Atmosferin çirklənməsi təhlükəli fəsadlara yol açır
Ekologiya

Atmosferin çirklənməsi təhlükəli fəsadlara yol açır

Atmosferin çirklənməsi qloballaşan dünyanın ən aktual problemlərindəndir. Havanın çirklənməsi həm süni, həm də təbii səbəblərdən baş verir. Təbii çirklənmə meteoritlər, yer üzündəki qumlu ərazilər, vulkan püskürmələri və insanların nəzarətində olmayan səbəblərdən baş verir. Süni çirklənmə nəqliyyat vasitələrindən atmosferə zərərli qazların buraxılmasından yaranır.

İstehsal prosesləri zamanı atmosferdə freon, xlor, brom ozondağıdıcı maddələr artır. Ozon qatının deşilməsi ekvator zonasında planktonların, flora və faunanın məhvinə, okeanın biogenezinin dağılmasına, insanlarda göz və xərçəng xəstəliklərinin yaranmasına səbəb olur. Ölkəmiz ozondağıdıcı maddələrin istifadədən çıxarılması və həmin maddələrin atmosferə atılmasının qarşısının alınması üzrə dünya birliyinin həyata keçirdiyi tədbirlərdə fəal iştirak edir. Belə ki, ümumbəşəri ekoloji problem olan ozon təbəqəsinin mühafizəsi haqqında Vyana Konvensiyasının (1985), Monreal Protokolunun (1987), London (1990), Kopenhagen (1992) və Monreal (1997) düzəlişlərinin ratifikasiya edilməsi haqqında Qanun qəbul edib.

Azərbaycanda sovet ittifaqının dağılmasından sonra sənaye müəssisələrinin bəzilərinin fəaliyyəti dayandı və nəticədə atmosferə atılan zəhərli maddələrin miqdarı kəskin şəkildə azaldı. Lakin sonrakı illərdə ölkəmizdə iqtisadiyyatın inkişafı və respublikaya gətirilən avtomobillərin sayının artması ekoloji vəziyyəti ağırlaşdırdı. Belə ki, avtomobil ildə atmosferdən orta hesabla dörd ton oksigen udur, atmosferə təqribən 800 kiloqram dəm qazı, 40 kiloqram azot oksidi və 200 kiloqram karbon qazı buraxır. Bu boşluğu aradan qaldırmaq üçün ağac əkmək çox vacibdir. Havanın çirklənməsi bütün canlılar üçün böyük təhlükə yaradaraq təbiətə ciddi ziyan vurur.

Ağır zərərli metallardan zəhərlənmənin ən çox yayılan səbəbi qurğuşunla bağlıdır. Qurğuşun beyin funksiyalarına mənfi təsir göstərir. Həmçinin incə toz adlanan hissəciklər də tənəffüs yolu ilə bədənə daxil olur və bir sıra xəstəliklərə yol açır.

Enerjidən qənaətlə istifadə etmək, avtomobil əvəzinə velosiped sürmək və daha az təyyarə səfərləri etməklə havanın çirklənməsinin qarşısını almaq mümkündür.

Bakı atmosfer çirklənməsindən əziyyət çəkən şəhərlərdən biridir. Paytaxtda havanın çirklənməsinin əsas səbəbi avtomobillərdir. Problemin qarşısını almaq üçün nəqliyyat vasitələrinin sayını azaltmaq, ağac əkmək və meşə zolağı salmaq vacibdir. Ağaclar və yaşıl sahələr karbonu udur və özündə saxlayır, iqlim dəyişmələrinin təsirlərini azaltmağa kömək edir, istiləşmənin qarşısını alır. Ətraf mühitin mühafizəsini dövlət siyasətinin əsas istiqaməti kimi müəyyən edən ulu öndər Heydər Əliyev ölkəmizdə xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılmasını hakimiyyətinin hər iki dövründə diqqət mərkəzində saxlayıb, yaşıllaşmaya xüsusi önəm verib. Buna baxmayaraq, iqlim dəyişmələri və insan fəaliyyəti nəticəsində bəzi bölgələrdə səhralaşma prosesi gedir. Bu hal Mil-Muğan bölgəsinin cənub-şərq hissəsi və Kür-Araz ovalığı üçün daha səciyyəvidir. Həmçinin torpağın neft və neft tullantıları ilə çirklənməsi ilə əlaqədar Abşeron və Qobustanda da şiddətli səhralaşma prosesi müşahidə olunur. Bu vəziyyət işğaldan azad olmuş ərazilərimizdə də özünü göstərir. Uzun illər Ermənistan tərəfindən meşələrin kütləvi şəkildə qırılması, yay mövsümündə Sərsəng Su Anbarının suyunun qəsdən qarşısının kəsilməsi 100 min hektardan artıq əkin sahəsinin suvarılmasında ciddi problemlər yaradıb ki, bu da Qarabağ bölgəsində torpaqların eroziyasına və səhralaşmasına səbəb olub. İşğaldan azad olunan ərazilərimiz ekosistemin bərpasına imkan yaradır. 2030-cu ilədək 170 min hektar deqradasiyaya məruz qalmış torpaqların bərpası təşəbbüsünə aid tədbirlər bu ərazilərimizdə də davam etdirilir.

