“Eks”lərin kilsə oyunu fayda vermir
Siyasət

“Eks”lərin kilsə oyunu fayda vermir

Ermənistandakı sosial, iqtisadi və siyasi çöküş beynəlxalq münasibətlərdə, xüsusilə sülh prosesində əsaslı əngələ çevrilib. Haylar uzun müddətdir revanşist arzularını yüksək səslə İrəvan meydanlarından nümayiş etdirirlər. Yerli hakimiyyətə qarşı yönəlmiş aksiyalar, kilsə və baş nazir Nikol Paşinyan arasındakı ədavət ermənilərin gələcək taleyini sual altında qoyur. Bir tərəfdə xalqı "böyük Ermənistan" utopiyasına inandırmağa, yeni münaqişə ocaqlarının yaranmasına cəhd göstərən Baqrat Qalstanyan, digər tərəfdə "dəmir yumruğ"un gücünü anlayıb dövlətçiliyi xilas etməyə çalışan Nikol Paşinyan rejimi. Hər iki versiyada, xalqın bölünməsi, iqtidara qarşı müəyyən qismin cəbhə alması özünü göstərə bilər. Lakin regional müstəvidə, xüsusilə sülh prosesində revanşizmə yer yoxdur.

Azərbaycan və Ermənistan arasındakı sülh prosesinin ikitərəfli qaydada reallaşması məmnunluq doğursa da, görünür, antiqüvvələr Cənubi Qafqazda sabitliyin bərqərar olmaması üçün əllərindən gələni əsirgəməyəcəklər. Hadisələrin axarına nəzər yetirsək, görərik ki, keşişin aksiyaları daha da alovlandırması, paytaxt küçələrində etirazçıların "istefa!" şüarlarını səsləndirməsi məhz sülh danışıqlarının intensivləşdiyi bir dövrə "təsadüf" edir. Bununla yanaşı, Qazaxın 4 kəndinə Azərbaycanın nəzarətinin tam təmin olunmasından sonra revanşistlər bir qədər azğınlaşdılar. Belə ki, bu gün Ermənistanda hakimiyyətə müxalif qüvvələr delimitasiya və demarkasiya prosesinin "ədalətli" baş tutmaması kimi iddialar səsləndirir və bu məsələyə görə iqtidarı günahlandırırlar. Yəni müxtəlif nonsens həmlələrlə hakimiyyəti sülh prosesindən yayındırmağa çalışırlar.

Ümumiyyətlə, "Vətən uğrunda Tavuş" hərəkatı istədiyinə nail ola bilmir. Belə ki, aksiyalara qoşulanların sayı getdikcə azalır və hərəkat sönür. Hərəkat daxilində yaranan bir sıra problemlər də keşişin planlarını fiaskoya uğradır. Ötən günlərdə Ermənistanın İstintaq Komitəsi 29 yaşlı vətəndaşa qarşı "Vətən uğrunda Tavuş" qisasçı hərəkatının aksiyalarında iştirak etmək üçün insanlara rüşvət vermək ittihamı ilə iş açıb. Qərb qonşumuzun mediasında verilən xəbərlərə görə, bununla bağlı iki nəfərin söhbətinin səs yazısı yayılıb. Mediaya sızdırılan səs yazısında onlardan birinin müxalifət hərəkatının mitinqlərində iştiraka görə ona vəd edilən məbləğin tam ödənilməməsindən şikayət etdiyi məlum olub. Məsələ ilə bağlı aparılan əməliyyat tədbirləri nəticəsində 29 yaşlı şəxs saxlanılıb. O, etiraz aksiyalarında iştirak etmək üçün 4 nəfərə 5 min dram, yəni 12 dollar rüşvət verməkdə ittiham olunur. Erməni mediasında bu kimi xəbərlər isə aksiya təşkilatçılarının səriştəsizliyi kimi qiymətləndirilir. Bu səbəbdən, hazırda mitinqlərə qatılanların sayında ciddi azalma müşahidə edilir. Xatırladaq ki, ötən aydan bəri etiraz aksiyalarındakı iştirakçıların seyrəlməsi davam edir. Mayın 10-u və 12-də keçirilən etiraz aksiyalarında əvvəlki aksiyada iştirak edənlərin üçdəbiri qədər insan iştirak edib. Qalstanyan vaxtilə Köçəryan və Sərkisyan dövründə müxtəlif vəzifələrdə çalışmış müstəqil deputat İşxan Zakaryanla görüşdüyünü və deputatın Paşinyana etimadsızlıq səsverməsində iştirak edəcəyini bildirib. Amma etimadsızlıq səsinin parlamentdən keçməsi üçün 54 deputatın səsi lazımdır və bu da o deməkdir ki, Qalstanyan Paşinyanın partiyasından olan deputatları razı salmalıdır.

