Region

"ŞƏKLİNİ BAŞDAŞIMA DÖYDÜRMƏYİ VƏSİYYƏT ETMİŞƏM"

Gəncə şəhəri, M.S.Ordubadi küçəsi, 7 nömrəli ev. Qonşuların "Seyidin evi" dediyi birmərtəbəli bina... Azərbaycan və Türk bayraqları asılmış qapının qarşısında dayanıram: qara mərmər lövhə, lövhədən "baxan" yaraşıqlı gənc, aydın baxışlar, gülümsər gözlər və türkürpədən yazı: "Şəhid Mirmuraz Cəfərov, 27.05.1997 - 27.10.2020". Döyüşdə göstərdiyi igidliyə görə təltif olunduğu medallarla haşiyələnmiş mərmər lövhədən diqqətimi çəkə bilmirəm, dayanıb xeyli baxıram, məndən asılı deyil...         

Həyatını Vətənin ləyaqətinə, torpaqlarımızın bütövlüyünə qurban vermiş bu gəncin döyüş yoluna nəzər salmaq, onu belə vətənsevər böyüdən ailə ilə tanış olmaq üçün dəmir qapını döydüm...

Qapını bir qadın açdı, anadırmı, nənədirmi bilmədim, cavan oğul itirmiş anaların yaşını müəyyən etmək çətindir, çox çətindir. Sanki hamısı eyni yaşdadırlar: ağrı-acının kölgə saldığı kədərli çöhrə, vaxtsız ağarmış saçlar, qara kəlağayı, solğun, ümidsiz baxışlar ... Bu, müharibənin insan taleyinə gətirdiyi faciənin üzücü mənzərəsidir... Amma söz Vətəndirsə, onun müqəddəsliyi, bütövlüyüdürsə deməli təsəlli var: ən ağır dərdi belə bu hiss yuyub apara bilir. Bir az irəli gedərək deyim ki, bunu tək oğlunu Vətənə qurban vermiş bir ailənin - Cəfərovların Vətən sevgisində bir daha gördüm.

...Gələcəyimi bilirdilər, ağsaçlı ana içəri dəvət etdi. Atası Mirbaba oğlunun "otağında" qarşıladı məni. Ata danışır, mən qeydlər edirəm. Danışır sözü bilmirəm yerinə düşürmü... Hərdən qəhərlənir, sözünə ara verir:

- Evin tək oğlu idi. Sülhməramlı qüvvələrin nəzdində hərbi xidmət keçmişdi. Onun könüllü cəbhəyə gedəcəyi, döyüşlərə qoşulacağı barədə heç düşünməmişdik. Günlərin birində ata könüllü yazıldım, cəbhəyə gedəcəm - dedi. İki bacının yeganə qardaşı, bizim də güvənc yerimiz idi. Evin tək oğlunu cəbhəyə yola salmağın bizim üçün nə qədər çətin olduğunu özü də bilirdi. "Biz getməsək Vətəni kim qorumalıdır". Elə qətiyyətlə dedi ki, biz də söhbətin, etirazın mənasızlığını hiss etdik. Nişanlı idi, yola düşməzdən bir həftə əvvəl nişanı da qaytardı, elə bil ürəyinə dammışdı.

Ata ağır-ağır danışır, hərdən üzr istəyib söhbətə ara verib, siqaret yandırır. - Bizi tək qoydu, Vətəni seçdi. Sentyabrın 21-də getdi, bir həftə sonra 28-də döyüşlər başladı. Yenə sükut, yenə siqaret: - Vaxtaşırı zəng edir, cəbhədə baş verənlər, əsgər dostları haqqında danışardı. Onun söhbətlərindən sonra Qarabağı sanki qarış-qarış gəzmişəm, hər kəndə, hər oylağa bələdəm. İnşallah ömür vəfa etsə o yerləri ziyarət etmək niyyətim var. Axırıncı zəng Füzulidən oldu, sevinə-sevinə dedi ki, səhər düşmən bunkerini götürdük, silah-sursat anbarını aldıq. Daha bir şey qalmayıb. Tezliklə qələbə çalıb, sağ-salamat yanınıza qayıdacam. Arxasını gətirə bilmədi, sözlər boğazında tıxandı, uzun və üzücü sükutdan sonra: - elə həmin gün axşam eşitdik ki, yaralanıb. Amma sən demə... Bizə təsəlli üçün belə deyiblər...

