Əkin sahələrinin sığortası mövsümü
İqtisadiyyat

Əkin sahələrinin sığortası mövsümü

Azərbaycanda payızlıq əkin mövsümünün başlanması ilə əlaqədar əkin sahələrinin sığortalanmasına da start verilib. Aqrar Sığorta Fondundan verilən məlumata görə, sentyabrın 1-dən etibarən Azərbaycanda payızlıq əkinlərin bəyanına başlanılıb. Fermerlər əkin sahələrini Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) bəyan edə bilərlər və bu proses ilin sonunadək davam edəcək.

Əkinlərin bəyan edilməsi ilə eyni vaxtda payızlıq əkin sahələrinin sığortası dövrü də başlayıb. Aqrar Sığorta Fondu fermerləri əkinlərini vaxtında bəyan etməyə, eyni zamanda buna uyğun olaraq sığortalamağa və sığorta müqaviləsi əldə etməyə çağırır. Aqrar Sığorta Fondunun idarə heyətinin sədri Fuad Sadıqov bildirib ki, bəzi hallarda fermerlərin əkinlərini vaxtında bəyan etməməsi onların zərərə düşməsi ilə nəticələnir.

Nəticədə əkinlər bir neçə ay sığortasız qalır ki, bu da həmin vaxt baş verə biləcək hadisələr səbəbindən fermerlərin zərərə düşməsi deməkdir. Nəticədə noyabr-dekabr aylarında həmin əkin sahəsində hər hansı təbii fəlakət, sel-subasma və güclü külək hadisəsi baş verəndə, fermer əkinini hələ bəyan etmədiyinə görə, sığorta müqaviləsi də bağlamamış olur və həmin vaxt baş verən hadisə qarşısında təminatsız olur. Bunu nəzərə alaraq, Aqrar Sığorta Fondu fermerləri mümkün hadisələrdən və zərərlərdən qorunmaq üçün əkinləri vaxtında bəyan etməyə və sığorta müqaviləsi bağlamağa çağırır.

Qeyd edək ki, Azərbaycanda 2020-ci ildən tətbiq edilən aqrar sığorta mexanizminə əsasən ölkənin müxtəlif regionları üzrə sığorta tarifləri və vahid məhsul həcmi üçün sığorta haqları fərqlidir. Sığorta haqları əkin sahəsinin yerləşdiyi region üzrə sığorta tariflərindən asılı olaraq dəyişir. Xatırladaq ki, əkin sahəsi üzrə hesablanan ümumi sığorta haqqının 50%-i fermerlərə dəstək məqsədilə dövlət tərəfindən ödənilir. Qeyd edək ki, aqrar sığorta əkin sahələrini çoxsaylı risklərdən, o cümlədən dolu, yanğın, zəlzələ, torpaq sürüşməsi, sel və subasma və digər bu kimi hadisələrdən sığortalayır.

"Respublika".