Ərzaq təhlükəsizliyinin təmin edilməsi iqtisadi siyasətin prioritetidir
İqtisadiyyat

Ərzaq təhlükəsizliyinin təmin edilməsi iqtisadi siyasətin prioritetidir

Dünya əhalisinin sayının kəskin şəkildə artması, inkişaf etmiş dövlətlərin iqtisadiyyatında maliyyə böhranının yaranması ərzaq təhlükəsizliyi, enerjiyə olan tələbatın ödənilməsi kimi qlobal məsələləri gündəmə gətirir.

Bu mənada, vətəndaşların həyat şəraitini yaxşılaşdırmaq, rifah halını yüksəltmək, onların ərzağa olan tələbatlarını qarşılaya bilmək üçün milli ərzaq sisteminin müstəqil, etibarlı, dayanıqlı olması, istehsalın genişləndirilməsi istiqamətində zəruri tədbirlər görülür. Çünki ərzaq təhlükəsizliyinin təmin edildiyi ölkələrdə davamlı inkişafa, iqtisadi və sosial sabitliyə, ən əsası isə sağlam cəmiyyətin formalaşmasına nail olunur.

Hər bir dövlətin daxili siyasətində strateji xətt olaraq müəyyən edilən ərzaq təhlükəsizliyinə yalnız ölkədaxili problemlər deyil, eyni zamanda beynəlxalq aləmdə baş verən proseslər də ciddi təsir göstərir. Məsələn, 2019-cu ildə başlayan və sürətlə yayılan COVID-19 pandemiyası dünya ölkələrinin iqtisadiyyatını sarsıtdı. İctimai həyatın bütün sahələrinə mənfi təsir edən pandemiya ilə əlaqədar ölkələrarası marşrutların dayandırılması, iaşə obyektlərinin fəaliyyət göstərməməsi, turizm sahəsinin tamamilə iflasa uğraması iqtisadi fəallığın kəskin şəkildə zəifləməsinə və bununla da gəlirlərin aşağı düşməsinə səbəb oldu. Bütün bunlar hətta inkişaf etmiş ölkələrdə belə ərzağa olan tələbatında da strukturunda dəyişikliklər yaratdı. Təbii ki, müəyyən bir xəstəliyin genişlənib bütün dünyanı ağuşuna alması, pandemiya səviyyəsinə çatması az hallarda müşahidə olunur. Bu baxımdan, epidemioloji vəziyyətlə yanaşı, ayrı-ayrı ölkələr arasında gedən müharibələr nəticəsində ikitərəfli və çoxtərəfli əlaqələrin pozulması, dünya iqtisadiyyatının inkişaf tempinin aşağı düşməsi, logistik maneələr, xammalın istehsal sahələrinə çatdırılmasında dayanmalar, iqtisadiyyatı zəif olan ölkələrin inkişaf etmiş ölkələrdən xammal asılılığının güclənməsi və həmin ölkələrin düzgün olmayan aqrar siyasəti nəticəsində dünya əhalisinin ərzaqla təmin olunmayan hissəsi arasında artım tendensiyası və s. ölkələrin ərzaq təhlükəsizliyinə mənfi təsir göstərdi.

