Şərqlə Qərbi qovuşduran etibarlı mövqe
İqtisadiyyat

Şərqlə Qərbi qovuşduran etibarlı mövqe

Ölkəmiz qlobal miqyasda fəal təşəbbüsləri ilə Orta Dəhlizə marağın artmasında müstəsna rola malikdir

Əlverişli coğrafi mövqeyi olan ölkəmizin tranzit potensialının reallaşdırılması Prezident İlham Əliyevin iqtisadi şaxələndirmə siyasətində  mühüm önəm daşıyır. Bununla bərabər, beynəlxalq və regional nəqliyyat dəhlizinin inkişafı da iqtisadiyyatımızın səmərəliliyinin artırılmasına müsbət təsir göstərir.

Ölkəmiz Şərq-Qərb, Şimal-Cənub dəhlizlərinin, logistik marşrutların mərkəzində yerləşir. Bununla yanaşı, Azərbaycan həm də bu marşrutları quran, yaradan açar dövlətlərdən biridir. Bu məqam ölkəmizə qarşı marağı artırır, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu - Orta Dəhlizin inkişaf potensialı daha çox diqqət çəkir.

"Mənim Orta Dəhliz layihəsinin böyük gələcəyinə güclü inamım var. Burada, Azərbaycanda biz faktiki olaraq bütün lazımi infrastrukturu, o cümlədən müasir, yeni dəniz limanını inşa etmişik. Yeri gəlmişkən, hazırda biz dəniz limanının genişləndirilməsi üzərində işləyirik. Çünki bugünkü 100 min TEU və 15 milyon ton ümumi yükaşırma qabiliyyəti yetərli olmayacaq. Biz artıq bunu başa düşürük. Biz bunu 25 milyon tona və 500 yüz min, yaxud hətta bir milyon TEU-ya çatdırmaq istəyirik ki, təkcə Çindən deyil, həm də Mərkəzi Asiyadan həcmi artan yükləri qəbul etmək imkanımız olsun". Bu fikirləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda keçirilən beynəlxalq forumda bildirib.

Dövlətimizin başçısı qeyd edib ki, Xəzər həm də bir çox ölkələr arasında körpüdür, çünki Trans-Xəzər Nəqliyyat Marşrutu bu gün öz potensialını tam şəkildə göstərir. Bugünkü geosiyasi mühitdə bu marşruta ehtiyac var. Artıq Azərbaycan, Qazaxıstan və Gürcüstan arasında birgə müəssisə yaradılıb, hazırda nəqliyyat marşrutunun rəqəmsallaşdırılması üzərində fəal iş gedir. Qərblə Şərqin kəsişməsindəki etibarlı mövqeyi ilə nəhəng marşrutun mərkəzində olan ölkəmiz dəhliz vasitəsilə regional və beynəlxalq ticarətdə strateji əhəmiyyət qazanır, iqtisadi infrastrukturu möhkəmləndirir, həmçinin yeni bazarlara çıxış, mal və xidmətlər üçün ixrac imkanları əldə edir. Orta Dəhliz Mərkəzi Asiyanın iqtisadi yüksəlişini, qlobal iqtisadiyyata inteqrasiyanı təmin edir.

Hazırda Avropanın diqqəti Orta Dəhliz marşrutunın genişləndirilməsinə yönəlib. Bu, Çini Mərkəzi Asiya və Xəzər dənizi vasitəsilə Avropa ilə birləşdirən multimodal dəmir yolu, yük və bərə tranzit sistemidir. Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu yüklərin Türkiyə dəniz limanlarına və Aralıq dənizinə daşınması üzrə çıxış qapısı kimi qiymətləndirilir. Xəzər dənizi vasitəsilə mühüm tranzit ölkə olan Azərbaycana, oradan da Aralıq dənizi ilə Avropaya yükdaşımaları yeni qlobal geosiyasi şəraitin tələbidir. Artıq Qərb şirkətlərinin də Mərkəzi Asiyada geniş istehsal sahələri açdığını nəzərə alsaq, yeni dəhlizlərlə böyük həcmdə yük axını gözlənilir. Bu kontekstdə Azərbaycan, Qazaxıstan, Türkmənistanın geniş logistika potensialı mövcuddur.

Çinin "Bir kəmər, bir yol" layihəsinin bir parçası kimi Orta Dəhliz, həmçinin tarixi İpək yolunun ən mühüm komponentlərindən biridir. Dəhlizin inkişafı istiqamətində Azərbaycan mühüm addımlar atır. Qədim İpək Yolunun yenidən dirçəldilməsi qlobal və regional güclərin tarix boyu maraq dairələrində olub. Müasir dünyada beynəlxalq nəqliyyat daşımaları və logistik infrastruktur quruculuğu bir çox dövlətin siyasi gündəmində vacib yer tutur. Planetin supergücləri Uzaq Şərqdən başlayaraq Mərkəzi Asiya, Cənubi Qafqaz, Yaxın Şərq və Anadolu torpaqlarını keçməklə Avropaya qədər uzanan çoxşaxəli tranzit şəbəkəsinin qurulması istiqamətində dəyəri milyard dollarla ölçülən və onlarla ölkəni əhatə edən kommunikasiya və inteqrasiya layihələri təqdim ediblər. Qitələrarası çoxtəyinatlı tranzit qovşaqların və regional logistik mərkəzlərin inkişaf etdirilməsində daha çox Avropa İttifaqı və Çin kimi siyasi aktorlar iri büdcəli Dövlət proqramlarının icrasını həyata keçiriblər.