Ermənistandakı etiraz aksiyasının zəifləməsinin daha bir səbəbi isə Baqrat Qalstanyanın keçirdiyi absurd görüşlərdir. Erməni keşişin hətta eks-prezident Robert Köçəryanla görüşdüyünə dair erməni mətbuatında xəbərlər də yayımlanıb. Əsas məqsədi Nikol Paşinyanı vəzifədən salmaq olan Baqratın əhalini hakimiyyət çevrilişinə səsləyən Xocalı qatili ilə görüşünün altında bir sıra gizli məqamlar yatır. Mövcud şəraitdə bu görüş genişmiqyaslı aksiyaların arxasında keçmiş "Qarabağ klanı"nın dayanmasının sübutu anlamına gəlir. Nəzərə almaq lazımdır ki, əvvəllər də tərəflər arasında belə alış-veriş olub. Bir neçə il əvvəl Nikol Paşinyanın təqiblərindən qurtulmaq üçün kilsəyə sığınan və bu vasitə ilə ölkəni tərk etməyə çalışan R.Köçəryan 2021-ci ildə keçirilən mətbuat konfransı zamanı prezidentliyə namizəd irəli sürmək üçün ən yaxşı seçimin erməni apostol kilsəsinin ruhani liderlərindən biri ola biləcəyini söyləmişdi. Fikrini əsaslandıran eks-prezident onun qərəzsiz və ümumbəşəri "hörmətə malik olacağını" vurğulamışdı. Köçəryanın bu açıqlaması ölkədəki bəzi ruhaniləri həvəsləndirməklə yanaşı, aksiyalarda onun əlinin olduğunu bir daha ortaya çıxarır. Hələ 2021-ci ildə Robert Köçəryan ümid edirdi ki, ölkədəki xaosdan istifadə edərək yenidən hakimiyyəti ələ keçirəcək. R.Köçəryanın planının baş tutacağı təqdirdə, Baqratın da katalikos postuna yiyələnəcəyi istisna deyildi. Amma "kilsə - eks-prezident" ittifaqının planları suya düşdü. Ümumiyyətlə, indi keçmiş "Qarabağ klanı" erməni cəmiyyətində heç də müsbət mövqedə deyil. Daha dəqiq desək, Ermənistan vətəndaşları bu gün ölkənin müstəqilliyinə və suverenliyinə xələl gətirəcək fiqurları rədd edir. Belə olduğu təqdirdə isə ermənilərin Köçəryan kimi qüvvələrin hakimiyyətə gəlməsi ilə barışmayacağı məlumdur. Elə bu səbəbdən də əhali Qalstanyanın aksiyalarına artıq üz çevirir.

Şübhəsiz, bu gün Ermənistanda baş verənlər rəsmi Bakının da diqqət mərkəzindədir. Serj Sarksyan, Köçəryan və keşişlərin oyununun sülh prosesinə kölgə salması qəbuledilməzdir. Lakin bir məqam da var ki, hayların siyasi elitası da müəyyən qədər nataraz mövqeyi ilə seçilir. Son olaraq, xarici işlər naziri Ararat Mirzoyanın səsləndirdiyi fikirlər sülh prosesini ləngidir. O qeyd edib ki, konstitusiyaya dəyişiklik məsələsi rəsmi Bakı ilə İrəvan arasında danışıqlara daxil edilməyib. Yəni erməni rəsmisinin dediyindən belə çıxır ki, müstəqillik bəyannaməsinin icrası əsas vəzifədir və qondarma Dağlıq Qarabağ Şurasının 1989-cu ildə qəbul etdiyi qondarma birləşmə qərarı yerinə yetirilməlidir. Əlbəttə ki, bu addım növbəti siyasi səriştəsizlikdən irəli gəlir və Ermənistan dövlətiçiliyinin aqibətini sual altında qoyur. Ümumiyyətlə, kilsə Paşinyan rejimi və digər kənar müdaxilələrə qarşı rəsmi Bakı adekvat yanaşma göstərir. Elə 6 iyun tarixində Prezident İlham Əliyev TÜRKPA-nın nümayəndə heyətini qəbul edən zaman Hayastandakı revanşistlərə əsaslı mesajlar verildi: "Onlar revanşizm ideyalarından tamamilə imtina etməlidirlər və biz görürük ki, belə ideyalar təkcə müxalifətdə deyil, iqtidarda da var. Bütün bu məsələlər, təbii ki, aydınlaşdırılmalı və tənzimlənməlidir. Ancaq yenə də demək istəyirəm ki, biz sülh sazişinin bütün bəndlərinin BMT Nizamnaməsinə və beynəlxalq hüquqa uyğun olaraq razılaşdırılması istiqamətində konstruktiv işə sadiqik". Bununla yanaşı, dövlət başçısı Ermənistandakı millətçilər və hərbi cinayətkarların cəmiyyəti zəhərləməsindən də bəhs etdi və bildirdi ki, onlar bu məsələlərlə ciddi məşğul olmalıdırlar.

Qalstanyanın Köçəryan və Sarkisyan kimi dələduz, əliqanlı qatillərin göstərişləri əsasında gördüyü işlər demək olar ki, ifşa edilib. Kifayət qədər siyasi sistemdə avtoritar sayılan kilsə institutunun nümayəndəsini dəstəkləyənlər isə əldə qalan dövlətçiliyi də itirməklə üzləşə bilərlər.

Nurlan ABDALOV,

"Respublika".