Fransanın bəşəriyyətə üzr borcu mütləqdir
Siyasət

Fransanın bəşəriyyətə üzr borcu mütləqdir

Fransa tarixi başdan-başa müstəmləkəçilik siyasəti ilə zəngindir. Vəziyyət o həddə çatıb ki, yeni müstəqillik qazanmış ölkələrdə belə vandal fransız izlərini görmək mümkündür.

Bəzi dövlətlərin bayraqlarında, bəzilərinin adlarında, bəzilərinin isə dillərində kolonialist Fransa damğası açıq-aydın sezilir. Hətta Fransa hökuməti istər keçmişdə, istərsə də indinin özündə tabeliyindən çıxan ərazilərdəki dövlətləri milyonlarla dollar həcmində təzminat ödəməyə məcbur edir. Müasir dövrdə dünyaya sülh mesajları verən, özünü ən ali dəyərlərin daşıyıcısı kimi göstərən fransızlar tarix boyu saysız-hesabsız qətliamlar törədiblər.

Dünyanı qana boyayan Fransa hökuməti bu yay Olimpiya oyunlarına, bütün xalqları sülh və əmin-amanlıq üçün bir yerə toplamağa hədəflənmiş tədbirə ev sahibliyi edəcək. Məhz Olimpiya oyunlarının rəmzi olan məşəl bu gün bütün xalqları mehriban şəkildə "bir ocaq" ətrafında toplamaq üçün deyil, fransız zülmünün ört-basdır edilməsi üçün yanır. Törədilən qətliamların hesabı, azadlıq mücadilələri isə bu məşəlin içində yanaraq külə dönür.

Fransa dünyada mövcud olmuş ən qədim xalqlardan biridir. Lakin onların tarixi qanla yazılıb. Bu gün də eyni siyasət davam etdirilir. Bu dövlət Əlcəzairdə Setif, Gelta və Sena qətliamları başda olmaqla 1832-1962-ci illər arasında, yəni rəsmi Əlcəzair öz müstəqilliyini elan edənə qədər ümumilikdə 1,5 milyon günahsız əlcəzairlinin həyatına son qoyub. Bu göstərici isə Afrika qitəsində öldürülən sivil insanlarla nisbətdə çox cüzidir. Fransa təkcə bu ərazilərdə qətliam törətməklə kifayətlənməyib, həm də kütləvi zəhərləmə həyata keçirib. Ötən əsrdə Əlcəzairin bəzi şəhərlərində Fransa tərəfindən 17 nüvə sınağı gerçəkləşdirilib. Digər tərəfdən, rəsmi Paris bu gün belə aşkar edilməmiş kimyəvi, radioaktiv və zəhərlənmiş tullantıların yerləşdiyi ərazilərə dair topoqrafik xəritələri Əlcəzair tərəfinə təqdim etməkdən imtina edir. Təkcə Əlcəzair ərazisinə 5 milyondan artıq mina basdıran Fransa hələ də bu tip vandal əməllərini ciddi cəhdlərlə ört-basdır etməyə çalışır.

Son vaxtlar isə Fransanın müstəmləkəçilik siyasətinə qarşı etiraz aksiyaları güclənib. Hazırda fransızların neokolonialist addımlarına qarşı ən böyük etiraz dalğası Yeni Kaledoniyada baş verir. Burada yaşayan yerli xalqlar - kanaklar Fransa hökuməti tərəfindən sıxışdırıldıqlarını bildirirlər. Belə ki, kanak xalqının azadlıq səsini boğan Yelisey sarayı bölgənin demoqrafik vəziyyətini dəyişməyə çalışır, fransızları Yeni Kaledoniyaya köçürür.

