Azərbaycan
İqtisadiyyat

Azərbaycan "yaşıl enerji" liderinə çevrilir

Neft və qaz ehtiyatları ilə zəngin ölkə olmasına baxmayaraq, Azərbaycan ümumi enerji strategiyasının bir hissəsi kimi bərpaolunan enerji mənbələri ilə bu sektoru daim şaxələndirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları zamanı "Euronews" televiziyasına müsahibə verib.

Ölkə başçısı deyib ki, qazıntı yanacağı ilə zəngin ölkələr "yaşıl enerji"yə keçiddə ön sıralarda olmalıdır: "Biz bunu ənənəvi ehtiyatlarımız çatışmadığına görə etmirik, ona görə edirik ki, neft-qaz satışından əldə etdiyimiz maliyyədən, gəlirlərdən bərpaolunan enerjiyə sərmayə yatırmaq üçün istifadə etməklə töhfə vermək və buna ehtiyacın olduğuna dair ümumi bir anlayış yaratmaq istəyirik". Ölkə başçısı onu da qeyd edib ki, qazıntı yanacağına sahib olmaq bizim günahımız deyil. Qazıntı yanacağı təhlükəlidir, mənfidir və günah bu ehtiyata sahib olan ölkələrdədir deyənlər Azərbaycanın "yaşıl enerji" gündəliyindən necə istifadə etdiyinə də qiymət verməlidir.

Ölkəmizin iqtisadiyyatı böyük ölçüdə qalıq yanacaqlara, xüsusən də neft və qaza əsaslansa da, dövlətimiz karbohidrogenlərdən asılılığın azaldılması üçün "yaşıl enerji"nin vacibliyini dərk edir. Statistik məlumatlara görə, Azərbaycanda sənaye zonalarının yaradılması, sənaye parkları və məhəllələri, həmçinin aqroparklar sahəsində idarəetmənin təkmilləşdirilməsi zamanı yüksək ekoloji tələblərə cavab verən texnologiyaların tətbiqi və müəssisələrin modernləşdirilməsi nəticəsində sənaye sektorundan istixana effektli qaz tullantılarının atılması nisbətən azalıb. Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq olunmuş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" sənədində yeni strateji mərhələdə iqtisadiyyatın davamlı və yüksək templə artması fonunda qlobal iqlim dəyişikliklərinin fəsadlarının qarşısının alınması və əhalinin sağlam ətraf mühitdə yaşamının təmin olunması vəzifəsi qarşıya qoyulub. Bu prioritet çərçivəsində qlobal iqlim dəyişmələrinə təsirlərin azaldılması üçün ekoloji təmiz texnologiyaların tətbiqinə əhəmiyyətli yer verilməsi, istilik effekti yaradan qaz emissiyalarının azaldılması, alternativ və bərpaolunan enerji mənbələrindən istifadə imkanlarının artırılması, enerji səmərəliliyinin təmin olunması kimi hədəflərə nail olmaq planlaşdırılır.

Azərbaycanda bərpaolunan enerji, xüsusən də günəş və külək enerjisi istehsalı üçün əhəmiyyətli potensial mövcuddur. Azərbaycan "yaşıl enerji" potensialından istifadə etmək üçün bərpaolunan enerji layihələrinə fəal şəkildə sərmayə qoyur. Buraya bütün ölkə üzrə günəş və külək stansiyalarının tikintisi daxildir. Məsələn, Bakı yaxınlığındakı Pirallahı rayonunda yerləşən ölkənin ən böyük külək elektrik stansiyası 2019-cu ildən fəaliyyət göstərir. Bu istiqamətdə martın 1-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərinin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərinin 2-ci iclası çərçivəsində Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simson, "WindEurope" Avropa Külək Enerjisi Assosiasiyasının baş direktoru Giles Dicksonun iştirakı ilə "Dənizdə külək enerjisindən istifadənin inkişafı" üzrə Azərbaycan-Avropa İttifaqı dəyirmi masası keçirilib. Yekunda "Azərbaycanın Energetika Nazirliyi yanında Bərpaolunan Enerji Mənbələri Dövlət Agentliyi və "WindEurope" arasında külək enerjisi sahəsində əməkdaşlığa dair" Anlaşma Memorandumu imzalanıb.