Ölkəmiz ekoloji durumun yaxşılaşdırılmasını, təbii resurslardan səmərəli və ziyansız istifadə olunmasını nəzərə alaraq 1998-ci il 24 aprel tarixində "Səhralaşmaya qarşı mübarizə" Beynəlxalq Konvensiyasına qoşulub. Ölkəmizin hər bir guşəsində səhralaşmanın qarşısını almaq üçün mühüm tədbirlər görülür. 2019-cu ildə birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə mütəfəkkir şair İmadəddin Nəsiminin yubileyinə həsr olunan aksiyada ölkə üzrə bir gündə 650 min ağacın əkilməsi, 2020-ci ildə təşkil edilmiş kütləvi ağacəkmə kampaniyaları, 2021-ci ildə IDEA İctimai Birliyi və ETSN-in birgə təşkilatçılığı ilə həyata keçirilən "Ümumrespublika Yaşıllaşdırma Marafonu" layihəsi əsasında Qarabağ regionu da daxil olmaqla ölkədə 1 milyona yaxın ağacın əkilməsi səhralaşma ilə mübarizəyə böyük töhfədir. Ölkəmiz iqlim dəyişmələrinə qarşı mübarizədə ən əsaslı addımı BMT İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına qoşulmaqla atıb. 2024-cü il COP29-a ev sahibliyi etmək növbəsi Şərqi Avropa regional qrupuna düşür. Sözügedən qrupa daxil olan ölkəmiz konfransın Azərbaycanda keçirilməsi ilə bağlı namizədliyini irəli sürdü. Azərbaycanla yanaşı, Ermənistan və Bolqarıstan da namizədliklərini verdilər. 2023-cü il dekabrın 7-də Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı arasında aparılan birbaşa danışıqların nəticəsi olaraq verilən birgə bəyanatda Ermənistan Azərbaycanın xeyrinə öz namizədliyini geri çəkdi. Bundan sonra Bolqarıstan da öz namizədliyini geri götürdü. Nəticədə hər il fərqli bir ölkədə qeyd edilən COP-un 29-cu sessiyasına noyabrın 11-dən 22-dək Bakı ev sahibliyi edəcək. İki həftə ərzində dünyanın mərkəzi olacaq Bakı təqribən 70-80 min xarici qonağı qarşılayacaq. COP29-da təkcə iqlim problemləri müzakirə edilməyəcək, həm də Azərbaycanı yüksək səviyyədə inkişaf etmiş ölkə olaraq tanıyacaqlar. COP29-un əsas əhəmiyyəti ölkəmizin "yaşıl iqtisadiyyata" keçid strategiyasıdır və respublikamızda iqlim dəyişmələrinin azaldılmasına yönəlib. İqlim dəyişikliyi bəşəriyyət üçün ciddi təhlükədir. COP29 sadəcə ekoloji problemlərin müzakirəsi üçün konfrans deyil, həmçinin də ekoloji problemlərin həlli üçün böyük bir qlobal forum olacaq. Bütün dünya şahid olacaq ki, böyük neft və qaz istehsalçısı olan ölkənin əsas gündəliyi "yaşıl enerji"dir. COP29 "yaşıl dünyamız"ı qorumaq baxımından çox önəmlidir. Respublikamızda nadir və nəsli kəsilmək təhlükəsində olan bitki və heyvan növlərinin, mühafizə olunan təbiət ərazilərinin qorunması üçün məqsədyönlü tədbirlər həyata keçirilir. Son illərdə Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılması, o cümlədən təbii sərvətlərdən səmərəli istifadə, çirklənmiş ərazilərin bərpası, xüsusən mühafizə olunan təbiət ərazilərinin, meşə və yaşıllıq sahələrinin daha da genişləndirilməsi istiqamətində həyata keçirilən layihələr ətraf mühitin mühafizəsində mühüm rol oynayır. Ölkə ərazisində olan təbii landşaftlar qorunur və elmi təcrübə mərkəzi kimi istifadə edilir. Ətraf mühitin qorunması bütün bəşəriyyət üçün ümumi qayğıdır. Hər kəsin sağlam və balanslaşdırılmış mühitdə yaşamaq hüququ var. Təbiəti qorumaq və məhv edilməsinin qarşısını almaq həyati əhəmiyyət kəsb edir. Ağacları kəsməyək, onları qoruyaq, gələcək nəsillərə sağlam həyat miras qoyaq.

Jalə NAMİQQIZI,

“Respublika”.