Ermənilərin Azərbaycana reinteqrasiya olunmaqdan başqa yolu yoxdur
Siyasət

Ermənilərin Azərbaycana reinteqrasiya olunmaqdan başqa yolu yoxdur

"Prezident İlham Əliyev iyulun 22-də Şuşada “Euronevs” televiziya kanalına verdiyi müsahibədə Qarabağda yaşayan ermənilərin reinteqrasiyası ilə bağlı mühüm bir məsələyə toxundu. Bu gün Qarabağda yaşayan ermənilərin Azərbaycana reinteqrasiya olunmaqdan başqa yolu yoxdur. Çünki Azərbaycan ərazisində başqa bir dövlətin vətəndaşları və ya özlərini qondarma bir dövlətin nümayəndələri adlandıranların yaşamaqlarına davam etməsi mümkün deyil".

Bu sözləri "Respublika"ya açıqlamasında millət vəkili Azər Badamov bildirib.

Deputat, həmçinin qeyd edib ki, Ermənistan yenə də ölkəmizin daxili işlərinə qarşımaq məqsədi ilə Laçın sərhəd-keçid məntəqəsinin qarşısında humanitar yük adı altında avtomobil karvanı saxlayaraq siyasi manipulyasiyaya əl atır:

"Əgər Qarabağda yaşayan ermənilərin humanitar yardıma ehtiyacı varsa, bunu Azərbaycan təmin edə bilər. Ermənistan öz vətəndaşlarının humanitar problemlərini həll edə bilmədiyi halda, Qarabağda yaşayan erməni əsilli Azərbaycan sakinlərinə humanitar yardım göndərməsi gülməlidir və bu, ancaq beynəlxalq ictimaiyyətin diqqətini çaşdırmaq məqsədi daşıyır. Azərbaycanın Qarabağda yaşayan ermnilərə təklif etdiyi Ağdam -Xankəndi yolu yenidən qurularaq tam rahat və təhlükəsizdir. Azərbaycan öz ərazisində yaşayan erməni əsilli sakinlərinə hərtərəfli yardım göstərməyə hazırdır. Ermənistan və separatçılar Ağdam -Xankəndi yolundan istifadə olunduğu təqdirdə reinteqrasiya prosesinin sürətlənəcəyindən qorxur. Çünki, Ermənistan öz çirkin niyyətlərindən əl çəkmək istəmir. Cənab Prezidentin müsahibəsindən sonra Qarabağda yaşayan ermənilərdən Azərbaycan vətəndaşlığını almaq üçün yaradılmış qaynar xəttə müraciət edənlərin sayı gün keçdikcə artır. Əslində Qarabağda yaşayan sadə ermənilər azərbaycanlılarla birgə yaşamaqda bir problem görmürlər. Hətta Laçın yol çəkildəndə azərbaycanlılar ermənilərlə heç bir problem olmadan bir başa  ünsüyyət yaratmışdılar. Bu, bir daha reinteqrasiya prosesində heç bir çətinliyin olmadığını göstərir". 

Azər Badamov Qarabağda yaşayan ermənilərin separatçıların girovluğundan azad olunmasının vacibliyini də vurğulayıb:

"Kimlər Azərbaycanda yaşamaq istəyirlərsə vətəndaşlıq alaraq qalmalıdırlar. Kimlərsə özlərini Azərbaycanın tərkibində görmək istəmirlərsə özlərinə yeni yaşayış yeri axtarsın. Azərbaycanın öz ərazisində dövlət quruluşunun bərpası beynəlxalq hüquq normalarına uyğundur və heç kim daxili işlərimizə qarışa bilməz. Azərbaycan çoxmillətli və çoxkonfensiyalı dövlətdir.  Ölkəmizdə yaşayan bütün xalqların nümayəndələri özlərini çox rahat hiss etdiyi halda Qarabağda yaşayan ermənilər necə olur ki, yaşaya bilməsin. Əgər kimsə Azərbaycanda yaşamaq istəmirsə, problem onun özündədir. Bütün bunları nəzərə alaraq qeyd etmək istəyirəm ki, Qarabağda yaşayan ermənilərin reinteqrasiya olunmaqdan başqa yolu yoxdur. Onlar nə qədər tez reinteqrasiya prosesinə qoşularsa, öz yaşayışları və gələcəkləri  üçün yaxşı olar".

Nəzrin ELDARQIZI,

"Respublika".