Ölkəmiz Beynəlxalq Astronavtika Konqresinə növbəti dəfə ev sahibliyi edəcək
Gündəm

Ölkəmiz Beynəlxalq Astronavtika Konqresinə növbəti dəfə ev sahibliyi edəcək

Dünya miqyasında ən mötəbər tədbirlərdən biri olan Beynəlxalq Astronavtika Konqresinin ikinci dəfə Azərbaycanda keçirilməsi ölkəmizdə kosmik sənayenin inkişafına, beynəlxalq kosmik ictimaiyyət və onu təmsil edən Beynəlxalq Astronavtika Federasiyası ilə əməkdaşlığın genişləndirilməsinə, habelə qlobal kosmos sənayesinə daha yaxından inteqrasiya istiqamətində əhəmiyyətli imkanlar yaradacaqdır.

Konqres İkinci Dünya müharibəsindən sonra soyuq müharibə dövründə kosmos sahəsində elm adamlarının arasında dialoqun yenidən qurulması məqsədilə 1951-ci ildə yaradılıb. Federasiya sülh məqsədləri ilə kosmik tədqiqat və fəaliyyətin təşviq edilməsi, cəmiyyətin bu sahədə maariflənməsi və biliklərinin zənginləşdirilməsi üçün üzv qurumlar arasında qlobal şəbəkə yaradır. Hər il Federasiya konfrans, texniki sessiyalar, quruma üzv ölkələrin nazirləri və parlament üzvlərinin iclası kimi beynəlxalq tədbirlər təşkil edir. Azərbaycan 2003-cü ildən Beynəlxalq Astronavtika Federasiyanın üzvüdür. Hazırda Federasiyanın 110 ölkədən 460-dan çox üzvü var. Qeyd edək ki, Beynəlxalq Astronavtika Konqresi 1950-ci ildən etibarən hər il təşkil olunur. Beynəlxalq Astronavtika Federasiyası Beynəlxalq Astronavtika Akademiyasının və Beynəlxalq Kosmik Hüquq İnstitutunun dəstəyi ilə keçirilən tədbir federasiyanın milli Cəmiyyətinin üzvlərindən birinin evsahibliyi ilə baş tutur. Onu da qeyd edək ki, Konqres ilk dəfə səkkiz ölkənin - Avstriya, Argentina, Böyük Britaniya, Danimarka, İspaniya, Fransa, Almaniya, İsveç başçılarının təşəbbüsü ilə reallaşdırılmışdır.

İlk dəfə ulu öndər Heydər Əliyevin rəhbərliyi dövründə - 1973-cü ildə Bakıda keçirilən Beynəlxalq Astronavtika Konqresinə 50 il sonra yenidən Azərbaycanın evsahibliyi etməsi böyük rəmzi məna daşıyır. O vaxt Azərbaycan Sovet İttifaqının tərkibində idi, indi isə ölkəmiz müstəqil dövlət kimi Beynəlxalq Astronavtika Konqresinə evsahibliyi edəcək. Bütün dünyanın maraqla gözlədiyi bu tədbirə artıq sayılı günlər qalıb. Oktyabrın 2-də start götürəcək Beynəlxalq Astronavtika Konqresinə hazırlıq yüksək səviyyədə aparılır. Konqres ölkəmizdə 6 oktyabra qədər davam edəcək.

Hazırda Konqresə 100-dən çox ölkənin nümayəndəsi iştirakçı kimi qeydiyyatdan keçib. Konqresin "Premyer", "Platinium", "Qızıl", "Gümüş" və "Bürünc" adlı sponsorluq paketlərini əldə edən şirkətlər arasında ABŞ-ın "Space X", "Axiom", "Blue Origin", "Boeing", "Lockheed Martin", "Black Sky" "Vast Space", "The Northrop Grumman" şirkətləri, Çinin Astronavtika Cəmiyyəti, Türkiyənin Kosmik Agentliyi, "PLAN S" texnologiya şirkəti, Səudiyyə Ərəbistanının Kosmik Agentliyi, İsrailin "IAI" şirkəti, BƏƏ-nin Muhammed Bin Rəşid Kosmik Mərkəzi, Hindistan Kosmik Tədqiqatlar Təşkilatı, Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi, "I Space", "JGC", "Astroscale" şirkətləri, "Airbus" şirkətinin Almaniyadakı ofisi, Beynəlxalq Kosmik Rabitə Təşkilatı "İntersputnik", Portuqaliyanın "Neuraspace", Bolqarıstanın "EnduraSat", Avstriyanın "Asgardia Space", İtaliyanın Aeronavtika və Astronavtika Assosiyasiyası, Böyük Britaniyanın Kosmik Agentliyi, Amazonun Kuiper layihəsi, Jet Propulsion Laboratory, Voyager şirkətləri də yer alır.

