Prokurorluq orqanlarının yaradılmasının 105-ci ildönümü münasibətilə tədbir
Gündəm

Prokurorluq orqanlarının yaradılmasının 105-ci ildönümü münasibətilə tədbir

Milli prokurorluq orqanlarının yaradılmasının 105-ci ildönümü münasibətilə Baş Prokurorluğun rəhbərliyi oktyabrın 1-də Fəxri Xiyabana gələrək, ulu öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyub. Həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyeva, tanınmış dövlət xadimi Əziz Əliyev və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üzərinə gül dəstələri düzülüb. Sonra Şəhidlər Xiyabanı və İkinci Şəhidlər Xiyabanına gələn prokurorluğun kollektivi Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsinə dərin ehtiramlarını bildirib, "Əbədi məşəl" abidəsini ziyarət ediblər.

Baş Prokurorluğun Mətbuat Xidmətinin məlumatında bildirilir ki, Baş Prokurorluğun inzibati binasında Azərbaycan Respublikası Prokurorluğunun yaradılmasının 105-ci ildönümü münasibətilə tədbirdə Baş prokuror Kamran Əliyev prokurorluq orqanlarında çalışan bütün əməkdaşları, veteranları, onların ailə üzvlərini peşə bayramı münasibətilə təbrik edib. K.Əliyev tədbirin Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinin qeyd olunmasını əlamətdar hadisə kimi qiymətləndirib. Bildirilib ki, Prokurorluqa orqanlarının bu gün dünya standartlarına uyğun fəaliyyəti qanunçuluq, hər kəsin qanun qarşısında hüquq bərabərliyi, insan və vətəndaş hüquqlarının təmin olunması prinsiplərinə əsaslanan, demokratik cəmiyyətdə özünəməxsus yer tutan orqan kimi formalaşması və prokurorluq orqanlarının konstitusion statusa malik olmaqla dövlət idarəetməsində mühüm əhəmiyyət daşıması yalnız ulu öndər Heydər Əliyevin rəhbərliyi altında başlanan və cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən hüquq islahatları və hərtərəfli dövlət dəstəyi nəticəsində mümkün olmuşdur. Çıxışın sonunda əminliklə qeyd olunub ki, prokurorluq orqanlarının əməkdaşları göstərilən yüksək etimadı doğrultmaq üçün bütün səylərini səfərbər edəcək, bundan sonra da öz vəzifələrinə məsuliyyətlə yanaşaraq ictimai asayişin təmin olunmasında və cəmiyyətin cinayətkar qəsdlərdən qorunmasında respublikanın digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə yaxından iştirak edəcəkdir. Daha sonra Azərbaycan Respublikasının Prezidentinin sərəncamları ilə bir qrup prokurorluq əməkdaşının təltif olunması, həmçinin xidməti fəaliyyətdə fərqlənən əməkdaşların mükafatlandırılması mərasimi keçirilib. Sonda milli prokurorluq orqanlarının yaradılmasının 105-ci ildönümünə həsr olunmuş, prokurorluq əməkdaşlarının gündəlik həyatından bəhs edən "İstintaq" qısametrajlı film izlənilib.

"Respublika".