Üç qardaşın döyüş yolu...
CƏMİYYƏT

Üç qardaşın döyüş yolu...

Azərbaycan gəncinin millətinə, dövlətinə və torpağına bağlılığının bariz nümunəsi, vətənpərvərliyi ilə gələcək nəsillərə örnək olan şücaətli oğullardan biri də şəhid baş leytenant Bayram İlqar oğlu Babaşovdur. O, 1993-cü ildə Cəlilabad rayonunun Günəşli kəndində doğulub. 2009-2012-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, 2012-2016-cı illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb.

Bayram 2016-cı ildə hərbi məktəbi bitirib və elə həmin ildən də 3-cü ordu korpusunun xüsusi təyinatlı snayper bölümündə taqım komandiri vəzifəsinə təyin edilib. O, xidməti müddətində dəfələrlə xüsusi əməliyyatlarda iştirak edib, qardaş Türkiyədə xüsusi təlimlərdə olub, müxtəlif snayper kursları keçib. Xüsusi hava desantı paraşüt kurslarını bitirən Bayram 2019-cu ildə baş leytenant rütbəsini alıb və 3-cü ordu korpusunun əlahiddə əməliyyat taborunun birinci əməliyyat bölüyünün komandiri olub.

Baş leytenant Bayram Babaşov və döyüş yoldaşları 2020-ci il sentyabrın 27-də rəhbərlik etdiyi bölükdə Azərbaycan ordusunun müdafiə zolağının ən çətin istiqamətində Murovdağ yüksəkliyindən hücum edərək, "alınmaz qala" adlandırılan Ömər aşırımı istiqamətində yerləşən düşmən mövqelərini ələ keçiriblər. Qısa müddətdə 2800 metr yüksəklikdə yerləşən sərt qayalıq ərazilərdən keçərək "Canavar qulaqları" adlanan postları tutub. Bundan başqa, "Elşən" postunda mühasirəyə düşmüş şəxsi heyəti mühasirədən çıxarıb.

Kəlbəcər uğrunda döyüşlərdə qəhrəmancasına vuruşan kəşfiyyatçı-zabitlə ailəsinin sonuncu telefon danışığı sentyabrın 29-da olub. Bayram Babaşov mühasirədə olmasına baxmayaraq, ələ keçirdiyi mövqelərdən sona qədər geri çəkilməyib. Döyüş yoldaşlarının sözlərinə görə, o, şəhid olan əsgərlərin və yaralıların düşmən əlinə keçməməsi üçün son nəfəsinə qədər üç saat təkbaşına döyüşüb, 30-dan çox düşməni məhv edərək, oktyabrın 2-də qəhrəmancasına şəhid olub. Cənazəsi 72 gün sonra 18 dekabrda doğulduğu Cəlilabad rayonunun Günəşli kənd qəbiristanlığında torpağa tapşırılıb. Bir oğlu bizə əmanət qalıb. Onun iki qardaşı - Vüqar Babaşov və Nurlan Babaşlı Vətən müharibəsində iştirak edib və hər ikisi qazi olub. Hər iki qardaş Kəlbəcər istiqamətində döyüşüb. Nurlan düşmənin ağır artilleriya zərbəsi nəticəsində bir qolunu itirib.

Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün ölümündən sonra Bayram Babaşov "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.

Müşfiq MİRZƏ,

"Respublika".