Paytaxtımız bu mötəbər tədbiri keçirmək hüququnu 2019-cu ilin oktyabr ayında ABŞ-ın paytaxtı Vaşinqtonda Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasında keçirilmiş seçkilər zamanı qazanıb. Azərkosmos və Beynəlxalq Astronavtika Federasiyasının tərəfdaşlığı ilə keçirilən 74-cü konqres çərçivəsində konfranslar, 190-dan çox texniki sessiya və sərgilər təşkil olunacaq. Tədbirdə kosmik agentliklərin, dövlət sektorunun və özəl kosmik şirkətlərin nümayəndələri, yerli və beynəlxalq media qurumlarının təmsilçiləri iştirak edəcəklər.

Beynəlxalq Astronavtika Konqresinə hazırlıq işlərinin effektiv və koordinasiyalı həyata keçirilməsi üçün ölkə rəhbərliyi tərəfindən 2022-ci ilin fevral ayında yerli qurumlardan ibarət Təşkilat Komitəsi yaradılıb. Konqresin Bakı şəhərində keçirilməsi ilə əlaqədar ölkəmizə gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Prezident İlham Əliyev tərəfindən Sərəncam imzalanıb. Sərəncama əsasən Beynəlxalq Astronavtika Konqresi ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2023-cü il sentyabrın 20-dən oktyabrın 7-dək Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza ala biləcəklər.

 "Qlobal çağırışlar və imkanlar: Kosmosa şans verək" mövzusunda keçiriləcək Beynəlxalq Konqres kosmik sənayenin gələcəyini formalaşdıran yeni ideyalar və qabaqcıl həllərlə bağlı fikir mübadiləsi üçün açıq platforma olacaq. Tədbir bütün qonaq və iştirakçılara kosmik sənayenin inkişafının gücləndirilməsi, qlobal tendensiyalar, kosmos, innovasiyalar sahəsində tərəfdaşlıq və əməkdaşlıq yollarını müzakirə etmək imkanı verəcək.

Bakıda keçiriləcək mötəbər tədbir çərçivəsində 74-cü Bakı Beynəlxalq Astronavtika Konqresinin (IAC2023) layihə rəhbəri Rəna Cəfərova deyib ki, "Yeni gənc nəsil, tələbələr və potensialı olan insanların kosmos və yüksək texnologiyalara marağı artacaq, dünyada həyata keçirilən innovativ layihələrdən xəbərdar olacaqlar və öz karyeralarına istiqamət verə biləcəklər. Konqres yeni texnoloji inkişaf dövrünə hazırlığın əsas hərəkətverici qüvvəsi olacaq. Ulu Öndər Heydər Əliyevin 1973-cü ildə Bakıda keçirilmiş Beynəlxalq Astronavtika Konqresində çıxışı zamanı dediyi kimi: "Kosmik tədqiqatların hər bir nəhəng və kiçik iştirakçısı olan ölkə xeyir əldə edir, elm və texnikanın səviyyəsinin yüksəlməsində, ixtisaslı gənc kadrların artmasında uğurlar qazanır".

Konqresin prespektivləri haqqında danışan Rəna Cəfərova onu da qeyd etdi ki, konqresin ilk faydasını görməkdəyik. Kosmos sahəsində qlobal tədbirə hazırlığın böyük uğuru Bakı Konqresinə təqdim olunan elmi məqalələrdir. Bu il Azərbaycandan təqdim olunan elmi məqalələrin sayı da 214 elmi məqalə ilə rekord həcmdə olub. Ölkəmiz ən çox elmi məqalə təqdim edən ölkələr - ABŞ, İtaliya, Hindistan və Çindən sonra ilk beşlikdə yer alır. Bu, ölkəmizdə insan kapitalına verilən dəyərin, elm, tədqiqat və texnologiya sahələrində artan uğurlarımızın əyani sübutudur. Bu rəqəm əslində ölkəmizdə kosmos sahəsində elmi nəticələrin beynəlxalq platformalarda nümayiş olunması istiqamətində gənclərimizin qazandığı nailiyyətlərin davamıdır. Bakı konqresində bütün dünyadan, o cümlədən Azərbaycandan olan elm insanları və gənclər kosmosun imkanlarına həsr olunmuş 190 texniki sessiyada və digər tədbirlərdə çıxış edə biləcəklər.

