Samux melioratorları suvarma mövsümünü uğurla başa vururlar
İqtisadiyyat

Samux melioratorları suvarma mövsümünü uğurla başa vururlar

Dövlətin aqrar sahəyə qayğısı, lizinq yolu ilə kənd təsərrüfatı texnikalarının verilməsi regionlarda kənd zəhmətkeşlərinin torpağa olan həvəsini daha da artırmışdır. Artıq fermerlər torpaqdan daha səmərəli istifadə etmək üçün payızlıq əkinlərə də üstünlük verirlər. Belə ki, sahələrdə taxıl, qarğıdalı, soya, tərəvəz və başqa məhsulların növbəli əkilməsi torpağın məhsuldarlığını yaxşılaşdırmaqla yanaşı, fermerlərin gəlirlərini də ikiqat artırmış olur. Ötən illər bu sınaqdan keçirilmiş, öz müsbət nəticələrini vermişdir. İstehsalın həcmi artmış, əhalinin həyat səviyyəsini əks etdirən pul gəlirləri və əməkhaqqı yüksəlmişdir. Builki şiddətli istilər sakinləri və aqrar sahədə çalışan zəhmətkeş insanları sınağa çəksə də, təcrübəli su təsərrüfatı işçilərinin fədakarlığı nəticəsində əkin sahələrində bol məhsulun əldə olunmasına imkan yaratmışdır.

Görülən işlər haqqında geniş məlumat almaq üçün uzun müddət bu sahəyə rəhbərlik edən təcrübəli meliorator, Samux Suvarma Sistemləri İdarəsinin rəisi, "Tərəqqi" medallı Gülağa Bağırovla iş başında görüşdük. O bildirdi ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafında mühüm rolu olan kənd təsərrüfatı məhsulları istehsalının artırılmasında, ərzaq təhlükəsizliyinin təmin edilməsində, ixracyönümlü məhsulların istehsalının artırılmasında meliorasiya və su təsərrüfatının önəmi böyükdür. Bu işlərin yüksək səviyyədə həyata keçirilməsində meliorasiya və su təsərrüfatı işçilərinin üzərinə mühüm vəzifələr düşür, çünki aqrar sahənin inkişafı kənddə iqtisadiyyatın əsasını təşkil edir.

Eyni zamanda suvarma suyunda itkiyə yol verilməməsi əsas şərtlərdəndir. Bu baxımdan suvarma kanalları və kollektor-drenaj şəbəkələrinin bərpası, sel və daşqınlara qarşı sahilbərkitmə və bəndlərin möhkəmləndirirlməsi işləri uğurla həyata keçirilmişdir. Ümumiyyətlə, suvarmanı mütəşəkkil və tələb olunan səviyyədə həyata keçirmək üçün Samux Suvarma Sistemləri İdarəsi də həmin dövr üçün nəzərdə tutulan, təsdiq edilmiş tədbirlər planına uyğun olaraq qurmuşdur. Bu il Samux rayonu ərazisində 29462 hektar suvarılan sahələrdə kənd təsərrüfatı bitkilərinin idarəmiz tərəfindən suvarılması təmin edilmişdir. İdarənin balansında 580 ədəd subartezian quyusu və 26 ədəd nasos stansiyası, 30 ədəd maşın mexanizmi vardır ki, bunlar tam gücü ilə işləmişdir. Əkin sahələrinin suvarılması üçün uzunluğu 726,5 kilometr olan təsərrüfatlararası və təsərrüfatdaxili kanallarından istifadə olunmuşdur. Eyni zamanda, 3 kilometr suötürücü kanal və 63 ədəd hidrotexniki qurğu, 39 ədəd körpü-keçid, 61 ədəd suölçən qurğu, 14,5 kilometr drenaj kanal mövcuddur. Maşın-mexanizmlər vasitəsilə kanallarda və çaylarda lildən təmizləmə işləri, məcra təmizləmə və selə qarşı tədbirlər aparılmışdır. İnşaat briqadası kanallarda suyun maneəsiz ötürülməsi üçün əl ilə də lildən təmizləmə, kol-kosun təmizlənməsi, boru xətlərinin təmiri, betonlanma işlərinin aparılması cari və əsaslı təmir işləri həyata keçirmişdir.

2023-cü ilin birinci yarısında müvafiq olaraq, 183 ədəd nasos, 14 ədəd elektrik avadanlığı təmir edilmişdir. Sel və daşqınlara qarşı mübarizə tədbirləri çərçivəsində çayların məcraları mexanizmlərlə təmizlənmiş, arxların və kanalların dəhnələri şitlər və digər vasitələrlə möhkəmləndirilmişdir. Belə ki, sel və daşqınların qarşısını almaq üçün Gəncə, Qabırrıçay, Qoşqar çaylarında məcraları təmizlənmiş, torpaq işləri görülmüşdür. Əsaslı təmir işləri üzrə Drenaj kanalının beton üzlüyə alınması və əkin sahələrinin suvarılmasının yaxşılaşdırılması və maneəsiz suvarma suyunun axıdılması üçün təsərrüfatlararası və təsərrüfatdaxili kanallarda 161 km lildən təmizləmə, kol-kosdan təmizləmə, boru kəmərlərinin təmiri və beton kanallarda təmir işləri aparılmışdır. Kanallarda və çaylarda sahilbərkitmə və selə qarşı torpaq işləri görülmüşdür. Cari ildə əkin sahələrinin suvarılmasının yaxşılaşdırılması və maneəsiz suvarma suyunun axıdılması üçün tərtib edilmiş cədvəl üzrə texnikalar tərəfindən kəndlərdə olan təsərrüfatlararası və təsərrüfatdaxili kanalların təmizlənməsi də təmin edilmişdir. Rayonun bütün kənd təsərrüfatı sahələrində müvafiq işlər aparmaqla həmahəng, rayon ərazisində irriqasiya sistemlərinin cari təmir işləri görülmüş, həyətyanı, bələdiyyə torpaqlarının və digər hüquqi və fiziki şəxslərə məxsus olan torpaqlarınını bir neçə dəfə suvarılması tam təmin edilmişdir.

Ümumiyyətlə taxıl, yem, bostan-tərəvəz bitkiləri, çoxillik bitkilər, şəkər çuğunduru, günəbaxan və həyətyanı sahələrin bir neçə dəfə suvarılması təmin olunmuşdur. Belə ki, faktiki əkilən 12007 hektar taxıl bitkisi, 770 hektar xəsil və 800 hektar yonca bol suvarma ilə təmin olunmuşdur, bu isə öz bəhrəsini vermişdir.

Sonda idarə rəisi Gülağa Bağırov tam əminliklə bildirdi ki, Samux Suvarma Sistemləri İdarəsinin kollektivi qarşıya qoyulmuş vəzifələrin vaxtında və layiqincə yerinə yetirilməsi, bol kənd təsərrüfatı və ərzaq məhsullarının əldə olunması, suvarmanın daha da mütəşəkkil aparılması üçün bundan sonra da bütün imkanlarından istifadə edəcəkdir.

Zabit XƏLİLOV,

"Respublika".