Ərzaq təhlükəsizliyi dövlətimizin iqtisadi siyasətinin prioritetlərindən biri kimi müəyyən edilmişdir. Müstəqilliyin bərpasının ilk illərində, 1995-ci ildə əhalinin kənd təsərrüfatı məhsulları ilə təminatını yaxşılaşdırmaq məqsədilə fərdi və kollektiv fəaliyyətlər aparmaq və həmçinin kənd təsərrüfatının inkişafı məsələləri üzrə hökumətlərarası təşkilatların işlərini əlaqələndirmək üçün ölkəmiz 1995-ci ildən BMT-nin ixtisaslaşdırılmış qurumu olan BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) üzvüdür. 2001-ci ildə Prezident Heydər Əliyevin müvafiq Sərəncamına əsasən iqtisadi islahatların daha da dərinləşdirilməsi, kənd təsərrüfatı məhsulları istehsalının artırılması və əhalinin ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılmasını təmin etmək məqsədilə "Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi Proqramı" qəbul edilmiş və bu proqram 10 illik müddəti əhatə etmişdir. Bununla yanaşı, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarında respublikanın rayonlarında iqtisadiyyatın inkişafını sürətləndirən amillər, bununla bağlı dövlət dəstəyinin əsas istiqamətləri öz əksini tapdı. İqtisadiyyatın ayrı-ayrı sahələrini inkişaf etdirmək, istehsalı şaxələndirmək, ixracyönümlü məhsul istehsalını stimullaşdırmaq, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşması üçün yerli sahibkarlığa geniş imkanlar yaratmaq, məşğulluğun səviyyəsini artırmaq və bütün bunların fonunda ölkə iqtisadiyyatının dinamik inkişafını təmin etmək əsas məqsəd olaraq müəyyənləşdirilib. Dövlət başçısının ölkə əhalisinin əsas ərzaq məhsulları ilə tələbatının yerli istehsal hesabına ödənilməsi ilə bağlı apardığı məqsədyönlü siyasət nəticəsində respublikamızda aqrar sahənin inkişafı təmin olunub. Kənd təsərrüfatının inkişafına yönəlmiş Dövlət proqramlarının icrası, fermerlərə güzəştli kreditlərin və subsidiyaların ayrılması, kənd təsərrüfatı texnikalarının yenilənməsi, kənd təsərrüfatı məhsullarını saxlamaq üçün regionlarda soyuducu-anbar komplekslərinin tikintisi, məhsuldar toxum növlərinin və cins mal-qaranın alınması və digər tədbirlər aparılan islahatların əsasını təşkil edir. Kənd təsərrüfatı və yeyinti sahələrinin inkişafı istiqamətində dövlət tərəfindən həyata keçirilən ardıcıl tədbirlərin nəticəsidir ki, bu gün ölkə əhalisinin ət, süd məhsulları, bitki yağları, şəkər və digər əsas ərzaq məhsullarına olan tələbatının böyük bir hissəsi yerli istehsal hesabına ödənilir.

İyunun 3-də Minskdə keçirilən "Avrasiya İqtisadi İttifaqının ərzaq təhlükəsizliyi" plenar sessiyasında qonaq qismində iştirak edən Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov çıxışında ərzaq təhlükəsizliyinin ölkəmiz üçün strateji əhəmiyyətini vurğulayıb: "Həyata keçirilən kompleks tədbirlər nəticəsində ötən il Azərbaycanda kənd təsərrüfatı məhsullarının həcmi 3 faiz artıb. Eyni zamanda heyvandarlıq məhsullarında artım 3,2, bitkiçilikdə 2,7 faiz olub. Müsbət tendensiya bu il də davam edir. İlk 4 ayda kənd təsərrüfatı məhsulları istehsalı 1,6, heyvandarlıq məhsulları istehsalı 1,5, bitkiçilik məhsulları istehsalı 2,7 faiz artıb. Dəstək tədbirləri sayəsində ölkənin bir sıra ərzaq məhsulları, o cümlədən meyvə-tərəvəz, kartof, yumurta, ət və süd məhsulları ilə özünütəminetmə səviyyəsi 80 faizi ötüb. Ötən ilin sonunda Azərbaycanın qeyri-neft və qaz ixracında təxminən 10 faiz artım müşahidə edilib".

Azərbaycan öz əhalisini ərzaqla yüksək səviyyədə təmin edən ölkələr sırasında yer alır. Məqsədyönlü daxili siyasət nəticəsində respublikamızda ərzaq məhsulları istehsalçılarının həvəsləndirilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilir, onlara subsidiyalar verilir, vergi, gömrük və digər güzəştlər tətbiq edilir. Mikro, kiçik və orta biznes fəaliyyətinə dövlət tərəfindən əsaslı dəstək göstərilir. Bu istiqamətdə qanunvericilik bazası təkmilləşdirilir, yüksək texnologiyalar və innovativ həllərdən istifadə genişləndirilir. Qeyri-neft sektoru inkişaf etdirilir ki, bu da idxaldan asılılığın aradan qaldırılmasına geniş imkanlar yaradır. Bütün bunlarla bərabər, yerli istehsalı və ixracı artırmaq üçün dövlət tərəfindən ayrılan vəsaitlərin düzgün və səmərəli bölgüsü vacib məsələ olaraq qarşıya qoyulur.

İşğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatının bərpası və inkişafının sistemli xarakter alması əsas vəzifədir. Bu yerlərdə əkinəyararlı, məhsuldarlığı yüksək olan torpaqların becərilməsi, heyvandarlığın inkişaf etdirilməsi, torpaq və su resurslarından səmərəli şəkildə istifadə olunması ölkəmizdə ərzaq təhlükəsizliyinin formalaşmasına imkan yaradacaq.

Mehparə ƏLİYEVA,

"Respublika".