Oxçuçay: baş suqəbuledici ekoloji cəhətdən əhəmiyyətlidir
Ekologiya

Oxçuçay: baş suqəbuledici ekoloji cəhətdən əhəmiyyətlidir

Su həyatdır, Tanrının bəşər övladına bəxş etdiyi müqəddəs nemətdir. Bu neməti qorumaq, ondan səmərəli istifadə etmək bütün zamanlarda aktual məsələ olub. Təəssüf ki, bəzi insanlar su mənbələrinə kifayət qədər qayğı və diqqətlə yanaşmamış, onu çirkləndirmiş, geriyə dönüşü müşkülə çevrilən ekoloji problemlər yaratmışlar. İndi bəşəriyyəti bir məsələ narahat edir: yer üzündə içməli su nə vaxtsa tükənə bilər. Su çatışmazlığı isə insanlığın sonu deməkdir... Tərəflərin Çərçivə konfransları bununla bağlı çağırışlar edir, insanları təbiəti, ətraf mühiti qorumağa səsləyir.

İçməli su mənbələri çox zaman elmi-texniki tərəqqi, texnologiyanın inkişafı səbəbindən çirklənməyə məruz qalır. Ancaq onu qəsdən çirkləndirənlər də az deyil. Erməni vandalları 30 il işğal altında saxladıqları Azərbaycan torpağında soyqırımı törətməklə, şəhərləri, kəndləri dağıtmaqla yanaşı, çaylarımıza da qənim kəsiliblər. Dövlət başçısı bu məsələni öz çıxışlarında, xarici jurnalistlərlə müsahibələrində dönə-dönə vurğulamışdır: "Çaylarımız da işğal altında idi və düşmən bizi çaylarımızdan da məhrum etmişdi. Çünki biz Tərtər çayının suyundan faktiki olaraq istifadə edə bilmirdik. Tərtər çayı isə Azərbaycanın ən böyük çaylarından biridir... Həkəri çayı - ən böyük çaylardan biri, istifadə edə bilmirdik. Bazarçay. Buna Bərgüşad çayı da deyilir. Lev çayı, Zabux, Tutqun, Turqay, Bəsitçay, Qarqarçay, Quruçay, Köndələnçay, Oxçuçay. Bütün bu çayları ermənilər işğal etmişdilər, vəhşicəsinə istismar edirdilər. Oxçuçayın fəlakəti indi dünyanın gözü qarşısındadır...".

İşğal dövründə Araz çayının Azərbaycan ərazisindən keçən 43 kilometr hissəsində mikroflora və mikrofauna məhv edilib. Araşdırma zamanı məlum olub ki, suyun tərkibindəki ağır metalların miqdarı normadan dəfələrlə çoxdur. Arazı ən çox çirkləndirən çaylardan biri Zəngilan rayonu ərazisindən axan Oxçuçaydır. Ermənistanın dağ-mədən kombinatları yüz min tonlarla ağır metal duzlarını, kimyəvi turşuları Oxçuçayına axıdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin apardığı monitorinqin nəticələri göstərib ki, Oxçuçay Qafan və Qacaran dağ-mədən sənayesinin tullantıları ilə hədsiz dərəcədə çirkləndirilib və sanki sənaye tullantılarının kollektoru rolunu oynayır. Onun suyu Araz çayına töküldüyündən bu çayın da suyunun çirklənmə səviyyəsi getdikcə artır.

Mənbəyini Zəngəzur dağ silsiləsindən götürən Oxçuçayın uzunluğu 83 kilometr, sutoplayıcı sahəsi 1175 kvadratkilometrdir. Digər transsərhəd çaylarına nisbətən bu çayın çirklənmə dərəcəsi daha yüksəkdir. 2022-ci ilin ilk üç ayı ərzində aparılan monitorinqin nəticələrinə görə, suyun tərkibində nikelin miqdarı 7, kadmiumun 5, dəmirin 4, mis-molibdenin isə normadan 2 dəfə artıq olub. Onu da qeyd edək ki, 2021-2022-ci illərdə Oxçuçayda 58 monitorinq keçirilib. Mütəmadi aparılan analizlər çayın 3 müxtəlif istiqamətlərindən, su nümunələri üzərindən 150-dən çox, dib çöküntülərindən isə 180-dən çox nümunə götürülüb. Analizlər zamanı çayda çirklənmənin normadan 5-7 dəfə çox olduğu məlum olub.

