Bu yol Ağdərəyə aparır
İqtisadiyyat

Bu yol Ağdərəyə aparır

Quruculuq vaxtilə mövcud olmuş karvan yolundan keçir

Qarabağ və Şərqi Zəngəzurda quruculuq işləri ilk növbədə işğal illərində yararsız vəziyyətə düşən yolların tikintisi, yol qovşaqlarının qurulması, körpülərin salınması və digər layihələrin icra edilməsi ilə başlanılıb. Erməni işğalının aradan qaldırılmasından sonra yurdumuzun bu qədim bölgələrinə yeni nəfəs, yeni həyat qayıdır, zülmətə bürünən yurd yerlərimiz indi nura boyanır, vaxtilə mərmilərin şırım açdığı torpağa toxum səpilir, ağac əkilir, bağ salınır.

Qeyd edək ki, Qarabağda və Şərqi Zəngəzurda tikinti-quruculuq işləri dövlət başçısı tərəfindən təsdiq edilmiş plan əsasında aparılır. Heç yerdən və heç kimdən kömək gözləmədən dövlətimizin öz gücü, öz iradəsi ilə misli görünməyən işlər həyata keçirilir, nəhəng layihələr icra olunur.

Əzəmətli dağların əhatəsində yerləşən, ərazisindən Tərtər və Xaçın çayları keçən, təbii sərvətləri, mineral bulaqları ilə məşhur olan, qədim alban abidələrinin torpaqdan baş qaldırdığı Ağdərə yurdumuzun ən gözəl guşələrindən biridir. Ağdərədə təbiətin yaratdığı gözəllik insana ruh verir, Tərtər çayının yatağı boyunca uzanan gen dərələrin, dağların belinə qurşaq kimi dolanan meşələr, sıldırm qayalar sözün əsl mənasında heyrət doğurur. Cənnət kimi adamı ovsunlayan Ağdərə canlı təbiət abidəsidir. Adı da təbiətin bu nadir gözəlliyini, duman bələnmiş ağ dərələri ifadə edir. Çox qiymətli və zəngin meşə örtüyü Ağdərəyə xüsusi gözəllik verir. Yeri gəlmişkən qeyd edək ki, ərazinin 44 faizini meşələr tuturdu. Tərtər çayı vadisindəki Şərq çinarı meşəsi xüsusi olaraq qorunurdu. Təbii ki, işğal illərində haylar həmin meşələrə vəhşiliklə, qəsddən və qəsbkarlıqla ziyan vurub, təbiətin xoş ahənginə kirli əlləri ilə qara rəng qatıblar.

Ağdərənin ərazisi əsasən dağlıq, şərq hissəsi isə düzənliklərdən ibarətdir və keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil olan Azərbaycan rayonlarından biridir. 1980-ci ildə əhalinin siyahıyaalınmasına görə Ağdərədə azərbaycanlılar, ukraynalılar, ruslar və ermənilər yaşayıblar. Keçmiş sovet dönəmində Ağdərə qabaqcıl kənd təsərrüfatı rayonu olub və burada üzümçülük, taxılçılıq, tütünçülük və heyvandarlıq aparıcı sahə idi. 1988-ci ilin statistikasına görə rayonda 53324 hektar kənd təsərrüfatına yararlı torpaq olub. 15 min hektar əkin yeri suvarma suyu ilə təmin edilib. 1976-cı ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Tərtər çayı üzərində Sərsəng su qovşağı tikilib. Bu kompleks həm elektrik enerjisi istehsalı, həm də suvarma məqsədilə yaradılıb. Anbarda suyun həcmi 560 min kubmetr təşkil edib və ildə 125 milyon kilovat/saat elektrik enerjisi alınıb. Qeyd edək ki, işğal illərində separatçı rejimin əhatə etdiyi ərazilərdə bu stansiyadan istifadə edilib, Sərsəng bəndində təmir işləri aparmadıqlarına görə burada ekoloji təhlükə yaranıb. Ağdərədə zəngin faydalı qazıntı yataqları olub. Dəmirli mis yatağı, Canyataq, Gülyataq qızıl mədənləri işğalçılar tərəfindən vandallıqla talan edilib. Bundan başqa, sənaye ehtiyatları 38080 min kubmetr olan Ağdərə, 623 min kubmetr mişar daşı ehtiyatı olan Şorbulaq-1, Şorbulaq-2, 200 min kubmetr gəc yataqları uzun illər ərzində ermənilər tərəfindən istismar edilib. Onu da qeyd edək ki, işğal altında qalan qızıl yataqları ABŞ, Kanada, İsveç, Fransadan olan iş adamları tərəfindən talan edilib və həmin şirkətlər Azərbaycan ərazisində qanunsuz fəaliyyət göstərdiklərinə görə cinayət məsuliyyətinə cəlb olunmalıdırlar.

