Müstəqil ölkənin iqtisadi inkişaf strategiyası
İqtisadiyyat

Müstəqil ölkənin iqtisadi inkişaf strategiyası

Ötən 20 ildə qarşıya qoyulan bütün vəzifələr icra olunub

Prezident İlham Əliyev Azərbaycana rəhbərlik etdiyi 20 il ərzində ölkənin bütün sahələri, xüsusilə də iqtisadiyyatı böyük inkişaf yolu keçib. Ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan sosial-iqtisadi inkişaf strategiyası bu gün də Azərbaycanın taleyində önəmli rol oynayır.  "Əsrin müqaviləsi"nin təşəbbüskarı olan ümummilli lider Heydər Əliyevin milli iqtisadiyyatın gücləndirilməsində, beynəlxalq qurumlarla səmərəli əlaqələr qurulmasında xidmətləri böyükdür.  Sağlam prinsiplər əsasında  milli iqtisadiyyatın dirçəlməsi Azərbaycanın ticarət tərəfdaşlarının sayını artırmış, bununla da dünyada ölkəmizin mövqeyi  güclənmişdir.

2003-cü ildə xalqın böyük hissəsinin səsini qazanan Prezident İlham Əliyev ötən illər ərzində möhkəm təməllərə əsaslanan milli iqtisadi inkişaf modelini tətbiq etmiş və müasir çağırışlara çevik reaksiya göstərmişdir. Dünya iqtisadiyyatındakı tərəfdaşları ilə qarşılıqlı etimad mühitini formalaşdıran Azərbaycan bu illər ərzində ticarət tərəfdaşlarının sayını 55-dən 185-ə yüksəltmişdir.

Ötən il Azərbaycandan 110-dan çox ölkəyə qeyri-neft məhsulları ixrac olunmuş,  respublikaya məhsul ixrac edən ölkələrin sayı 110-a çatmışdır. Bu da ölkədə qeyri-neft sektorunun inkişafından xəbər verən amildir.  Prezident İlham Əliyevin 2016-cı ilin 5 oktyabr tarixində yerli qeyri-neft məhsullarının "Made in Azerbaijan" adı altında xarici bazarlarda genişmiqyaslı təbliğini nəzərdə tutan Fərman imzalaması  "Made in Azerbaijan" brendinin ölkə xaricində tanıdılması və ixracın stimullaşdırılması məqsədilə 10 fərqli mexanizmi - dəstək tədbirini əhatə edib. Dəstək tədbirlərindən asılı olaraq onların həyata keçirilməsi ilə bağlı xərclər tam və ya qismən dövlət büdcəsi hesabına qarşılanmışdır. Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixracı ilə məşğul olan hər bir ixracatçı bu dəstək tədbirlərinə müraciət etmək hüququna sahib olub.

Azərbaycanın 2030-cu ilədək Milli prioritetlərində və 2022-2026-cı illər üzrə sosial-iqtisadi inkişaf Strategiyasında qarşıya qoyulan vəzifələrə və sağlam prinsiplərə əsaslanmaqla gələcəkdə qeyri-neft ixracında daha yüksək göstəricilər əldə etmək, bununla da dünya iqtisadiyyatında respublikamızın mövqeyini gücləndirmək hədəflənir. Həmçinin 2021-ci illə müqayisədə 2026-cı ildə Azərbaycanın qeyri-neft ixracının 85 faiz, yəni 5 milyard ABŞ dolları səviyyəsində artırılması da nəzərdə tutulur. Ayrı-ayrı regionların inkişaf etdirilməsi də bu sahədə mühüm amildir. Ölkədə qeyri-neft sektorunun inkişafı üçün əlverişli mühitin yaradılması və özəl sektorunun iqtisadi fəallığının stimullaşdırılması hazırda dövlətin qarşısında duran mühüm vəzifələrdən biri sayılır. Həmçinin iqtisadi artımın dayanıqlılığının təmin edilməsi qeyri-neft sektorunun inkişafını zəruri edir. Beləliklə, qeyri-neft sektorunun inkişafı milli-iqtisadi təhlükəsizliyin təmin edilməsində böyük əhəmiyyətə malikdir və bu istiqamətdə inkişaf dövlətin əsas prioritet sahələrindən biridir.

Dünya iqtisadiyyatında sürətli rəqəmsallaşma, məhsuldarlığın əhəmiyyətli  artımı keyfiyyətli inkişafı üçün fürsət yaratdığından, dövlətin rəqəmsal infrasturukturun inkişaf etdirilməsi üçün investisiya qoyuluşunu artırmasına zəmin yaratmışdır. Rəqəmsallaşma müasir dövrümüzün dinamik sürətlə inkişaf edən, bu və ya digər formada milli iqtisadiyyatlara və cəmiyyətlərə öz təsirini göstərən prosesdir. Bu gün informasiya və kommunikasiya texnologiyalarının yeni inkişaf mərhələsinə qədəm qoyması həyatımızın bütün sahələrini transformasiya etmək gücünə malikdir.

