Sülhpərvər cildinə girənlərin planları iflasa məhkumdur
Siyasət

Sülhpərvər cildinə girənlərin planları iflasa məhkumdur

İyunun 22-si saat 13:00-da Kəlbəcər rayonunun Mollabayramlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərimiz Ermənistan silahlı qüvvələrinin üzbəüz istiqamətdəki mövqelərindən atıcı silahlardan yenidən atəşə tutulub. Ümumiyyətlə, son dövrlərdə bu təxribat aktiv şəkildə müşahidə olunur. Erməni silahlı birləşmələri Naxçıvan və Kəlbəcər istiqamətində atəşkəsi pozur, İrəvan rəhbərliyi insidentlərlə bağlı açıqlama verməsə də, vəziyyət göz qarşısındadır. Ermənistan sürətlə silahlanmağa davam edir. Əslində İrəvanın hərbləşdirilməsi təəccüblü deyil. Çünki Ermənistan ağır məğlubiyyətdən sonra Azərbaycanın ərazi bütövlüyünü tanımağa məcbur olub. Belə olan halda iki ölkə arasında yekun sülh müqaviləsinin imzalanmasına prinsipial maneə qalmayıb. Buna görə də Fransa başda olmaqla, regionda maraqları olan qüvvələr Ermənistanı qütblərarası ziddiyyət nöqtəsinə çevirərək, erməni cəmiyyətində revanşizm əhvali-ruhiyyəsi yaratmaqla məqsədlərinə nail olmaq istəyirlər. Yəni dünyada nüfuzunu gündən-günə itirən dövlətlər siyasi, iqtisadi maraqlarını təmin etmək üçün iki qonşu ölkə arasında münaqişəni qızışdırmaqdan, qonşu dövlətləri müharibəyə təhrik etməkdən çəkinmirlər. Bu prosesin başında isə Fransa dayanır.

44 günlük müharibə və 23 saatlıq antiterror tədbirlərindən sonra Parisin ölkəmizə qarşı "səlib yürüşü", qarayaxma kampaniyası intensiv xarakter alıb. Makron hökumətinin təşkilatçılığı ilə Fransa Senatı, Avropa Parlamenti tərəfindən qəbul edilən qərəzli, birtərəfli, əsassız qətnamələr, eləcə də Avropa Şurası Parlament Assambleyasında ölkəmizin nümayəndə heyətinin səs hüququnun dondurulması haqqında qərar bunu əyani göstərir. Digər tərəfdən isə rəsmi Paris beynəlxalq ictimaiyyəti aldatmağa yönəlik addımlar atır, Azərbaycanı aqressiv ritorikada təqsirləndirir. Makron hökumətinin bütün bu çirkin fəaliyyətini ölkəmizin COP29 kimi mühüm beynəlxalq tədbirə ev sahibliyi etdiyi bir dönəmdə qəsdən daha da intensivləşdirməsi bumeranq effekti yaradır. Son günlər Yelisey sarayı öz istehsalı olan "CAESAR" özüyeriyən haubitsaların tədarükünə dair Ermənistanla müqavilə imzalayıb. Fransanın müdafiə naziri Sebastyan Lekornu "X" sosial şəbəkəsində yazıb ki, Ermənistanla müdafiə sahəsində əlaqələri gücləndirməkdə davam edirik. Haubitsaların tədarükü bu məsələdə yeni və mühüm mərhələdir. Belə bir müqavilənin imzalanması bir daha təsdiq edir ki, Paris "sülhməramlı missiya" adı altında regionda qanlı müharibə ssenariləri planlaşdırır. Faktlar açıq-aydın göstərir ki, Fransa Cənubi Qafqazda sülh prosesinə kobud şəkildə müdaxilə edir və daha gizli planlar qurur. Bu, əslində, demokratiya, humanizm deyil, təcavüzkar Ermənistanı revanşist mövqeyini davam etdirməyə həvəsləndirmək, qarşıdurmanı kəskinləşdirmək, yeni müharibəni alovlandırmaq cəhdidir. Yəni bütün zamanlarda ermənipərəst mövqeyini gizlətmədən bu ölkəyə yardım edən Fransa fitnəkar siyasəti ilə hayların ölmüş ümidlərini "dirçəltməyə" can atır. Afrikada ciddi problemlərlə üzləşərək ağır vəziyyətə düşən Fransa Cənubi Qafqazda da pozucu fəaliyyətindən əl çəkmir və durumu gərginləşdirməyə davam edir.