Tarixi qələbədən sonra Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində dövlətimizin başçısının tapşırığı ilə işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələri uğurla icra edilir. Onlardan biri də Suqovuşan-Kəlbəcər avtomobil yolunun 9-cu km-dən ayrılan və 33.5 km uzunluğa malik Ağdərə-Ağdam avtomobil yoludur. Hərəkət hissəsinin eni 9 metr, torpaq yatağının eni 15 metr təşkil edəcək yol 2 hərəkət zolaqlı II texniki dərəcəyə uyğun olaraq inşa edilir. Hazırda avtomobil yolunda layihə üzrə torpaq işləri görülür. Belə ki, xüsusi texnikalardan istifadə olunmaqla yararsız qruntun çıxarılması və əvəzində yararlı material verilərək normativ hündürlüyə çatdırılması, yolun genişləndirilərək profilə salınması işləri həyata keçirilir. Yolboyu layihəyə uyğun suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif diametrlərə malik dairəvi boru, düzbucaqlı su keçidlərinin tikintisi aparılır. Bundan başqa, layihə üzrə Ağdam ərazisində Xaçınçay çayı üzərində 5 aşırımlı körpü də inşa edilir. Hazırda körpü dayaqlarının tikintisi icra olunur. Tikinti işlərinin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda işçi qüvvəsi və texnika cəlb olunub.

Ağdərə-Ağdam avtomobil yolu Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş ərazilərimizin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturudur.

Yeri gəlmişkən qeyd edək ki, Ağdərə rayonu 1930-cu ildə təşkil edilib. 1989-cu ildə keçmiş sovetlər dönəmində aparılmış əhalinin son siyahıyaalınmasına əsasən rayonda 14 min nəfər azərbaycanlı yaşayıb. İşğala qədər azərbaycanlılar Ağdərənin əsasən 14 kəndində - Sırxavənd, Bəşirlər, Qaraşlar, Qaralar, Baş Güneypəyə, Orta Güney, Xatınbəyli, Manikli, Tellibinə, Narınclar, Çərəktar, İmarət-Qərvənd, Umudlu, Yeni Qaralar kəndlərində və Gəncxana sovxoz qəsəbəsində yaşayıblar. Tarixi mənbələrə görə əsası 1240-cı ildə Həsən Cəlal tərəfındən qoyulmuş məşhur Gəncəsar alban məbədi də Ağdərənin Vəngli kəndində yerləşir. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli qərarına əsasən Ağdərə rayonu ləğv edilib, ərazisi Tərtər, Ağdam, Kəlbəcər rayonları arasında bölüşdürülüb. İkinci Qarabağ müharibəsindən sonra Ağdərə və digər ərazilərin demilitarizasiyası, Ermənistan qoşunlarının oradan tam çıxarılması və qanunsuz erməni silahlı ünsürlərinin tərk-silah edilməsi mütləq şəkildə labüd idi. Ermənistan tərəfindən üçtərəfli Bəyanatın müddəaları qəsdən pozulur, çağırışlara biganə yanaşılırdı. Məhz bundan sonra ölkəmizin suveren ərazilərində törədiləcək istənilən terror və təxribatın qarşısını qətiyyətlə almaq üçün 19 sentyabr 2023-cü ildə başlanan lokal xarakterli antiterror tədbirlərindən sonra separatçılar, Ermənistan ordusunun qalıqları ağ bayraq qaldırdılar. Sentyabrın 24-də Ağdərə işğaldan azad edildi. Qalib Ali Baş Komandan İlham Əliyev oktyabrın 15-də Ağdərə şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Ağdərədə dalğalanan bayrağımız hər bir azərbaycanlıya qürur və iftixar yaşadır. Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında" Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli Qanununun tətbiqi və bundan irəli gələn bəzi məsələlərin tənzimlənməsi barədə Fərman imzalayıb və Ağdərə rayonu yenidən təşkil edilir.

Ağdərədə də quruculuq işləri aparılır, yollar çəkilir, təmir edilir, infrastruktur yaradılır. 20 il bundan əvvəl Prezident seçilən cənab İlham Əliyevin ölkəmizdə ilk həyata keçirdiyi iş yolların yenidən qurulması ilə bağlı olub. Dövlətimizin başçısı tərəfindən uzaqgörənliklə qarşıya qoyulan ilk vəzifə yeni körpülərin tikilməsi, yolların çəkilişi və əsaslı təmiri sosialyönümlü tədbirlərin tərkib hissəsi olub. Adi həqiqətdir ki, müasir avtomobil yolları şəbəkəsinə malik olmadan iqtisadiyyatda davamlı uğurlar qazanmaq mümkün deyildir. Ölkəmizin iqtisadi imkanları artdıqca bu sahəyə yönəldilən investisiyaların da həcmi artır. Son üç ildə Qarabağa və Şərqi Zəngəzura dəfələrlə səfər edən Prezidentimiz yolların tikintisi, bərpası və yenidən qurulması barədə mühüm əhəmiyyət kəsb edən sərəncamlar verib. Otuz il ərzində problemin həll edilməsi nə qədər çətin olsa da onu uğurla həll edən dövlətimizin başçısı hesab edir ki, Qarabağa və Şərqi Zəngəzura aparan yollar rahat və geniş olmalıdır. Keçmiş məcburi köçkünlərin Böyük Qayıdışı yeni inşa edilən yollardan başlayır. Yurdumuzun dilbər guşələrindən biri olan Ağdərə öz tarixinin yeni səhifəsinə qədəm qoyur, vaxtilə ləğv edilmiş rayon statusu dövlət başçısının qərarı ilə bərpa edilir və yaxın zamanlarda Ağdərə öz keçmişinə və xoşbəxt gələcəyinə qovuşacaq.

Salman ALIOĞLU,

"Respublika".