Qərəzli mövqeyi ilə Fransanın vasitəçiliyi qəbuledilməzdir
Siyasət

Qərəzli mövqeyi ilə Fransanın vasitəçiliyi qəbuledilməzdir

Azərbaycan Xarici İşlər Nazirliyi Fransa prezidenti Emmanuel Makronun anti-Azərbaycan mövqeyi ilə bağlı bəyanat yayıb. Makronun bir neçə gün əvvəl verdiyi müsahibədə Azərbaycana qarşı yönələn, daha çox daxili auditoriyaya hesablanmış, tamamilə birtərəfli və açıq şəkildə Ermənistanı müdafiə edən fikirlərinin qəbuledilməz olduğu bildirilən bəyanatda da qeyd olunduğu kimi, Fransa prezidenti məhz o dövlət başçısıdır ki, Ermənistanın Azərbaycan ərazilərini 30 ilə yaxın işğal altında saxlaması, bu torpaqlardakı qanunsuz fəaliyyəti, beynəlxalq hüququn fundamental prinsiplərini heçə sayıb. Azərbaycanın ərazi bütövlüyünü və yüz minlərlə azərbaycanlının hüquqlarını kobud şəkildə pozması, BMT TŞ-nin qətnamələrini yerinə yetirməməsi barədə, ölkəsi Minsk qrupunun həmsədri olmasına rəğmən, bir kəlmə də olsun söz deməyib. Fransa prezidenti təəssüf ki, bu günədək Ermənistan tərəfindən üçtərəfli Bəyanatın müddəalarının yerinə yetirilməməsi, Azərbaycan ərazilərində minalar basdırmaqla bölgədəki təhlükəsizliyə hədə törətməsi barədə də susur. Makronun gizlədə bilmədiyi, daha doğrusu, gizlətmədiyi əsas məqam Ermənistan-Azərbaycan münasibətlərində açıq tərəf olmasıdır. Münaqişənin mövcud olduğu 30 ilə yaxın dövrdə, 44 günlük müharibənin getdiyi və postmüharibə dövründə Fransa bunu gizlətməyib.

Fransa prezidenti Emmanuel Makron "France 2" telekanalına müsahibəsində bu dəfə də özünün ermənipərəst mövqeyini ortaya qoydu. Tarixi ədalətsizlikləri və genosid ləkələri ilə zəngin olan bir ölkənin prezidentindən yalanlara, şəxsi ambisiyalara köklənmiş bu cür açıqlamalar, əslində, təəccüb doğurmur və gözləniləndi. Bununla belə, Makronun məntiqi və yalanlarının miqyası, sadəcə heç bir siyasətçinin yol verə bilmədiyi yanlış yanaşması təəssüf doğurur. Fransa prezidenti Emmanuel Makron "France 2" telekanalına müsahibəsində deyib: "İki il əvvəl beynəlxalq səviyyədə tanınmayan və mübahisəli ərazi olan Dağlıq Qarabağda müharibə baş verdi. Amma Qarabağ bu ölkənin ürəyində olduğu üçün Ermənistan orada idi. Azərbaycan çoxsaylı qurbanları və amansız səhnələri ilə dəhşətli müharibəyə başladı və bu ərazini işğal etdi". Bu cəfəng fikirləri ilə məkrli niyyətlərini ortaya qoyan, özünü yenə gülünc vəziyyətə salan Makrona xatırladırıq ki, onun ölkəsi həmişə rəsmi səviyyədə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib, tanıyıb. Hakimiyyətdə olduğu müddətdə Makron Azərbaycanla uzun illər ərzində formalaşmış yüksək səviyyəli münasibətləri çətinləşdirməyə çalışır. Onu da yaxşı bilir ki, hüquqi təcrübədə "beynəlxalq səviyyədə tanınmayan ərazi" anlayışı yoxdur. O, bu terminləri dilə gətirməklə məntiqli düşüncədən, ədalətdən uzaq olduğunu göstərdi və tənqidlərə məruz qaldı.

Makronun iddiaları siyasətlə az-çox məşğul olan hər kəsin bildiyi məsələlərdən xəbərsiz olduğunu təsdiq edir. O, iddia edir ki, Azərbaycan və Ermənistan arasında son sərhəd toqquşması Rusiyanın "sifarişidir" və Moskva ilə Bakı İrəvana qarşı "birgə" oynayaraq, Ermənistanı zəiflətməyə çalışıblar. Makronun məntiq(sizliy)inə görə, Azərbaycan və Rusiya sərhəd hadisələrində Ermənistana qarşı birgə plan qurub. Görəsən, o bilmir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olan ölkə Azərbaycandır, yoxsa Ermənistan? Cənubi Qafqazda Rusiyanın hərbi bazası Azərbaycandadır, yoxsa Ermənistanda? Rusiyanın hərbi və siyasi müttəfiqi hansı ölkədir?! Rusiyanın Paşinyan hakimiyyəti ilə münasibətlərində müəyyən problemlərin yaranması müşahidə edilsə də, hərbi və siyasi müttəfiqi olan ölkəyə qarşı belə bir addım atması iddiası gülüncdür. Bu iddia həm də ona görə gülüş doğurur ki, sərhəddə baş verən istənilən toqquşma Rusiyanın Cənubi Qafqaz, xüsusilə Bakı və İrəvan arasındakı balanslı siyasətinə ziddir. Moskva KTMT üzvü olan müttəfiqi Ermənistanın mövqeyini müdafiə etməyə məcburdur və Azərbaycanla münasibətlər fonunda belə vəziyyət ona sərf etmir.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Fransa prezidenti Emmanuel Makronun Rusiyanın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesindəki rolu ilə bağlı açıqlamalarına cavab olaraq bildirib ki, bu cür bəyanatlar Qərbin Rusiyaya qarşı siyasi xəttinə uyğundur və qarşıdurma məntiqini Ukraynadan postsovet məkanının digər hissələrinə, o cümlədən Cənubi Qafqaza köçürmək cəhdlərinə dəlalət edir. Fransa prezidentinin absurd uydurmaları Parisin regionda davamlı sülhün bərqərar olmasına maraq göstərməməsindən xəbər verir və onun ölkəsinin bölgədə konstruktiv rol oynaya bilməsini şübhə altına alır. Hətta Bakı ilə İrəvan arasında gərginlik dövründə özünü standart sülh çağırışları ilə məhdudlaşdıran Fransadan fərqli olaraq, Rusiya praktiki baxımdan münaqişənin həllinə töhfə verib. Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatının imzalanmasında ölkəsi həlledici rol oynayıb. Parisin Azərbaycan və Ermənistanla Rusiyanın münasibətlərinə zərbə vurmaq cəhdləri uğursuzluğa məhkumdur və yalnız Fransanın regionda nüfuzunun daha da azalmasına gətirib çıxaracaq.

Paris bununla Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsində vasitəçi yox, tərəf olduğunu də təsdiqlədi. Beynəlxalq hüquqda vasitəçi neytral, qərəzsiz, heç bir münaqişə tərəfini tutmayan, tərəflərə mübahisə ilə bağlı müəyyən razılaşma əldə etməyə kömək edən tərəfdir. Makron isə bəyan edir ki, "Ermənistan bizim xüsusi əlaqəmiz olan ölkədir". Bu, Frasanın "vasitəçiliyi"nin Azərbaycan tərəfindən qəbul edilməsini mümkünsüz edir.

Mustafa KAMAL,

"Respublika".