Paris Bakıdan asılı vəziyyətdə...
Siyasət

Paris Bakıdan asılı vəziyyətdə...

Qazaxıstan Fransanın EDF şirkəti ilə AES tikintisi üzrə danışıqlar aparmağa hazırdır. Bu barədə Qazaxıstanın energetika naziri Almasdam Satkaliyev açıqlama verib. Onun sözlərinə görə, nazirlik həmçinin "Total Energies" şirkəti ilə külək elektrik stansiyasının tikintisi üzrə əməkdaşlıq, Qazaxıstanın "Kazatomprom" şirkəti ilə Fransanın "Orano" şirkəti arasında qarşılıqlı fəaliyyət və bir sıra digər məsələləri müzakirə etməyi planlaşdırır. Bu əməkdaşlığın reallaşması mümkün görünür. Çünki rəsmi Paris elektrikə olan tələbatının 80 faizini atom elektrik stansiyalarından əldə edir. Sözügedən müəssisələrin çalışması üçün isə daima urana ehtiyac var. Fransa bu kimyəvi maddəni Afrika ölkələrindən əldə edirdi. Ancaq Nigerdə çevriliş baş verdikdən sonra hakimiyyətə gələn qüvvələr Fransaya uran satmaqdan imtina ediblər. Bununla da, Yelisey Sarayı alternativ axtarışına çıxıb. Elə Prezident Emmanuel Makronun Qazaxıstan səfəri də bu məqsədlə həyata keçirilib.

Belə ki, dünyadakı uran ehtiyatlarının təxminən beşdəbiri Qazaxıstanda yerləşir. Astana uran ehtiyatlarına görə dünyada ikinci, hasilatı üzrə isə liderdir. 2020-ci ildə ölkə həmin radioaktiv metaldan 19,8 min ton hasil edib ki, bu da qlobal ehtiyatların təxminən 41%-ni təşkil edir. Bütövlükdə isə onun uran ehtiyatları 907 min ton həcmində qiymətləndirilir. Qazaxıstanın uran istehsalı müstəqillik dövrü ərzində 20 dəfədən çox artıb. Belə olan halda, Astananın Fransaya uran satması real görünür. Amma tərəflər arasındakı bu sahədə əməkdaşlığa hazırlıq hələ prosesin tam şəkildə icra olunacağı demək deyil. Belə ki, uran təhlükəsizlik səbəblərindən hava yolu ilə daşınmır, quru və dəniz marşrutundan istifadəyə üstünlük verilir. Qazaxıstan uranının Fransaya quru yolla daşınması üçün isə cəmi iki - Rusiya və Azərbaycan versiyası var.

Şərqi Avropadakı müharibəyə görə qərblə Moskva arasındakı münasibətlər korlanıb. Görünən odur ki, Ukraynadakı savaş davam etdiyi müddətdə Fransa və Rusiyanın da əlaqələri kəskin olaraq qalacaq. Hətta müharibədən sonra belə kollektiv qərb ilə Kremlin yaxınlaşması gözlənilmir. Çünki qoca qitə təmsilçiləri Moskvaya sanksiyalar tətbiq edir ki, bunun da nəticəsi uzun müddət davam edəcək. Bu isə o deməkdir ki, Qazaxıstan uranının Rusiya üzərindən Fransaya çatdırılması mümkün deyil. Belə olan halda, yeganə Azərbaycan versiyası qalır. Əslində, rəsmi Bakı həm siyasi, həm də iqtisadi sahədə əməkdaşlığa açıqdır. Amma radioaktiv metalın Azərbaycan üzərindən Fransaya daşınması çətin məsələdir. Bu problemli vəziyyətə səbəb isə birbaşa olaraq Makron hökumətinin Cənubi Qafqazda yürütdüyü siyasətdir. Belə ki, rəsmi Paris İrəvanı qeyd-şərtsiz dəstəkləyir. Son olaraq Fransa və Ermənistan arasında müdafiə sahəsində ikitərəfli əməkdaşlığa dair sənəd imzalanıb. Makron hökuməti İrəvana hərbi müşavir göndərəcəyi və onların erməni xüsusi təyinatlılarına təlim keçəcəyini də açıqlayıb. Üstəlik, Parisin təşəbbüsü ilə bir qrup ermənipərəst dövlət BMT-nin İnsan Haqları Şurasında Azərbaycan əleyhinə birgə bəyanat veriblər. 34 ölkənin birgə bəyanatı kimi təqdim edilən sənəddə Xankəndi və ətraf rayonlardan gedən ermənilərin geri qaytarılacağı və onların Qarabağda yaşaması üçün lazımi addımların atılacağı bildirilib. Amma burada bir məqam var. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, Qarabağda doğulub yaşayan və vaxtilə Azərbaycan vətəndaşı olan şəxslər bizim konstitusiyamızla müəyyənləşən qanunları qəbul edib ölkəmizin vətəndaşı olmaq istəyəcəklərsə, onlara bütün imkanlar təqdim olunacaq. Qarabağ ermənilərinin hüquq və təhlükəsizlik təminatı məsələsi həll ediləcək. Artıq bununla bağlı portal da yaradılıb və bölgədə qalan insanların reinteqrasiya prosesi davam edir. Yəni onsuz da Yelisey Sarayının addımları nəticəsiz qalır, erməni sevgisi regional proseslərə faktiki təsir etmir.

Amma istənilən halda Paris enerji təhlükəsizliyini təmin etmək, Qazaxıstandan uran almaq istəyirsə, Qafqaz siyasətinə yenidən nəzər salmalıdır. Əgər Makron Azərbaycan əleyhinə siyasətdən imtina edərsə və ölkəmizlə əlaqələri bərpa etmək qərarı verərsə, o zaman Qazaxıstan uranının Azərbaycan üzərindən daşınması reallaşa bilər. Yelisey Sarayı anlamalıdır ki, rəsmi Bakıdan asılı vəziyyətdədir və addımlarını da buna uyğun atmalıdır.

Jalə QASIMZADƏ,

"Respublika".