Azərbaycan Kosmik Agentliyi - "Azərkosmos"un birbaşa təşkilatçılığı ilə reallaşdırılması konqresi bütün dünya üçün yaddaqalan edəcəkdir. Qurumun İctimaiyyətlə əlaqələr və kommunikasiya qrupunun rəhbəri Fidan Behbudova bildirdi ki, Konqres ölkəmizdə kosmos kimi beynəlxalq mahiyyəti yüksək olan sənayenin davamlı inkişafına yol açacaq: "Burada əsas məsələlərdən biri də ilk növbədə, kosmik ekosistemin güclənməsidir. Konqres ölkədə kosmik sahədə innovasiya, tədqiqat və inkişafa töhfə verəcək. Ölkədə təhsil-dövlət-özəl sektorun tərəfdaşlığı üzrə baxış bucağının inkişafına möhkəm zəmin yaradacaq, dayanıqlı mexanizmlərin və təşəbbüslərin yaranmasına yol açacaq. Konqresin kosmik ekosistemin formalaşdırılması, habelə kosmik sahədə startapların, innovativ kiçik və orta biznesin dəstəklənməsinə təkan verəcəyinə inanıram. Ölkəmizlə əməkdaşlıq etmək istəyən dövlətlərin sayı günü-gündən artır. "Azərkosmos" olaraq qlobal kosmik sahənin nümayəndələri ilə görüşəcəyik, çoxsaylı agentlik və şirkətlərlə yeni əməkdaşlıqlara imza atacağıq.

Həmkarım Türkiyə Kosmik Agentliyinin əməkdaşı Serdar Yıldırımın bir sözü var: "Kosmosda izi olmayanın dünyada sözü olmaz". Doğurdan da kosmik sənaye kosmosun cəmiyyətə və iqtisadiyyata daha da inteqrasiyası ilə birlikdə inkişaf edir. Kosmik infrastruktur yeni xidmətlərin inkişafını mümkün edir ki, bu da öz növbəsində enerji, telekommunikasiya, sığorta, nəqliyyat, dənizçilik, aviasiya və şəhərsalma kimi sektorlarda əlavə iqtisadi və sosial faydalar gətirən yeni tətbiqlərə imkan yaradır. Kosmos sektoru təkcə inkişaf sektorunun özü deyil, digər sektorlarda böyümənin həyati şərtidir.

Azərbaycan beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətə çevrilib. Bunu Bakıda keçirilən beynəlxalq əhəmiyyətli tədbirlər bir daha təsdiq edir. Dünyanın kosmik tədbirinə qeydiyyatın olduqca sürətlə artdığını görürük və müraciət edənlərin 50 faizini dünyanın digər ölkələrindən olan kosmik sahənin mühəndis, tədqiqatçı, elmlə məşğul olan, texnologiya-biznes sahəsi üzrə fəaliyyət göstərən gənclərin üstünlük təşkil etdiyini vurğulamaq istərdim. İnanıram ki, bu, bizim gənclərin uzunmüddətli karyerası üçün körpü olacaq və onları öz arzularının ardınca getməyə və məqsədlərinə çatmağa ruhlandıracaq, konqres vasitəsilə birgə əlaqələr qura biləcəklər. Konqresin gündəliyində yer alan bəşəriyyətin gələcəyi barədə fikir mübadiləsi apara biləcəklər. Bir çox gəncin ölkəmizə səfəri Azərbaycanla bağlı məlumatlılıq səviyyəsini artıracaq, ölkəmiz haqqında xoş təəssürat formalaşdıracaq".

Qeyd etmək lazımdır ki, "Azərkosmos"un təşkilatçılığı ilə artıq ikinci ildir ki, oktyabrın 4-10-da Azərbaycanda Ümumdünya Kosmos Həftəsi (World Space Week) keçiriləcək. Gəncləri kosmik sahəyə həvəsləndirmək, maarifləndirmək və innovativ kosmik ekosistemi inkişaf etdirmək məqsədilə 20-dən çox tədbirin təşkili planlaşdırılır. Xatırladaq ki, Ümumdünya Kosmos Həftəsi BMT Baş Assambleyasının qərarı ilə 2000-ci ildən oktyabrın 4-dən 10-dək qeyd olunur. 4 oktyabr (1957) Yerin ilk süni peyki "Sputnik-1"in orbitə çıxarıldığı gün, 10 oktyabr (1967) isə "Ay və digər səma cisimləri də daxil olmaqla, kosmik fəzanın tədqiqi və istifadəsi üzrə dövlətlərin fəaliyyət prinsipləri haqqında" müqavilənin imzalandığı tarixdir.

Nurlan ABDALOV,

"Respublika".