2022-ci ilin aprelində Yaponiyanın Kumamoto şəhərində hibrid formada keçirilən su resurslarının idarəçiliyinin təkmilləşdirilməsinə həsr olunmuş 4-cü Asiya-Sakit Okean Su Forumunda bir sıra ölkələrin dövlət başçıları, hökumət nümayəndələri, aparıcı beynəlxalq təşkilatların təmsilçiləri iştirak edib. Azərbaycanı təmsil edən ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev foruma onlayn formatda qoşularaq transsərhəd çayların idarə olunması ilə bağlı qonşu ölkələrlə, həmçinin beynəlxalq təşkilatlarla əməkdaşlığın vacibliyini vurğulayıb, eyni zamanda Ermənistanın dağ-mədən sənayesinin fəaliyyəti nəticəsində Oxçuçayın kəskin çirklənməyə məruz qaldığını bildirib və bunun qarşısının alınmasında dəstək göstərilməsi məqsədilə beynəlxalq təşkilatlara və forum iştirakçılarına çağırış edib.

Hazırda işğaldan azad edilmiş ərazilərdə su elektrik stansiyalarının tam yenidən qurulması və tikilməsi istiqamətində işlər davam etdirilir. Oxçuçay üzərində "Azərenerji" ASC tərəfindən "Sayıflı", "Sarıqışlaq", "Zəngilan" və "Cahangirbəyli" kiçik su elektrik stansiyalarının binasının, suqəbuledicisinin və basqılı su borusunun tikintisi yekunlaşıb. "Cahangirbəyli" SES 2023-cü ildə istismara verilib. "Sarıqışlaq" SES-də işlər başa çatdırılıb. "Zəngilan" və "Sayıflı" su elektrik stansiyalarının isə mayın 18-də dövlət başçısının iştirakı ilə açılışı olub. Bu stansiyalar ekoloji cəhətdən təmiz enerji istehsal edəcək.

Araz çayının sol qolu olan Oxçuçay üzərində inşa edilən SES-ləri su ilə təmin etmək üçün dəniz səviyyəsindən 600 metr yüksəklikdə baş suqəbuledici qurğu tikilib. Çayın bu gün də ermənilər tərəfindən çirkləndirilməsi davam edir. Bu baxımdan, Oxçuçayın üzərində baş suqəbuledicinin yaradılması enerji istehsalından əlavə, ekoloji cəhətdən də olduqca əhəmiyyətlidir. Belə ki, baş suqəbuledicinin tikilməsi ermənilər tərəfindən sənaye üsulunda çirkləndirilən çay yatağının təmizlənməsinə, flora və faunanın dirçəlməsinə yardım edəcək.

Mütəxəssislərin qənaətinə görə, suqəbuledici çirkləndirici maddələrin çökməsinə şərait yaradır, aşağı axın zonasına təmiz suyun ötürülməsinə və çay ekosisteminin özünübərpasına imkan verir. Eyni zamanda daşqınların, su itkisinin qarşısının alınması baxımından da əhəmiyyəti böyükdür. Bir sözlə, Oxçuçayın problemləri qismən də olsa, həllini tapır. Beləliklə, düşmənin illərlə qəsdən çirkləndirdiyi çaylarımız təmizlənir, bolsululuğu təmin edilir. Bununla da dünyaya bir daha bəyan edirik: çaylarımız hər zaman çağlayacaq...

Zümrüd QURBANQIZI,

"Respublika".