Xalqlar dostluğu əlaqələrin dərinləşməsində mühüm rol oynayır
Siyasət

Xalqlar dostluğu əlaqələrin dərinləşməsində mühüm rol oynayır

Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərinə nəzər salsaq, əlaqələrin son bir neçə ildə daha da möhkəmləndiyini görmək olar. Prezident İlham Əliyev Azərbaycana rəhbərliyi dövründə Mərkəzi Asiya regionu ilə münasibətlərin inkişaf etdirilməsini vacib amil hesab etmişdir. Buna müvafiq olaraq 20 il ərzində ölkə rəsmilərinin qarşılıqlı səfərləri, imzalanan sənədlər, həyata keçirilən layihələr də Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə sıx əlaqələrini göstərir. Son illərdə daha da inkişaf etmiş Azərbaycan-Tacikistan uğurlu əlaqələri də bu siyasətin nəticəsidir. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il mayın 29-da qurulub. 2007-ci ildə Azərbaycanın Tacikistanda, 2008-ci ildə isə Tacikistanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb.

Ötən gün Tacikistan Prezidenti Emoməli Rəhmonun ölkəmizə səfəri ölkələr arasında münasibətlərin sürətli inkişafının göstəricisidir. Azərbaycanı etibarlı dostu və tərəfdaşı hesab edən Tacikistan Prezidenti ölkələrimizi zamanın sınağından çıxmış münasibətlərin birləşdirdiyini qeyd edib. Prezident İlham Əliyev səfər çərçivəsində Emoməli Rəhmonu bu il ölkəmizdə baş tutacaq COP29-a dəvət edib. Daha sonra prezidentlər Strateji Tərəfdaşlıq Bəyannaməsi də daxil olmaqla ümumilikdə 14 sənəd imzalayıblar. Həmçinin ikitərəfli münasibətlərin müqavilə-hüquq bazasını möhkəmləndirən bu sənədlərdən əlavə, Tacikistan Prezidentinin səfəri ərəfəsində ölkəmizdə biznes forum keçirilməsi və forumda anlaşma memorandumlarının imzalanması qarşılıqlı ticarətin həcmini artırmağa xidmət edir.

Bu gün kifayət qədər yüksək səviyyədə inkişaf edən Azərbaycan-Tacikistan münasibətləri ulu öndər Heydər Əliyevin xalqlarımıza mirasıdır. Məhz dahi liderin rəhbərliyi dövründə inkişaf etməyə başlayan əlaqələrin kökündə hər iki ölkənin nüfuzlu beynəlxalq təşkilatlarda bir-birinin mövqeyini müdafiə etməsi dayanır. Nümunə olaraq, 1996-1999-cu illərdə "BMT ilə ATƏT arasında əməkdaşlıq haqqında" qətnamə layihəsində Qarabağ regionunun Azərbaycan Respublikasına mənsubluğunu təsdiqləyən, mühüm əhəmiyyət kəsb edən düzəlişlərin Tacikistan tərəfindən dəstəklənməsini göstərmək olar. Ümummilli lider Heydər Əliyev isə Tacikistan üçün həyati əhəmiyyətli qərarların qəbuluna kömək göstərib. Belə ki, sovet dönəmində taciklər üçün çox mühüm olan "Nurek" Su Elektrik Stansiyasının tikintisinə sovet rəhbərliyi etiraz etsə də, dahi şəxsiyyət Heydər Əliyev bu layihəni əvvəldən sonadək dəstəkləyib. Məhz misilsiz xidmətlərinə görə Tacikistan Prezidenti 2009-cu ildə ölkəsində keçirilən Beynəlxalq simpoziumda tacik xalqının Heydər Əliyevin bu fədakarlığını heç vaxtı unutmayacağını bildirib. Ümumi gücü 2.700 MVt olan "Nurek" Su Elektrik Stansiyası bu gün paytaxt Düşənbə də daxil olmaqla Tacikistanın əksər ərazilərini işıqla təmin edir.

Prezident İlham Əliyevin 2003-cü ildə hakimiyyətə gəlişindən sonra əlaqələr daha da intensivləşib. 2007-ci ildə cənab İlham Əliyev ardıcıl olaraq 2 dəfə dost ölkə Tacikistana səfər edib. Tacikistan Prezidenti də həmin ilin avqustunda ölkəmizə səfər edərək Azərbaycan-Tacikistan münasibətlərinin dərinləşməsinə töhfə verib.

Budəfəki səfər çərçivəsində əsas məqam Azərbaycan ilə Tacikistan arasında müxtəlif sahələr üzrə əməkdaşlığın genişləndirilməsidir. Ölkəmizin Tacikistanla münasibətləri də bu kontekstdə xüsusi önəm daşıyır. 32 il öncə əsası qoyulan Azərbaycan-Tacikistan münasibətləri bu dövr ərzində ticari, iqtisadi, mədəni, siyasi, nəqliyyat, infrastruktur sahələrində inkişaf edib, güclənib, qarşılıqlı əməkdaşlığı genişləndirmək, mövcud imkanları bir araya gətirmək üçün 70-dən çox sənəd imzalanıb. Bunların arasında əməkdaşlıq, beynəlxalq aləmdə birgə fəaliyyət, iqtisadi-humanitar sahədə öz əksini tapır.

