“Sumqayıt Tekstil” MMC-nin dövlətə məxsus payı özəlləşdirilib
Gündəm

“Sumqayıt Tekstil” MMC-nin dövlətə məxsus payı özəlləşdirilib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən “Sumqayıt Tekstil” MMC-dəki dövlət payının satışı üzrə keçirilən investisiya müsabiqəsinin qalibi 9,1 milyon manat həcmində İnvestisiya Proqramının icrasına dair öhdəlik götürüb.

“Respublika” xəbər verir ki, “Sumqayıt Tekstil” Məhdud Məsuliyyətli Cəmiyyətindəki dövlət payının satışı ilə bağlı 30 may 2023-cü il tarixində elan edilmiş investisiya müsabiqəsinə yekun vurulub. Bu ilin 7 iyul tarixində müsabiqə komissiyası tərəfindən zərfləraçılıb və iddiaçıların təklifləri qiymətləndirilib.

İştirakçıların təkliflərinin təhlili aparıldıqdan sonra, daha əlverişli şərtlər təklif edən “Sumqayıt Texnologiyalar Parkı” Məhdud Məsuliyyətli Cəmiyyəti investisiya müsabiqəsinin qalibi elan olunub.

Müsabiqə qalibi ilə imzalanmış alqı-satqı müqaviləsinə uyğun olaraq, investor dövlət büdcəsinə 5 milyon manatın köçürülməsinə, həmçinin 2 il ərzində müəssisədə 9,1 milyon manat həcmində İnvestisiya Proqramının icrasına dair öhdəliklər götürüb. İnvestisiya Proqramı çərçivəsində müasir avadanlıqların, nəqliyyat vasitələri və texnikanın, xammalın alınması, tikililərin təmiri və yenidən qurulması, infrastrukturun təkmilləşdirilməsi nəzərdə tutulur.

Müsabiqə qalibi investisiya qoyuluşları nəticəsində müəssisədə 350 yeni iş yerinin yaradılmasını planlaşdırır.

Nəriman  Cavadov,

“Respublika”