Antiterror tədbirləri zamanı erməni əsilli əhalinin təhlükəsizliyi təmin edildi
Gündəm

Antiterror tədbirləri zamanı erməni əsilli əhalinin təhlükəsizliyi təmin edildi

Azərbaycanın Qarabağ iqtisadi rayonunda yerləşən etnik ermənilərin məskunlaşdıqları ərazilərdəki qondarma rejimin tör-töküntülərinin, qeyri-qanunu hərbi birləşmələrin cinayət əməlləri regionda və beynəlxalq aləmdə sülhə qarşı yönəlmişdi. Bununla yanaşı, onları himayə edən separatçıların 44 günlük müharibədən keçən zaman ərzində intensivləşən təxribatları Azərbaycana bölgədə lokal xarakterli antiterror tədbirləri həyata keçirməkdən başqa çıxış yolu qoymurdu.

Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış 10 noyabr 2020-ci il Bəyanatının əsas tələblərindən birinin silahlı erməni dəstələrinin ərazilərimizdən çıxarılması ilə bağlı olsa da, indiyədək buna əməl olunmayıb. Sənədin imzalandığı vaxtdan keçən 3 ilə yaxın müddət ərzində rəsmi İrəvan bununla bağlı öhdəliyini nəinki yerinə yetirmir, əksinə həmin qanunsuz silahlı birləşmələrin silahlanmasına dəstək verirdi.

Yaranmış vəziyyət getdikcə təhlükəli hal alır, revanşist qüvvələrin davranışları onların bölgədə yenidən genişmiqyaslı əməliyyatların keçirilməsinə zəmin hazırladıqları barədə real mənzərə yaradırdı. Rəsmi Bakı Azərbaycan ərazilərindəki qondarma rejimin təmsilçilərini, qanunsuz hərbi birləşmələrin üzvlərini dəfələrlə təslim olmağa çağırsa da, hətta bunun müqabilində onlara amnisitiyanın tətbiq ediləcəyinin mümkünlüyünü bildirsə də faydası olmurdu. Azərbaycan xalqını yenidən etnik təmizləməyə məruz qoymaq istəyən bu cinayətkarlar daha da azğınlaşır, təxribatlarını durmadan davam etdirirdilər. Bu baxımdan, istisnasız olaraq deyə bilərik ki, Azərbaycan Respublikası hər zaman olduğu kimi, humanizm prinsiplərini əsas götürərək lokal xarakterli antiterror əməliyyatlarını kifayət qədər gecikdirib, dövlətimizə, xalqımıza qarşı silah qaldıranların öz qanunsuz əməllərinə son qoymaları üçün, onlara analoji hallarda beynəlxalq təcrübədə rast gəlinən davranışlardan dəfələrlə çox vaxt və imkan verib.

Azərbaycan ərazilərində ölkənin qanunlarına tabe olmayan, daim terror və silahlı qarşıdurma vəziyyəti yaradan qanunsuz təsisat və silahlı qruplaşmaların öz mövcudluqlarını davam etdirmələri mümkün deyildi. Ölkəmizin konstitusiya quruluşu etnik ermənilərin yaşadıqları ərazilərdə də təmin olunmalı və vətəndaşlarımızın həyatına təhlükə yaradan bütün hallara son qoyulmalı idi və Azərbaycan bir günə istədiyinə nail oldu. Mükəmməl plan əsasında dövlətimiz bütün şərtlərini qəbul etdirdi.

Unutmaq lazım deyil ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda həyata keçirilən lokal antiterror tədbirləri uzun illərdir Ermənistanın himayə etdiyi qondarma təsisatın, hərbi xuntanın, terrorçuların girovuna çevrilmiş erməni əsilli mülki şəxslərin xilasına, onların sivil, təhlükəsiz həyata qovuşmasına xidmət edir.

Azər KƏRİMLİ,

Milli Məclisin Deputatı