Bakı Konqresində 55 təşkilat ilk dəfə eyni vaxtda Beynəlxalq Astronavtika Federasiyasına üzv oldu
Gündəm

Bakı Konqresində 55 təşkilat ilk dəfə eyni vaxtda Beynəlxalq Astronavtika Federasiyasına üzv oldu

74-cü Beynəlxalq Astronavtika Konqresinin bir sıra konkret hədəfləri vardı. Hədəflərdən biri Beynəlxalq Astronavtika Federasiyası sıralarının genişləndirilməsi idi. Bu istiqamətdə də Bakıda rekord göstərici əldə edildi. İlk dəfə olaraq 55 təşkilat eyni vaxtda – məhz Bakı Konqresi zamanı bu ailəyə üzv oldu.

"Respublika" xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Konqresin digər hədəfi isə tədbirdə gənclərin daha geniş miqyasda iştirakını təmin etmək idi. Ümumiyyətlə, kosmos sənayesinin inkişafına gənc nəslin cəlb olunması Beynəlxalq Astronavtika Federasiyasının əsas məqsədlərindəndir. Dünyanın, ölkələrin gələcəyi gənclər hesab olunduğu kimi, kosmik aləmin parlaq sabahı da məhz onlardan asılıdır.

“Bakı Konqresi öz hədəfinə çatıb. Belə ki, tədbir iştirakçılarının 50 faizini 35 yaşa qədər olan gənclər təşkil edirdi. Tədbirə təkcə İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) xətti ilə 500 tələbə qoşulmuşdu. Eyni zamanda Türkiyənin “Teknofest” festivalının 500 yarışmaçısı tədbirə gəlmişdi”, - deyə məlumatda qeyd olunub.