Şuşada axşamlar yanır işıqlar...
CƏMİYYƏT

Şuşada axşamlar yanır işıqlar...

Gəl, üzündən öpüm Xarıbülbül, gözün aydın olsun, Vətən bağı al-əlvandır. Sən bütün dərdlərə, acılara, həsrətə, hicrana sinə gərdin. İllərlə yağı əlində əsir qalsan, düşmən tapdağında əzilsən də yenə Vətən torpağında boy verib, yenidən dirçəldin. Təslim olmadın düşmənə. Torpağımızda, yurdumuzda şaxələnən köklərin yerin altında saxladı pünhanını, sirrini. Biz Şuşanı, Cıdır düzünü tərk etsək də, sən etmədin. Öz sevgini, vəfanı və dəyanətini göstərdin. Axı, şuşalıların didərgin, köçkün illərində yalnız sən Şuşada qalmışdın. Tək bütün varlığınla döyüşürdün düşmənlə. Etibarını, ismətini, vüqarını qorudun. Səni nə yanağına düşən şeh, tellərinə dəyən meh, xəlvət gələn sirli duman, nə də qəfil yağan narın yağış damlaları qorxutdu. Vətən torpağı uğrunda mübarizəyə qalxan igid oğulları sıldırım qayaları dırmaşıb çıxdığı zaman sən qarşıladın. Şəhid qanı köksünə xal salsa da, gülümsədin, gələcək xoş, firavan günlər uğrunda yaşadın.

Bəli, bu gün Şuşanın çal-çağırlı, toy-bayramlı günləridir. Oğuz elində sevinc-sevincə, fərəh-fərəhə qarışıb. Arzular, istəklər, ümidlər və gümanlar yox, insanlar, həqiqətlər, reallıqlar, uğurlar pərvazlanır. Şuşaya ilk köç oldu, uzun illərin həsrət, ağrı, qüssə, göz yaşından sonra ilk səhərini doğma şəhərində açan insanlar gecəsini sevincdən yata bilməyib, "bəlkə bu bir nağıl"dır deyənlər oldu. İşğal dövründə hər il mayın 8-i xəcalət hissimiz bir az da artır, öz odumuzda qovrulub Şuşa dərdini köksümüzə sıxıb ağlayırdıq. Əgər bir zamanlar,

Gözü yolda qalan Şuşa,

Tellərini yolan Şuşa.

Sən ağlama, mən ağlayım,

Dərdi mənə qalan Şuşa

- deyirdiksə, bu gün sevinclə, fərəflə, "Vətən bağı al-əlvandır" kəlməsini səsləndiririk. Qarabağın incisində, mədəniyyət beşiyimizdə yenə də sevincli günlər yaşanır. Mayın 11-də Şuşanın Cıdır düzündə VII "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirildi. Tədbirdə iştirak edən Müzəffər Ali Baş Komandan İlham Əliyev çıxışı zamanı söylədi: "Arzum budur, əminəm, bütün Azərbaycan xalqının arzusu budur ki, qoy, heç vaxt bu səma altında bir daha top səsləri eşidilməsin. Qoy, bundan sonra burada ancaq musiqi sədaları səslənsin". Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbir mayın 13-dək davam etdi. Mədəniyyətlərin, ortaq türk mədəniyyətinin qovuşduğu məkan idi o gün Şuşa. Özbək müğənnisi, əslən azərbaycanlı Nəsibə Abdullayevanın könül səsi, qəlb çırpıntısı ilə oxuduğu "Qarabağ" mahnısı bütün Azərbaycana yayıldı.

Bu festival həm də keçmiş ənənələrin yeni nəfəsdə, yeni canda, əhvali-ruhiyyədə dirçəlməsini əks etdirirdi. Bizim də uşaqlıq dövrümüzə düşən zamanlarda bütün dövlət tədbirlərinin sonunda "dünyanın Zeynəbi" səhnəyə çıxar, coşqun çıxışları ilə tamaşaçılara sevinc bəxş edərdi. Həmin ənənə eyni qaydada davam etdi. Yenə Zeynəb Xanlarova həmin həvəs və şövqlə, işğaldan azad edilmiş Şuşada ilk dəfə oxudu. Xalq artisti Arif Babayev isə ömrünün ahıl çağında Cıdır düzündə "Pəncərədən daş gəlir, ay bəri bax, bəri bax" avazı ilə sanki ötənlərə, keçmişlərə səslənirdi. Düşmənə, işğal siyasəti ilə öyünənlərə mesaj ötürürdü. Axı, bir qərinə əvvəl də sənətkar festivalda çıxış etmişdi. Keçmişlə gələcəyi qovuşduran, cavanlıqla qocalığı görüşdürən "Xarıbülbül" festivalı yarım qalan ənənələrin, işlərin davamı, yenidən bərpası idi.