...Mirmurazın kiçik otağı zəngin muzey təsiri bağışlayır. Lap başda büstü qoyulub böyründə də ayaqüstü portreti... Divarboyu cəbhə fotoları, döyüş dostları ilə şəkillər, döyüşdüyü Füzuli bölgəsinin xəritəsi asılıb. Vaxtilə xidmət etdiyi əsgəri forması, döyüşdə fərqləndiyinə görə tərifnamələr sıra ilə düzülüb. Masa üzərində cəbhədə göstərdiyi igidliyə görə təltif olunduğu medallar sıralanıb: "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Döyüşdə fərqlənməyə görə" ...           

Mirbaba kişi deyir ki, orden üçün də sənəd istəyiblər.

- İki bacının tək qardaşı idi, qocalığımızın həyanı hesab edirdik. Amma Vətən naminə şəhid oldu. Təsəllimiz də budur, yoxsa yaşamaq üçün səbəb olmazdı. Prezidentimiz sağ olsun, şəhidlər daim diqqət mərkəzindədir. Şəhid ailələrinə, qazilərə hər cür qayğı göstərilir. - Döyüş dostları, məktəb yoldaşları sizə baş çəkirmi?.. Sualım ona bir az toxtaxlıq verdi, könlü açıldı: - Sağ olsunlar, bizi unutmurlar, cəbhə dostları, məktəb yoldaşları tez-tez gəlir, təsəlli verir, dərdimiz-istəyimizlə maraqlanırlar. Hər birini balam gözündə görürəm.       

Elə dünən hərbi xidmət keçdiyi hissənin əsgərləri gəlmişdilər. Dedilər 25 mart Azərbaycanın Milli Qəhrəmanı Fəxri adının təsis edilməsi gündür. Əslində bu əlamətdar günün təsis edilməsi torpaqlarımızın bütövlüyü uğrunda döyüşmüş hər bir əsgərin xatirəsinə ölkə başçısının sonsuz ehtiramının ifadəsidir. Hissənin əsgərləri elə qayğı, elə istəklə danışırdılar ki, sanki balamız yaşayır. Hər birini tək-tək bağrımıza basdıq.

Sonra özünə təsəlli verirmiş kimi:      

- İki qız övladım, beş nəvəm var. Allah ömür versə gələcək nəvələrimdən birinə Mirmurazın adını qoyacam. Bir anlıq sükutdan sonra əlavə etdi:

- Arzum budur ki, şəhidlər tez-tez yad olunsun, məktəb proqramlarında onlara geniş yer ayrılsın, dərsliklərə salınsın.

- Cəhbədən gələn son şəkli varmı? - sualım kişini bir az çaşdırdı, həyat yoldaşına baxdı, sanki cavabı o verməli idi. Bir anlıq sükutdan sonra Afət ana durub dolabdan bir şəkil çıxardı. Əsgəri geyimdə, əlində də avtomat silah...

- Bunu ayrıca saxlayıram, yoldaşıma da, qızlarıma da demişəm, dünyamı dəyişəndə bu şəkli başdaşıma döydürsünlər, Vətən boyda balam köksümdə, əbədiyyətə belə qovuşmaq istəyirəm.

Ana arzusudur, nə deyəsən... Sarsıldım, söhbəti uzatmaq mümkün deyil, artıq sözə yer qalmayıb. Bütün şəhid anaları belədir, taleləri, ağrı-acıları çox oxşardır. Qürur hisslərini isə sözlə ifadə etmək mümkün deyil...

Vaqif TANRIVERDİYEV,

"Respublika".