Siyasi avantüra ifşa olunur
Siyasət

Siyasi avantüra ifşa olunur

Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti 2023-cü ilin oktyabr-dekabr aylarında ölkədə iğtişaşlara hazırlıq barədə məlumat verib. Təhlükəsizlik Xidmətinin bəyanatına görə, iğtişaşlar xarici ölkələrin koordinasiyası və maliyyə dəstəyi ilə planlaşdırılıb.

Oktyabrın 2-də dərc edilmiş araşdırma məlumatında deyilir ki, Serbiya vətəndaşları Sinişa Saykman, Yelena Stoysiç və Slobodan Jinoviç USAID proqramı çərçivəsində Şərq-Qərb İdarəetmə İnstitutunun dəvəti ilə 25 sentyabr 2023-cü il tarixində Gürcüstana gəliblər. Adıçəkilən şəxslər Tbilisidəki "İbis" hotelində dörd gün ərzində (26-29 sentyabr) qeyri-hökumət təşkilatlarının nümayəndələri üçün "hökuməti necə devirmək, polisə necə müqavimət göstərmək və təşkilatlanmaq" mövzusunda təlimlər keçiriblər. CANVAS və "Şərq-Qərb İdarəetmə İnstitutu" vasitəsilə təşkil edilmiş bu təlimlər USAID tərəfindən maliyyələşdirilib. Gürcüstan DTX-nın rəyi budur ki, USAID-in bu tədbiri "xərçəng xəstəliyindən əziyyət çəkənlərə yardım" adı altında keçirməsi sadəcə fikri azdırmaq niyyəti güdür. Məqsəd gürcü fəallar üçün "iğtişaşları qızışdırmaq və hökumətin devrilməsinə yönəlmiş təlimlərin" keçirilməsini təmin etmək olub. Təlim iştirakçılarına zorakı etirazlar, piket xətləri, nəqliyyatın pozulması və hökumət binalarının işğalı ilə bağlı dərslər verilib.

Bununla da Amerika Birləşmiş Ştatları uzun müddətdir ki, başladığı yeni inqilab strategiyasını ifşa edib. Vaşinqtonun bu qara planında ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) ön sırada durur. Əslində bir az keçmişə baxsaq, təşkilatın belə addımlarının ilk olmadığını açıq-aydın görərik. Söhbət milyonlarla insanın ölümünə səbəb olan və hələ də qalıqları mövcud olan 2010-cu ilin dekabrında başladılmış "Ərəb baharın"dan gedir. Nəticəsi ərəb ölkələri üçün çox ağır olan bu inqilab dalğasında maraqlı bir faktı görmək mümkündür. İlk olaraq, Tunisdə başlayan etiraz aksiyaları daha sonra Misir, İraq, İordaniya, Livan, Mərakeş, Fələstin, Suriya, Liviya, Yəmən olmaqla ərəb dünyasının böyük əksəriyyətinə sıçramışdı. Məhz iğtişaş ocaqlarında ikitərəfli missiya və missiyasız şəkildə USAID-ın izlərini görmək mümkündür. Rəsmi olmasa da, ABŞ-ın USAID vasitəsilə Gürcüstan ssenarisini ilk dəfə qatı şəkildə ərəb ölkələrində yoxladığı güman edilir. Məhz "Ərəb baharı" keçirən ölkələrin bəzilərində bu gün hələ də iğtişaşlar davam edir, bəzilərində isə etirazçılar istədiklərinə nail olub mövcud hakimiyyəti devirsələr də, yeni gələn ABŞ dəstəkçisi dövlət başçıları ölkənin maliyyə sektorunu Amerika Birləşmiş Ştatlarına bağlamağa çalışıb ki, bu da əhalinin yenidən "köhnə günlərə" qayıtmasına səbəb olub.