Aydındır ki, Azərbaycan bərpaolunan enerjiyə investisiyaları təşviq etmək və bərpaolunan enerjinin milli şəbəkəyə inteqrasiyasını asanlaşdırmaq üçün qanunvericilik və qaydalar hazırlayır. Bura bərpaolunan enerji mənbələrinin satınalınması üçün çərçivələrin yaradılması, əlavə tariflərin müəyyən edilməsi və bərpaolunan enerji layihələri üçün stimulların təmin edilməsi daxildir. Ölkəmiz "yaşıl enerji" təşəbbüslərini dəstəkləmək üçün beynəlxalq əməkdaşlığa xüsusi önəm verir. Bərpaolunan enerji layihələrini maliyyələşdirmək və həyata keçirmək üçün Dünya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) kimi beynəlxalq təşkilatlarla əməkdaşlıq nəzərdə tutulur. Bərpaolunan enerjinin inkişafı ilə yanaşı, Azərbaycan enerji istehlakını azaltmaq və davamlılığı təmin etmək üçün müxtəlif sektorlarda enerji səmərəliliyinin artırılmasına da diqqət yetirir. Ölkəmizdə elektrik enerjisi istehsalı üçün hidroenergetikadan da istifadə edilir və bir neçə su elektrik stansiyası var. Göründüyü kimi, Azərbaycan alternativ enerji tariflərinin çevik tənzimlənməsi ilə bərpaolunan enerji mənbələrindən istifadəni sürətləndirmək, elmi-texniki bacarıqları gücləndirmək, mütəxəssis hazırlığı prosesini davam etdirmək, enerji istehlakçılarının məlumatlılığını artırmaq və özəl sektoru prosesə cəlb etmək üçün həvəsləndirici tədbirlərin icrasını planlaşdırır.

Xüsusən də dünya iqlim dəyişikliyinin həllinə və daha təmiz enerji mənbələrinə keçidə diqqət yetirildiyi bir vaxtda Azərbaycanın bu istiqamətdə reallaşdırılan layihələrə sadiqliyi onun davamlı enerjinin inkişafını təminetmə səylərinin sübutudur. COP29-a yaxınlaşdıqca, beynəlxalq ictimaiyyət Azərbaycan kimi ölkələrin istixana qazı emissiyalarını azaltmaq və bərpaolunan enerjinin təmin olunmasını təşviq etmək üçün gördüyü tədbirlərə diqqət yetirir. Bu da ölkəmizin nüfuzunu daha da artırır. Azərbaycanın bərpaolunan enerji layihələrinin həyata keçirilməsinə fəal yanaşması ölkəmizin iqlim dəyişikliyi ilə mübarizə üzrə qlobal səylərə töhfə verməyə hazır olduğunu nümayiş etdirir. "Yaşıl enerji" infrastrukturuna sərmayə qoymaq və enerji kompleksini şaxələndirməklə Azərbaycan nəinki qalıq yanacaqlardan asılılığını azaldır, həm də aşağı karbonlu iqtisadiyyata keçiddə öz liderliyini təmin edir. COP29 çərçivəsində müzakirələr və danışıqlar aparılarkən, Azərbaycanın bərpaolunan enerji sektorunda əldə etdiyi nailiyyətlər və öhdəliklər davamlı enerjinin inkişafı üçün ən yaxşı təcrübə və uğurlu strategiyaların nümunələri kimi görünəcək. Bu, digər ölkələrə örnək olmaqla, onları daha yaşıl gələcəyə doğru səylərini artırmağa ruhlandıracaq.

Nurcan SÜLEYMANOVA,

"Respublika".