“Rossiyskaya qazeta”: Prezident İlham Əliyev seçkiqabağı vədlərinin hamısını yerinə yetirib
Gündəm

“Rossiyskaya qazeta”: Prezident İlham Əliyev seçkiqabağı vədlərinin hamısını yerinə yetirib

“Rossiyskaya qazeta” nəşrində Aleksey Mixaylovun müəllifi olduğu “Azərbaycan son 20 ildə İlham Əliyevin rəhbərliyi altında regionda nüfuzunu xeyli möhkəmləndirib” sərlövhəli məqalə dərc edilib.

“Respublika” xəbər verir ki, məqalə İlham Əliyevin birinci müddətə Azərbaycan Prezidenti seçilməsinin 20 illiyinə həsr olunub.

Yazıda qeyd olunub ki, bir qayda olaraq, xarici KİV-lər və analitiklər Azərbaycan Prezidentinin uğurları sırasında milli səviyyədə sabitliyin və təhlükəsizliyin qorunub saxlanılması və möhkəmləndirilməsini, həmçinin ölkə iqtisadiyyatının sürətli artımını göstərirlər. Müəllif irimiqyaslı təşəbbüslər və layihələr, milli iqtisadiyyatın şaxələndirilməsi və ixracdan asılılığın azaldılması, dövlət xidmətləri sistemi və təhsil sahəsində islahatlardan bəhs edir.

Qəzet yazır: “Daxili inkişaf üzrə irəliləyiş öz əksini demoqrafik göstəricilərdə tapmaya bilməzdi. Belə ki, Dünya Bankının da qeyd etdiyi kimi, Azərbaycanda əhalinin sayı bir neçə milyon nəfər artıb”.

Müəllif Azərbaycan Prezidenti İlham Əliyevin Qarabağ münaqişəsinin həllində xidmətlərini xüsusi vurğulayır. Məqalədə bildirilir: “Hazırkı Prezidentin rəhbərliyi ilə respublika bir vaxtlar işğal altında olan regionun ətrafındakı hərbi və diplomatik dalanı aradan qaldırdı, yerli erməni əhalinin maraqları kompleks şəkildə nəzərə alınmaqla, total reinteqrasiyanın yolunu açdı”.

Aleksey Mixaylovun qənaətinə görə, Prezident İlham Əliyevə ictimai etimad reytinqinin sabit olaraq ən yüksək səviyyədə qalması heç də təəccüblü deyil.

Müəllif vurğulayır: “Bunun səbəbi odur ki, hazırkı Prezident hakimiyyətdə olduğu iyirmi il ərzində özünün bütün seçkiqabağı vədlərini əməldə yerinə yetirib: tammiqyaslı regional layihələr həyata keçirilib, dövlət gəlirləri durmadan artır, yeni iş yerləri açılıb, sosial problemlər operativ həll olunur. Hazırda yeni tendensiyalara təkan verən Azərbaycan, faktiki olaraq, regionun şəksiz liderinə çevrilib”.