Fransa Senatı və Milli Assambleyanın Yeni Kaledoniyada konstitusiyaya qanunsuz dəyişiklik etməyə başlaması kəskin etirazla qarşılanıb. Belə ki, orada 10 ildən artıq yaşayan şəxslərə (fransızlara) parlamentdə regional seçkilərdə iştirak etmək hüququnu nəzərdə tutan qanun layihəsi təsdiqlənib. Bu isə seçki elektoratını qeyri-kanaklar hesabına artırmaq məqsədi daşımaqla bərabər, mütəmadi olaraq baş verən etiraz aksiyalarının kütləviliyini azaltmağa hesablanıb. Lakin bu, haqlı olaraq əks-təsir doğurub. Sözügedən qərardan sonra hiddətlənən kanaklar küçələrə axışaraq bu ədalətsizliyə qarşı çıxıblar. Yelisey sarayı dinc etirazların qarşısını almaq üçün Yeni Kaledoniyada komendant saatının tətbiqi ilə bağlı qərar qəbul edib, polis isə yerli əhaliyə qarşı ciddi şəkildə zorakılıq törədir. Son məlumata görə, 100 nəfər həbs olunub, 10-a yaxın günahsız kanak öldürülüb.

Ümumiyyətlə, Fransa hökumətinin ayaq basdığı hər yer qan çanağına çevrilir. Yelisey sarayının sərgilədiyi despotik yanaşma və bu ölkənin prezidenti Makronun diktatura rejimi azadlıq tələb edən xalqlara qarşı keçilməz sədd çəkir. Lakin bu qeyri-bərabər mücadilənin gedişatı son dönəmlərdə dəyişir. Belə ki, kanak xalqına ən böyük dəstək məhz Azərbaycandan gəlir. Ölkəmiz hələ Qoşulmama Hərəkatına sədrliyi dövründə bu məsələni qabartmış, Yeni Kaledoniya və fransız müstəmləkəçiliyindən əziyyət çəkən digər xalqların azadlıq mübarizəsinin beynəlxalq arenaya daşınmasında əvəzsiz xidmətlər göstərmişdir. Elə Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 6 iyul 2023-cü ildə Bakıda "Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru" konfransın iştirakçıları tərəfindən yaradılan Bakı Təşəbbüs Qrupu da bu amala xidmət edir. Yarandığı gündən mütəmadi olaraq Fransa müstəmləkəçiliyinə etiraz olaraq konfranslar keçirən qurum son hadisələrə də səssiz qalmayıb. Belə ki, mayın 14-də Fransa hakimiyyəti tərəfindən Yeni Kaledoniyada kanakların həbs olunmasına və mülki şəxslərə qarşı zorakılığa dair bəyanat yayan Bakı Təşəbbüs Qrupu bu ölkənin təhlükəsizlik qüvvələrinin kanak xalqına qarşı törətdiyi zorakılıqlardan dərin narahatlığını ifadə edib. Bu məqsədlə ikinci dəfə, mayın 16-da Bakı Təşəbbüs Qrupu və Fransanın son koloniyaları olan Kanaki (Yeni Kaledoniya), Maohi Nui (Fransız Polineziyası), Fransız Qvianası, Martinika, Qvadelupa və Korsikada müstəqillik uğrunda mübarizə aparan 14 siyasi hərəkat birgə bəyanat yayıb. Fransanın müstəmləkəçi siyasətini tənqid edən qurum beynəlxalq ictimaiyyəti kanak xalqının azlığa çevrilməsinə aparan bu iyrənc müstəmləkəçilik siyasətinə göz yummamağa səsləyib. Bəyanata qoşulanlar həyəcan təbili çalaraq BMT Təhlükəsizlik Şurasından Fransa tərəfindən beynəlxalq hüququn pozulmasının pislənilməsini tələb ediblər.

Göründüyü kimi, Fransa müstəmləkəçiliyindən əziyyət çəkən xalqlar üçün ümid işığı olan Azərbaycan bu sahədə səylərini getdikcə artırır. Yeni Kaledoniyanın kanak xalqı da məhz bu xoşməramlı dəstəyi hiss edir və dinc aksiyalar zamanı Azərbaycan bayrağını dalğalandırmaqla ölkəmizə bir növ öz təşəkkürünü bildirir. Ölkəmiz isə neokolonialist və imperialist düşüncələrə qarşı mübarizə aparmaqla yanaşı, öz müqəddəratını özü təyin etmək istəyən xalqların da haqq səsinə çevrilib.  Bu isə qaniçən Makron hakimiyyətinin təbii ki, xoşuna gəlmir. Dəfələrlə Azərbaycanı beynəlxalq arenalardan uzaqlaşdırmaq istəyən Yelisey sarayı bununla öz cinayətlərini ört-basdır etməyə çalışır. Prezident Emmanuel Makronun ofisindən ölkəmizə qarşı mütəmadi olaraq yeni siyasi hücum planları qurulur. Fransanın daxili işlər naziri Jeral Darmanənin mayın 16-da "France-2" telekanalına müsahibəsində Azərbaycana qarşı səsləndirdiyi təhqiramiz ifadələr də bir daha bu kin-küdurəti təsdiqləyir.