Ekspertlərin fikrincə, yükdaşımaların həcminin artması üçün Mərkəzi Asiya ölkələri ilə onların qonşuları, xüsusən Azərbaycan və Çin, eləcə də digər qlobal aktorlar arasında iqtisadi əlaqələrin inkişafı müsbət amildir. Avtomobil və dəmir yollarının, limanların, yük terminallarının tikintisi, yaxud modernləşdirilməsi kimi infrastruktur investisiyaları, habelə region ölkələri və ya digər dövlətlərlə ticarət sazişlərinin imzalanması bu sahəni stimullaşdıra bilər. Bölgədəki siyasi sabitlik həm də yükdaşımalarında təhlükəsizliyin təmin edilməsində əsas rol oynayır. Orta Dəhlizin formalaşması beynəlxalq əlaqələrin güclənməsinə, regionun iqtisadi inkişafına, həmçinin qlobal tədarük zəncirinin sabitliyinə böyük töhfə verir. Xüsusilə, dəhlizin tikintisinin sürətləndiyi 2022-ci ildə Çin ilə Avropa arasında dəmir yolu nəqliyyatı, habelə infrastruktur və ticarət əlaqələri möhkəmlənməyə başlayıb. Hazırda Orta Dəhliz üzərində Çinin Sian, Urumçi, Tsinhua şəhərlərindən müntəzəm dəmiryolu daşımaları həyata keçirilir. Bu çərçivədə dəniz nəqliyyatı əməkdaşlığı da əhəmiyyətlidir. 2023-cü ildə Şantun limanlar qrupu, Sindao limanı və Bakı limanı arasında qarşılıqlı əlaqə gücləndirilib ki, bu da gələcəkdə "yaşıl" və "ağıllı" limanların təşəkkülünə, dəhliz vasitəsilə yükdaşımaların artmasına təkan verəcək.

Bünövrəsi Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş strategiyanın uğurla davam etdirilməsi nəticəsində Azərbaycan dünyanın əsas yük axını istiqaməti olan Çin-Avropa-Çin arasında həlledici qüvvəyə çevrilib. 2023-cü ilin oktyabrında Çin Sədri Si Cinpin üçüncü "Bir kəmər, bir yol" Beynəlxalq Əməkdaşlıq Forumunda çıxışı zamanı Orta Dəhlizin tikintisində və Çin-Avropa dəmiryolu nəqliyyatının möhkəmlənməsində ölkəsinin marağını diqqətə çatdırıb. Çin Azərbaycanla dəhlizin tikintisi və istismarı, transsərhəd yükdaşımaları və regional əlaqələrin inkişafı sahəsində əməkdaşlıqda maraqlıdır ki, bu da dəhliz boyu ölkələrin iqtisadi, habelə sosial həyatına müsbət təsir göstərəcək. Dünyada və regionda baş verən geosiyasi hadisələrin fonunda Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən keçməklə Avropa ilə Asiyanı birləşdirən ən qısa və rahat marşrutdur.

Orta Dəhlizin əsas üstünlüyü ondan ibarətdir ki, bütün iştirakçı dövlətlər bu marşrutun funksionallığının artırılması üçün güclü siyasi iradə nümayiş etdirirlər. Dəhliz boyunca yerləşən ölkələr arasında ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlıq getdikcə genişlənir ki, bu da yükdaşımaların, yüklərin cəlb edilməsinə, logistika ilə bağlı məsələlərin uzlaşdırılmasına geniş imkanlar yaradır. Orta Dəhlizin digər bir üstünlüyü onun Türk Dövlətləri Təşkilatına daxil olan ölkələri birləşdirmək imkanıdır. Yəni dəhliz yükdaşınma yolu kimi cəlbedici olmaqla yanaşı, həm də Türk dünyasının birliyi baxımından da strateji əhəmiyyət kəsb edir. Azərbaycan Prezidenti dəfələrlə Zəngəzur dəhlizinin bütün hallarda istifadəyə veriləcəyini bəyan edib. Kommunikasiyaların paralel şəkildə bərpası regionda dayanıqlı sülhün yaradılması baxımdan vacibdir. Digər tərəfdən, sözügedən dəhliz bütövlükdə regionun və hətta bölgədə maraqlı olan əsas qonşu dövlətlərin iqtisadi prioritetlərinə uyğundur. Çünki gələcəkdə Zəngəzur dəhlizi regionun inkişafı üçün yeni imkanlar yaradacaq.

Qlobal miqyasda Orta Dəhlizə marağın artmasında Azərbaycan müstəsna rola malikdir. Respublikamız Trans-Xəzər marşrutu üzrə ən önəmli halqalardan biridir. Uzunmüddətli siyasi sabitlik, mükəmməl qanunvericilik bazası, təhlükəsizliyə verilən zəmanətlər, optimal qiymətlər, keçid prosedurlarının sadəliyi, məsafənin qısalığı, relyefin əsasən düzən olması və s. amillər transmilli şirkətlərin ölkəmizə marağını artıran səbəblərdir. Eyni zamanda, Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanının, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi, Zəngəzur dəhlizinin yaradılması bu yöndə görülən ən mühüm işlərdəndir. Bununla yanaşı, başqa addımlar da atılır ki, bu da Orta Dəhlizin cəlbediciliyinə müsbət təsir göstərir, yükdaşımaları artırır.

Mustafa KAMAL,

"Respublika".