İki ölkə arasında iqtisadi-ticari sahədə əməkdaşlıq perspektivləri olduqca genişdir. 2022-ci ildə Azərbaycanın Tacikistan ilə ticarət dövriyyəsinin həcmi 5,95 milyon ABŞ dolları olub. Ötən ilin yanvar-fevral ayları üzrə ticarət dövriyyəsi isə 824,59 min ABŞ dolları təşkil edib. Tacikistandan Azərbaycana 4,4 milyon dollar, Azərbaycandan Tacikistana isə 1,5 milyon dollar investisiya qoyulub. 2022-ci ildə SOCAR tərəfindən Tacikistana 0,3 min ton neft koksu və 0,1 min ton sürtkü yağları ixrac edilib. 2023-cü il mayın 1-dən "Azərbaycan Hava Yolları" QSC tərəfindən Bakı-Düşənbə-Bakı marşrutu üzrə həftədə 3 dəfə olmaqla beynəlxalq uçuşların həyata keçirilməsi nəzərdə tutulur. Təkcə bu ilin ilk 4 ayı ərzində isə iki ölkə arasında ticarət dövriyyəsi 78 faiz artıb. Həmçinin Tacikistan neft kəmərlərinin emalında müəyyən təcrübəyə malikdir. Azərbaycanın iqtisadi yatırım sahəsində olan potensialı Tacikistan üçün olduqca vacibdir. Tacikistanda 500 yatırım layihəsi mövcuddur ki, ölkəmiz bu təcrübədən istifadə etmək niyyətindədir. Həmçinin Tacikistan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizindən (Orta Dəhliz) aktiv şəkildə istifadə edir. Ötən il ərzində bu dəhliz üzrə daşınan yüklərin həcmində 86 faiz artım qeydə alınıb. Bu ilin 4 ayında isə yükdaşımaların həcmi 70 faiz artıb.

Son il ərzində Tacikistandan Bakıya orta hesabla 2000 turist gəlib. Pandemiya dövründən əvvəl isə bu say 3500 olub. Tacikistan prezidenti Emoməli Rəhmonun ötən gün ölkəmizə səfəri çərçivəsində turizm sahəsində imzalanan müqavilə faktiki olaraq ölkələr üçün yol xəritəsi hesab olunur. Bundan əlavə, mayın 20-də Bakıda keçirilən Azərbaycan-Tacikistan biznes forumunda da iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi müzakirə olunub.

Rəsmi ali səfərlərlə yanaşı, iki ölkə arasında mədəni sahədə də dərin bağlar mövcuddur. Ölkələrimizdə mütəmadi olaraq mədəniyyət günləri və kino həftəsi keçirilir. Azərbaycanda ilk dəfə Tacikistan Mədəniyyət Günləri 2007-ci il dekabrın 18-22-də keçirilib. Tacikistanda isə Azərbaycan Mədəniyyət Günləri bir il sonra noyabrın 9-12-də baş tutub. Bakıda, Heydər Əliyev Mərkəzində Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Tacikistan Mədəniyyət Günlərinin açılışı bu il mayın 20-də olub. Ötən gün ölkəmizdə səfərdə olan Tacikistan prezidenti Emoməli Rəhmon gələn il Tacikistanda Azərbaycan Mədəniyyət Günləri keçiriləcəyini və bu tədbir çərçivəsində Tacikistan və Azərbaycan xalqları arasında Dostluq festivalının təşkil ediləcəyini bildirib.

Mədəni əlaqələrin bu qədər müsbət məcrada inkişaf etməsinin səbəblərindən biri də ölkəmizdə tacik-fars, Tacikistanda isə Azərbaycanın mədəniyyət nümayəndələrinə böyük hörmətin olmasıdır. Tacik-fars ədəbiyyatının klassikləri olan Rudəki, Sədi və digərləri ölkəmizdə sevildikləri kimi, dünya ədəbiyyatı xəzinəsinə misilsiz töhfə vermiş böyük Azərbaycan şairləri Məhəmməd Füzuli, Nizami Gəncəvi də tacik xalqı tərəfindən daim hörmətlə qarşılanıb. Paytaxt Düşənbədə azərbaycanlı heykəltaraşlar Fuad Əbdürrəhmanov və Ömər Eldarovun əsərləri nümayiş etdirilir. Bakı və Düşənbə şəhərləri arasında Qardaşlaşma haqqında memorandum imzalanıb. Bundan başqa, Xocənd və Gəncə şəhərləri qardaşlaşmış şəhərlərdir.

İki ölkə arasında hərbi sahədə də əməkdaşlıq mövcuddur. 2010-2022-ci illərdə Tacikistan Silahlı Qüvvələrinin 39 kursantı Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirib. Hazırda 22 tacik kursant Heydər Əliyev adına Hərbi Akademiyada təhsil alır. Dövlət Sərhəd Xidməti Akademiyasında 24 nəfər tacik kursant təhsil alır, onlardan 6-nın təhsili bu il başa çatacaq. İki ölkə arasında xüsusilə ordu quruculuğu istiqamətində, həmçinin hərbi-texniki sahədə qarşılıqlı təcrübə mübadiləsi aparılır.

Ölkələrimiz həm də nəqliyyat, infrastruktur baxımından geniş imkanlara malikdir. Bu gün Azərbaycan istər türk dövlətləri, istərsə də Mərkəzi Asiya ölkələri arasında körpü rolunu oynayır. Bu baxımdan, Zəngəzur dəhlizinin açılması iki ölkə arasında münasibətləri daha yüksək səviyyəyə qaldırmağa, Azərbaycan ilə Mərkəzi Asiya regionu arasında əməkdaşlığı möhkəmləndirməyə xidmət edəcək. Bu istiqamətdə Azərbaycan və Tacikistan arasında artan etimad əlaqələrin inkişaf etməsinə, mövcud tərəfdaşlıq imkanlarının gələcəkdə daha da güclənməsinə zəmin yaradacaq.

Tacir SADIQOV,

"Respublika".