Nar ixracı artıb
İqtisadiyyat

Nar ixracı artıb

Ölkəmizin Mərkəzi Aran bölgələrinin əsas məhsullarından olan narçılıq təsərrüfatı ildən-ilə inkişaf etməkdədir. Artıq bir neçə gündür ki, Kürdəmir, Sabirabad, Hacıqabul bağlarından nar yığımı başlayıb. Narçılığın inkişafı iqtisadi cəhətdən xeyli əlverişlidir. İndi Azərbaycan narı ən keyfiyyətli məhsul kimi təkcə daxili bazarlara deyil, xarici bazarlara da çıxarılır…

Mütəxəssislərin fikrincə, bu il Azərbaycanın xaricə nar ixracı kəskin artıb. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən 2023-cü ilin yanvar-aprel aylarında Azərbaycan 8 milyon 81 min dollar dəyərində 6 min 208 ton nar ixrac edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə miqdar baxımından 4 dəfə, dəyər baxımından isə 3.3 dəfə çoxdur.

İqtisadçı-ekspertlərin mətbuata açıqlamalarında deyilir ki, dünyada hazırda nar bazarında ciddi dəyişiklik yoxdur. Azərbaycan sahibkarları işlərini yaxşı təşkil ediblər. Ölkədə nar yığımı çox olub, sahibkarlar məhsulu saxlayıb, qeyri-mövsüm dövründə satışını həyata keçiriblər. Bu da nar ixracının kəskin artımına gətirib çıxardıb. Yəni sahibkarlar ötən il nar mövsümündə yığılmış məhsulları yaxşı və düzgün şəkildə saxlayıb, sonradan ixrac ediblər. Bu, nar istehsalçılarının uğurudur.

Qeyd edək ki, 2022-ci ildə Azərbaycanın nar ixracında həm miqdar, həm də dəyər baxımından artım qeydə alınıb. Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2022-ci ildə nar ixracından əldə olunan gəlir 2021-ci ilə nəzərən 7,9% artaraq 31,6 milyon ABŞ dolları olub. Ötən il xaricə 23,3 min ton nar göndərilib ki, bu da 2021-ci illə müqayisədə 1,6 min ton çoxdur. Keçən il Azərbaycanın nar ixracının 85 faizi Rusiyanın payına düşüb.

Nar məhsulunun ixracı ilə bağlı daha xoş xəbəri məmnuniyyət hissi ilə bu qeydlərə əlavə edirik. İqtisadiyyat Nazirliyinin bu ilin yanvarında verdiyi məlumata görə, "Azərşəkər" MMC-nin Ağdam rayonunun işğaldan azad edilmiş ərazilərindəki nar bağlarından ilk dəfə məhsul yığılıb. 133 ton məhsul satışı həyata keçirilib ki, bunun 16 tona yaxın hissəsi Sinqapur, Kanada və Rusiyaya ixrac edilib, 117 tonu isə daxili bazara satılıb.

Aqrar Subsidiya Şurasının qərarına əsasən 2022-ci il sentyabrın 1-dən 2023-cü il mayın 31-dək salınan hər hektar intensiv nar bağlarına görə 3 min manat məbləğində əkin subsidiyası veriləcək.

Tofiq HÜSEYN,

"Respublika".