Müstəmləkə əməllərinin büsbütün ifşa olunması xofundan qorxuya düşən Yelisey sarayı bu yolla yerli xalqların haqq səsinin beynəlxalq tribunalara çıxmasının qarşısını almağa çalışır. Lakin Fransa höküməti bu prosesi də düzgün şəkildə apara bilmir. Bu gün "azad fransız media"sı vasitəsilə Yeni Kaledoniyadakı hadisələrin əsl üzünü işıqlandırmalı olan Fransa hökuməti Azərbaycanı baş verən iğtişaşların səbəbkarı kimi təqdim edir. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə məsələyə münasibət bildirərək Jeral Darmanənin ölkəmizə qarşı və Azərbaycanla Yeni Kaledoniyanın müstəqillik tərəfdarlarının liderləri arasında iddia olunan münasibətlərə dair səsləndirdiyi növbəti əsassız fikirləri tamamilə rədd edib. XİN rəsmisi həmçinin qeyd edib ki, Fransa daxili işlər nazirinin öz ölkəsinin uzun illər həyata keçirdiyi müstəmləkəçilik siyasətinin tərkib hissəsi kimi yerli xalqlara qarşı insanlıq əleyhinə cinayətlər törətməsini, milyonlarla günahsız insanın vəhşicəsinə qətlə yetirilməsi tarixini xatırlaması daha münasib olardı: "Bununla yanaşı, Fransanın daxili işlər naziri Azərbaycanı Yeni Kaledoniyada müstəqillik tərəfdarlarının etirazlarını dəstəkləməkdə ittiham etmək əvəzinə, ölkəsinin bu cür etirazlara səbəb olan dənizaşırı bölgələri ilə bağlı uğursuz siyasətinə diqqət yönəltməlidir. Biz bir daha Fransanı ölkəmizə qarşı əsassız iddiaları dayandırmağa çağırırıq".

Haqq səsinin boğazına kəndir salmaq istəyən Fransa hökuməti bu çirkin əməllərinin ört-basdır edilməsinə sona qədər nail ola bilməyəcək. Qoşulmama Hərəkatına sədrliyimiz dövründə cənab İlham Əliyevin təşəbbüsü ilə başladılan xoşməramlı missiya bu gün uğurla həyata keçirilir. Azərbaycan xarici siyasətdə Fransa hökuməti tərəfindən yaradılan süni maneələrə baxmayaraq, öz işini davam etdirir. Dünya birliyi isə Azərbaycanın 30 illik dövrdə haqq səsinə cavabsız qaldığı kimi, kanakların üzləşdiyi işgəncələrə də susur. Kanaklar beynəlxalq təşkilatlardan ədalətli qərar tələb edir. Onların bu səsinə isə təəssüf ki, ölkəmizdən başqa səs verən yoxdur. Belə ki, bəşəri cinayətlər törədən Fransa  öz ölkəsində bu yay Olimpiya oyunları təşkil edəcək. Əli qana bulaşmış hökumət bu cür birliyə və əmin-amanlığa sövq edən tədbirlərə ev sahibliyi etməyə layiq deyil. Bu baxımdan, hər nə qədər gec də olsa, Fransanın oyunlara ev sahibliyi məsələsinə yenidən baxılmalı, ilk öncə onun törətdiyi vəhşiliklər gündəmə çıxarılmalıdır. Fransa isə öz növbəsində, tarixi keçmişindən və bu günündən utanmalı, bəşəriyyətdən üzr istəməlidir.

Tacir SADIQOV,

"Respublika".