Bir maraqlı məqamı da qeyd etmək lazımdır ki, bu, Ermənistan və Fransa müdafiə nazirləri arasında cari il ərzində baş tutan ikinci görüşdür. Bundan əvvəlki görüş fevral ayında İrəvanda keçirilib. Həmin vaxt 5 aydan sonra ilk dəfə atəşkəs pozulmuşdu. Hazırkı dövrdə də ermənilərin fransızlarla təmaslarından sonra ardıcıl şəkildə ordumuzun mövqeləri atəşə tutulur. Bu faktları ümumiləşdirərək deyə bilərik ki, son dövrlərdə artan təxribatın arxasında məhz Fransa-Ermənistan cütlüyünün siyasi məqsədləri dayanır. Onlar şərti sərhəddə gərginlik görüntüsü yaratmaqla İrəvana silah yardımını artırmaq, bu ölkəni sürətlə hərbiləşdirmək istəyirlər. Yelisey sarayının məqsədi Ermənistan üzərindən Rusiyaya uzanan NATO körpüsü yaratmaq və ya Moskvaya ikinci cəbhəni açmaqdır. Amma bu proses atəşkəsin pozulmasından da göründüyü kimi, Cənubi Qafqazdakı sülh və sabitliyi təhdid edir, rəsmi Bakı və İrəvan arasında münaqişə ehtimalı artır. Görünən odur ki, xarici təhlükəsizlik çətiri axtarışında olan Paşinyan hökuməti avantüraya gedir, beynəlxalq siyasi mərkəzlər tərəfindən formalaşdırılan və öz iradəsindən kənar olan siyasət yürüdür. Əgər Ermənistan regional sabitliyi deyil, Qərbin təhrikçi yolunu tutsa, ağır nəticələrlə üzləşməli olacaq. Bunun üçün təkcə bir məqama nəzər yetirmək kifayət edir. Belə ki, dünya ölkələrinin hərbi gücünü analiz edən məşhur "Globalfirepower" beyin mərkəzinin siyahısına əsasən 2024-cü ildə Azərbaycan ordusu 59-cu, Ermənistan ordusu isə 102-ci yerdə qərarlaşıb. Yəni ortada son dərəcə böyük bir fərq var. Üstəlik, sözügedən siyahıya əsasən Türkiyə 1 il ərzində 3 addım irəli gedərək 8-ci yerə yüksəlib. Fransa 11-ci, İsrail isə 17-ci yerdədir.

Ermənistanın Azərbaycanla silah arsenalını zənginləşdirmək üçün yarışa çıxması perspektivli görünmür. Sadəcə rəsmi Bakı indiki məqamda buna ehtiyac duymur. Çünki Azərbaycan hökuməti və xalqı sülhün, regionda sabitliyin bərpasının tərəfdarıdır. Bununla belə, dövlət başçısı bu ilin əvvəlində yerli telekanallara müsahibəsində bildirib ki, bizə qarşı real təhlükə yaransa, biz preventiv addımlarla o təhlükəni istənilən nöqtədə məhv edəcəyik. "Mən bunu gizlətmirəm ki, sabah heç kim deməsin nəsə gözlənilməz oldu" deyən Ali Baş Komandan Ermənistana xəbərdarlıq edərək bəyan edib ki, o, nə qədər silah alsa da, onlara nə qədər ürək-dirək versələr də, əgər bizə qarşı hər hansı bir təhlükə mənbəyi olsa, biz dərhal o təhlükə mənbəyini məhv edəcəyik. Yəni Ermənistan da, Fransa da adekvat cavabın özünü çox gözlətməyəcəyini hər an gündəmdə saxlamalıdır.

Jalə QASIMZADƏ,

"Respublika".