlər Kabinetinin yenidən qurulması Məhəmmədhəsən Hacınskiyə həvalə edildi. Sosialistlərin və Müsavat partiyasının bir hissəsinin hökumətə daxil olmaqdan imtina etməsindən sonra Hacınski kommunistlərin hökumətdə təmsil olunmasına səy göstərdi. Lakin bu zaman silahlı üsyana fəal hazırlaşan kommunistlər onun təklifini qəbul etmədilər.

AXC hökuməti ölkənin şimal sərhədləri yaxınlığında böyük hərbi qüvvələrini cəmləşdirən sovet Rusiyasından bununla bağlı izahat verilməsini tələb etsə də, təəssüf ki, cavab ala bilmədi. AXC-yə hücum hazırlıqlarını tamamlayan sovet Rusiyasının XI ordusunun komandanlığı Bakının işğalı məqsədilə 1920-ci il aprelin 21-də Yalama-Bakı əməliyyatına başlamaq qərarını verdi. Aprelin 23-də verilən yeni əmrdə artıq bütün Azərbaycanın işğalı nəzərdə tutulurdu. Aprelin 26-dan 27-nə keçən gecə XI ordunun hissələri AXC sərhədlərini kobud şəkildə pozdu. Bir neçə saatlıq döyüşlərdən sonra Yalama və Xudat stansiyalarını ələ keçirən sovet qoşunlarının zirehli qatarları paytaxt Bakıya doğru irəlilədi. Sovet Rusiyasının təcavüzü haqqında xəbər alan hərbi nazir Səməd bəy Mehmandarov Qazax və Gəncədə olan milli ordu hissələrinin Bakının müdafiəsinə cəlb edilməsinə çalışsa da, sovet qoşunlarının Bakıya daxil olması və şəhərə giriş yollarına nəzarət etməsi buna imkan vermədi. Bununla da 1920-ci il aprelin 27-də Azərbaycan Xalq Cümhuriyyəti parlamentin sonuncu iclasında hakimiyyətin yerli kommunistlərə təhvil verilməsi haqqında qərar qəbul etdi. Beləliklə, Azərbaycanın dövlətçilik tarixinində dərin iz buraxan ilk demokratik respublika işğalçı qüvvələrin əlinə keçdi.

Musa BAĞIRLI,

"Respublika".