2010-cu ildə başlayan "Ərəb baharı" dalğası Azərbaycandan da yan keçməmişdi. USAID-ın Azərbaycanda aktlivliyini artırdığı dövrdə qanunsuz keçirilən etiraz aksiyaları və həmin dövrdə bir sıra təşkilatların Azərbaycanı qınayan bəyanatlar yayması bəlli olduğu kimi, sifarişlə başladılan əməliyyatların ilk ssenarisi idi. Lakin ölkəmiz yeni bir parçalanmanın qarşısını qətiyyətlə aldı. Bakı şəhərindən əlavə olaraq bəzi bölgələrdə də baş tutan etirazlar nədənsə USAID-ın "kənd təsərrüfatına qayğı" göstərdiyi yerlərdə özünü daha qatı şəkildə büruzə verdi. Həmçinin "Ərəb baharı" fonunda əvvəllər özünü "Əl-qaidə" terror təşkilatının bir qolu, daha sonra isə "müstəqil" adlandıran "İŞİD" terror təşkilatı azərbaycanlı gəncləri zəhərləməyə çalışırdı.

 Maraqlıdır ki, USAID-ın mart ayında keçirdiyi "demokratiya sammitinin" şəffaflığı bu gün də sual altındadır. ABŞ-ın 5-ci kolonlarının illik yığıncağı mahiyyətini daşıyan bu sammit açıq-aydın göstərdi ki, insan hüquqları və demokratiya Vaşinqton üçün üçüncü və dördüncü dərəcəli məsələlərdir. Məhz nəhəng dövləti maraqlandıran daha mühüm məsələ Azərbaycan kimi konstitutsion, müstəqil idarə və suveren sistemə malik dövlətləri öz əlaltısına çevirməkdir. Artıq çəkinmədən digər ölkələrin daxili işlərinə müdaxilənin USAID və sorosçular vasitəsilə həyata keçirilməsinə başlandı. Ermənistanın qonaq kimi dəvət olunduğu bu sammitə Azərbaycan, Türkiyə və Macarıstan kimi suveren dövlətlərin çağırılmaması bir daha bunu sübut etdi. Ölkəmiz dövlət müstəqilliyini bərpa etdikdən sonra USAID, NED, Fridrix Nauman, Marşall, İREX və digər bu kimi qurumlar ölkəmizdə "5-ci kolon" formalaşdırmaq və öz iradələrini diktə etmək istəyiblər. 2000-ci ilin əvvəllərindən başlayaraq postsovet məkanında baş vermiş rəngli inqilablar, sonrakı dövrdə Yaxın Şərqi qarışdırmış siyasi kataklizmlər Qərbin formalaşdırdığı şəbəkələrin yaxından iştirakı ilə baş tutub. Məhz bu cür milli mənafeyə zidd fəaliyyətlərin qarşısını almaq məqsədilə Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının xaricdən maliyyələşməsinin qarşısı alındı. Bununla yanaşı, USAID Azərbaycanda bir sıra mühüm layihələr həyata keçirməsinə baxmayaraq, zaman-zaman anti-Azərbaycan siyasəti ilə də gündəmə gəlib. Bunun daha bariz nümunəsini isə Vətən müharibəsindən sonra faktlarla aydın şəkildə gördük. Xocavənd rayonunun 2020-ci ilin oktyabrında Azərbaycan ordusunun işğaldan azad etdiyi ərazilərində işğal dövründə USAID tərəfindən tibb məntəqəsinin tikilməsi və lazımi avadanlıqlarla təchiz edilməsi barədə fotolarla birgə məlumatlar yayıldı. Bütün bunlar isə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin artıq tarixə qovuşan separatçı rejimə işğal dövründə dəstək verdiyini sübut edir. Bu isə qəbuledilməz və yolverilməzdir. Ölkəmizə qarşı anti-Azərbaycan maraqları güdən dairələr sonda həmişə məğlubiyyətə düçar olub və bundan sonra da eyni situasiya davam edəcək. Qısaca, yeni inqilab strategiyası adı altında aparılan siyasi avantüra heç bir təsiredici izlər buraxa bilməyəcək...

Tacir SADIQOV,

"Respublika".