Zaxarova: Qriqoryanın “Dağlıq Qarabağ” haqqında sözləri erməni xalqını təhqir edir
Siyasət

Zaxarova: Qriqoryanın “Dağlıq Qarabağ” haqqında sözləri erməni xalqını təhqir edir

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın “Dağlıq Qarabağ” haqqında bu yaxınlarda verdiyi açıqlamaya münasibət bildirib. “Respublika” Rusiyanın “Kommersant” nəşrinə istinadən xəbər verir ki, Zaxarova bildirib ki, Qriqoryanın Rusiya “Dağlıq Qarabağ”ı Ermənistandan «zorla alaraq» Azərbaycana verib sözləri yalnız erməni xalqını alçaldır.

“Əsas odur ki, bununla hakimiyyət nümayəndələri olan belə xadimlər öz xalqlarını təhqir edirlər”, - deyə Zaxarova Sankt-Peterburq Beynəlxalq Hüquq Forumu çərçivəsində bildirib. Diplomat əlavə edib ki, bu cür açıqlamalar verənlər “xaricdən maliyyələşən müvəqqəti işçilərdir”. Onun sözlərinə görə, bu cür ritorika öz millətinin tarixi yaddaşına alçaldıcı münasibət nümayiş etdirir.

Xatırladaq ki, iyunun 26-da Armen Qriqoryan jurnalistlərlə söhbətində Rusiyanı “Dağlıq Qarabağ”ı “ələ keçirməkdə” və daha sonra Azərbaycana təhvil verməkdə ittiham edib. O iddia edir ki, Rusiya “gəldi, Dağlıq Qarabağı əlimizdən aldı, onu Azərbaycana qaytardı, sonra getdi”. Ermənistan siyasətçisinin bəyanatını Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasin də tənqid edib. O, Qriqoryanın sözlərini “ağ yalan” adlandırıb.