İndi Şuşa dünyanın birləşdiyi, qovuşduğu sülhə çağırış, barışıq mərkəzinə çevrilib. Onu da qeyd edək ki, Xarıbülbül Musiqi Festivalı ilk dəfə 1989-cu ildən məşhur muğam ustası Seyid Şuşinskinin 100 illik yubileyi ilə əlaqədar Şuşa şəhərində keçirilməyə başlayıb. Festivalda Yaponiya, ABŞ, Türkiyə, Almaniya, İsrail, İtaliya, İspaniya, Avstriya, Əfqanıstan kimi ölkələrdən və SSRİ respublikalarından olan iştirakçılar çıxış edirdilər. Sonuncu festival 1992-ci ilin may ayında Ağdam şəhərində keçirilmişdir.

Azərbaycan Prezidenti İlham Əliyev 2021-ci il 7 may tarixli Sərəncamı ilə Şuşa şəhərini ölkənin mədəniyyət paytaxtı elan etmişdir. Bu Sərəncamla Vaqif Poeziya Günləri və "Xarıbülbül" festivalı da bərpa olunmuş, 2021-ci il mayın 12-si və 13-də Şuşa şəhərində V "Xarıbülbül" Beynəlxalq Folklor Festivalı keçirilmişdir.

Azərbaycan dövlətinin diqqət və qayğısı nəticəsində alınmaz qalamız öz əzəli, əbədi görkəminə qaytarılır. Bu gün Şuşada sanki zərgərlər işləyir. Hər evə, məhəllələrə, tarixi abidəyə həssaslıqla yanaşılır, keçmiş forma və üslubu saxlanılmaqla bərpa edilir. İncəliklə, şəhərin könlünə, ürəyinə toxunmadan, sevgi ilə kərpic-kərpic, qarış-qarış hörülür. Biz Şuşaya qayıdırıq, uzun illərin həsrətinə son qoyub, müzəffər xalq kimi elimizə, evimizə dönürük. Əgər ötən illərdə mayın 8-ni şəhərin işğal günü kimi xatırlayıb üzülürdüksə, 2020-ci il 27 sentyabr tarixində başlayan Vətən müharibəsində qazandığımız qələbədən sonra buna son qoyuldu. Noyabrın 8-i Azərbaycan ordusunun misilsiz igidliyi və hərb tarixində görünməmiş döyüş taktikası ilə Şuşa işğaldan azad edildi. 44 günlük Vətən müharibəsində hər gün azad edilən kənd və şəhərlərimizin xəbərlərinə sonsuz sevinir və səbirsizliklə Şuşa müjdəsini gözləyirdik. Bu, bizim genefondumuza, milli xüsusiyyətimizə əbədi həkk olunub. Çünki Şuşasız-Qarabağın azadlığı mümkün deyildi. Ulu öndər Heydər Əliyev vaxtilə deyirdi ki, "Şuşa Azərbaycanın gözüdür". Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev növbəti dəfə xalqa müraciət edərək bildirdi ki, müzəffər Azərbaycan Ordusu Qarabağın tacı, qədim və doğma şəhərimizi, Şuşamızı erməni işğalçılarından azad edib.

Dövlət başçısı İlham Əliyevin "Əziz Şuşa, sən azadsan!" dediyi gün bütün yaralarımıza məlhəm, Qarabağ dərdimizə dəva oldu. Bu il may ayının 10-da şəhərə köç edən sakinlərin sevinci isə bir başqa aləm idi. Şuşalılar otuz iki illik həsrətdən sonra öz evlərinə, isti ocaqlarına qayıdırlar. Biz bu günləri illərlə gözləmişdik. Qarabağsız, Şuşasız günlərimizə son qoyuldu. Tariximizə yeni şərəfli səhifələr yazıldı. Digər tikilib-qurulan kənd və şəhərlərimiz kimi, Şuşa da doğma sakinlərinə qucaq açdı. Qarabağa Böyük Qayıdışın Şuşa mərhələsi yetişdi, ilk 20 ailə doğma şəhərinə, isti yuvasına qovuşdu. Bünövrəsi qoyulduğu tarixdən dillər əzbəri olan, şan-şöhrəti dünyaya yayılan, sirlərlə dolu gözəl şəhərimiz yenə də canlanır, dirçəlir.

Ramidə YAQUBQIZI,

"Respublika".