Sərhədlərin müəyyən edilməsində konstruktivlik nümayiş olunur
Siyasət

Sərhədlərin müəyyən edilməsində konstruktivlik nümayiş olunur

Azərbaycanın Ermənistana təklif etdiyi sülh müqaviləsində dövlətlərin suverenliyi, ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı əsas götürülür. Eyni zamanda hər iki dövlətin bir-birinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi, diplomatik münasibətlərin qurulması, nəqliyyat və kommunikasiyaların açılması, dövlət sərhədinin delimitasiya, sonra isə demarkasiyası kimi şərtlər irəli sürülür. Müstəqil dövlətimiz yalnız bu şərtlərin yerinə yetiriləcəyi təqdirdə qarşı tərəflə sülh müqaviləsi imzalamağa hazır olduğunu bəyan edir.

44 günlük müharibədən sonra münasibətlərin normallaşması üçün mühüm təklif və təşəbbüslərlə çıxış edərək sərhədlərin delimitasiya və demarkasiyasının, kommunikasiyaların açılmasının vacibliyini bildirən Prezident İlham Əliyevin düşünülmüş siyasəti, düzgün strategiya və taktikası nəticəsində son vaxtlar sülh prosesinə daha çox yaxınlaşma müşahidə olunur. Belə ki, Qazax rayonunun Ermənistanın işğalı altında olan kəndlərindən dördünün geri qaytarılması və iki ölkə arasında sərhədlərin delimitasiyasına Azərbaycanın təklifi ilə məhz Qazaxdan başlanması bu istiqamətdə əldə olunan daha bir nailiyyətdir. Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda keçirilən beynəlxalq forumda tədbir iştirakçılarının suallarını cavablandırarkən ötən il ərzində ölkəmizdə müsbət məcrada cərəyan edən hadisələrdən, o cümlədən Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması və sərhədlərin delimitasiyasından bəhs edib: "Atdığımız addımların nəticələrinin daha bir nümunəsi sərhədin delimitasiyasıdır. Əlbəttə, iki ölkə, xüsusilə də iki xalq arasında daha çox etimadın artırılması üçün görüləcək işlər çoxdur. Lakin burada əsas məsələ tendensiyanın nədən ibarət olması, hansı istiqamətdə irəliləməyimizdir və söylədiklərimin bariz nümunələri var". Buna ən bariz nümunə isə postmüharibə dövründə baş tutan görüşlərdə sülh sazişinin imzalanması, sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı sərhəd komissiyalarının birgə iclaslarının baş tutması, təşkilati və prosedur məsələlərinin nəzərdən keçirilməsi, bölgədə sülhün, əmin-amanlığın təmin olunması yollarının müzakirə edilməsidir.

İkinci Qarabağ müharibəsində qalibiyyətimiz, Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılması ilə ərazi bütövlüyümüzün, ötən il həyata keçirilən antiterror tədbirləri ilə isə suverenliyimizin tam bərpa edilməsi kimi möhtəşəm uğurlarımız rus sülhməramlılarının sərhədlərimizi vaxtından əvvəl tərk etməsi, ardınca isə Ermənistanın işğalı altında olan 4 kəndimizin geri qaytarılması ilə davamlı xarakter aldı. Aprelin 19-da sərhəddə Azərbaycan və Ermənistan baş nazir müavinləri Şahin Mustafayev və Mqer Qriqoryanın həmsədrliyi ilə iki ölkə arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın 8-ci iclasında Ermənistanın Birinci Qarabağ müharibəsi zamanı işğal etdiyi Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndlərinin Azərbaycana qaytarılması və bu kəndlərlə üzbəüz erməni yaşayış məntəqələri arasında sərhəd xəttinin müəyyənləşdirilməsi üçün razılığın əldə olunması sərhədlərin delimitasiyası istiqamətində atılan ilk addım oldu. Azərbaycanın qətiyyətli mövqeyi, güclü siyasi iradəsi nəticəsində nəhayət ki, iki ölkə arasında sərhədlərin delimitasiyasının 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında razılışdırılması və bu il may ayının 15-dək imzalanmasının nəzərdə tutulması ölkə başçımızın məqsədyönlü siyasətinin nəticəsidir.

İki ölkənin nümayəndələri arasında bu istiqamətdə aparılan müntəzəm təmaslar, açıq müzakirələr, konstruktiv davranışlar müsbət dinamikanı şərtləndirir. Belə ki, artıq sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin yarısından çoxu yerinə yetirilib, 35 sərhəd dirəyi quraşdırılıb. Ekspert qrupları bu istiqamətdə işləri davam etdirirlər. Amma nəzərə alsaq ki, Ermənistanla həmsərhəd olan ərazilərimizin min kilometrə yaxın hissəsinin Kəlbəcər və Murov dağdan Araz çayına qədər təxminən 500 kilometri 30 il ərzində düşmən ölkənin işğalı altında olub, bu zaman çox böyük dəqiqlik tələb edən delimitasiya prosesinin qısa zaman kəsiyində həllinin qeyri-mümkünlüyü ortaya çıxır.

Ölkə başçımız qeyd edib ki, "Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyasını gözləyib sonra sülh razılaşması imzalasaq, bizə daha 30 il vaxt lazım olacaq". Bu baxımdan, artıq iki ölkə arasında münasibətlərin normallaşması yaxın vaxtlarda sülh sazişinin imzalanmasına ümid yaradır. Sərhədlərin delimitasiyasına gəlincə isə hər iki tərəfdən sonrakı mərhələlərdə də bu cür konstruktiv davranış nümayiş etdirilərsə prosesin daha da sürətlənəcəyi istisna deyil. Hər iki ölkənin bir-birinin ərazi bütövlüyünü tanımasını, sərhədlərin delimitasiyasını, kommunikasiyaların açılmasını nəzərdə tutan, 5 baza prinsipi əsasında irəli sürülən sülh sazişinin imzalanması regiona uzunmüddətli sülhü gətirmək istəyində olan Azərbaycanın mövqeyidir. Dövlət başçımız "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda keçirilən beynəlxalq forumda ölkəmizin ev sahibliyi edəcəyi bu mötəbər tədbirdən əvvəl Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin ən azı baza prinsiplərinin razılaşdırılmasının tamamilə real olduğunu bildirib.

Mehparə ƏLİYEVA,

"Respublika".