İnkişaf etmiş ölkələrin təcrübəsindən də görünür ki, rəqəmsallaşma prosesi işsizliyin aradan qaldırılması, yaşam standartlarının yüksəldilməsi, məhsuldarlığın artırılması, şəffaflığın təmin edilməsi,   kiçik və orta sahibkarlığın inkişafına töhfənin verilməsi ilə iqtisadiyyata müsbət təsir göstərir.  Respublikamız üçün də rəqəmsal iqtisadiyyatın qurulması, müasir texnologiyaların və innovasiyaların tətbiqi prioritet məsələlərdəndir.

Bu məqsədlə "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda, rəqəmsal iqtisadiyyatın inkişafı üzrə strategiyanın hazırlanması və tətbiqi tədbiri öz əksini tapmışdır. Rəqəmsal İqtisadiyyat Strategiyası sənədinin hazırlanması ölkədə davamlı və rəqabətqabiliyyətli rəqəmsal iqtisadiyyatın formalaşdırılmasına, Azərbaycanın müvafiq sahə üzrə qabaqcıl ölkələrdən birinə çevrilməsinə, rəqəmsal iqtisadiyyatın ölçülməsi, həmçinin koordinasiya edilmiş şəkildə inkişaf etdirilməsinə xidmət göstərəcəkdir. Həmin Sərəncam ölkəmizdə rəqəmsal infrastruktur və xidmətlər, müvafiq sahədə qanunvericilik, maliyyə resurslarının əlçatanlığı və rəqəmsal bacarıqların inkişaf etdirilməsi də daxil olmaqla rəqəmsal iqtisadiyyatın bütün komponentləri üzrə inkişaf istiqamətlərini müəyyən edəcək milli strategiya sənədi olacaqdır.

Son 20 ildə ölkəmizdə digər sahələrdə olduğu kimi, rabitə, nəqliyyat və yüksək texnologiyalar sahəsində də böyük irəliləyişlər olub. Nəqliyyat-logistika və ticarət qovşağına çevrilən Azərbaycanda bu illər ərzində 20 min kilometrdən çox avtomobil yolu və 1500 kilometrə yaxın dəmir yolu tikilib və ya təmir olunaraq istifadəyə verilmişdir.  Nəqliyyat sektorunda görülən işlər Azərbaycanı dünya miqyasında əhəmiyyətli tranzit ölkəsinə çevirmişdir.

Qədim İpək Yolunun bərpası istiqamətində nəhəng qlobal təşəbbüsün mühüm həlqəsi kimi çıxış edən Azərbaycan təkcə tranzit ölkə kimi deyil, həm də Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu, "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi kimi layihələrin də bilavasitə təşəbbüskarı və icraçısı olmuşdur. Respublikamızın coğrafi və iqtisadi mövqeyinə görə əlverişli mühitdə yerləşməsi onu təkcə Şərqlə Qərb arasında dəhliz rolunda yox, həmçinin Şimalla Cənubu da birləşdirən mühüm tranzit ölkəsinə çevirmişdir. Yerləşdiyi bölgənin müasir və təhlükəsiz limanı hesab edilən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı da 2018-ci ildən istifadəyə verilmişdir. 

Modern üslubda tikilib istifadəyə verilmiş Bakı Gəmiqayırma Zavodu 2013-cü ildən ən müxtəlif təyinatlı gəmilərin tikintisi və təmiri sahəsində fəaliyyət göstərir.

Vətən müharibəsində qazanılan qələbə ilə torpaqlarını işğaldan azad edən Azərbaycan nəqliyyat-logistika sahəsində potensialını artırmağa nail olmuşdur. Təkcə Qarabağ və Şərqi Zəngəzur zonasında beynəlxalq hava limanlarının tez bir zamanda tikilib istifadəyə verilməsi  ümumilikdə ölkədəki aeroportların sayını 8-ə çatdırmışdır. Hazırda Laçında daha bir hava limanının tikinti işləri davam etməkdədir.

Rəqəmsal inkişaf sahəsində nailiyyətlər 2003-cü ildən bu günə kimi informasiya və rabitə sahəsində 10 dəfədən çox artıma nail olunmuşdur. İşsizliyin qarşısının alınması istiqamətində bu sahədə böyük işlər görülüb. İnformasiya və rabitə sahəsində çalışanların sayı 32 min nəfəri keçmişdir. Vətəndaşların rəqəmsal bacarığının artırılması istiqamətində görülən işlərə nəzər salsaq burada da əhəmiyyətli dərəcədə yüksəlişin olduğunu görərik. Nağdsız ödənişlərin genişləndirilməsi üçün elektron hökumət "E-gov Pay" yaradılıb istifadəyə verilib.

Musa BAĞIRLI,

"Respublika".