Regional əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb
Gündəm

Regional əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb

Oktyabrın 18-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının İcraiyyə Komitəsinin nazirlər səviyyəsində keçirilən növbədənkənar iclasında iştirakı çərçivəsində İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahian ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, görüş zamanı iki ölkə arasında mövcud əməkdaşlıq gündəliyində duran məsələlər, çoxtərəfli regional əməkdaşlıq məsələləri, habelə bölgədə mövcud vəziyyət müzakirə olunub.

Son zamanlar iki ölkə arasında artan ikitərəfli təmasların, ikitərəfli iqtisadi komissiya çərçivəsində keçirilmiş görüşlərin əhəmiyyəti qeyd olunub. Bu təmasların iki ölkə arasında gündəlikdə duran bəzi məsələlərin həlli üçün də vacib olduğu bildirilib.

Nazir Ceyhun Bayramov postmünaqişə dövründə regionda mövcud vəziyyət, Azərbaycan ilə Ermənistan arasında sülh prosesinin gündəliyinin perspektivləri, habelə Qarabağ bölgəsində görülən antiterror tədbirlərindən sonra bölgədə həyata keçirilən işlər barədə ətraflı məlumat verib.

Sülh gündəliyinin irəlilədilməsi istiqamətində yaranmış imkanlardan bəhs edən nazir xüsusilə bölgədə nəqliyyat və kommunikasiyaların inkişafı və genişləndirilməsi istiqamətində bu il oktyabrın 6-da "Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu"nun imzalanmasının əhəmiyyətini qeyd edib.

Ölkəmizin bölgədə sülh və təhlükəsizliyin bərqərar edilməsi, regional əməkdaşlığın təşviqində qərarlı olduğu diqqətə çatdırılıb.

Görüşdə, həmçinin digər regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.