Dostluq, qardaşlıq, əməkdaşlıq rəmzi
Siyasət

Dostluq, qardaşlıq, əməkdaşlıq rəmzi

"Xudafərin", "Qız Qalası" bəndləri və elektrik stansiyalarının inşası, istismarı haqqında müqavilə İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında 13 fevral 2016-cı il tarixində Tehranda imzalanıb və iki ölkə parlamentləri tərəfindən təsdiqlənib. Gələcəyə hesablanmış Saziş Azərbaycan Prezidenti İlham Əliyevin prinsipial dövlət başçısı və uzaqgörən siyasi xadim olduğunu bir daha göstərdi. Bununla yanaşı, Saziş təcavüzkar Ermənistanın Araz çayı üzərindəki qanunsuz fəaliyyətinin qarşısını aldı. Sənədə bu günün reallığından, yəni Azərbaycan ərazilərinin işğaldan azad olunması kontekstindən yanaşdıqda isə aydın görünür ki, Prezident İlham Əliyev bu strateji addımı ilə həm də bundan sonrakı dövrdə həmin bölgənin sosial-iqtisadi inkişafına böyük təkan verəcək mühüm bir layihə reallaşdırıb. Prezidenti İlham Əliyevin 23 fevral 2020-ci ildə İran İslam Respublikasına rəsmi səfəri zamanı hər iki dövlət başçısının verdiyi tapşırığa müvafiq olaraq, "Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində "Xudafərin" və "Qız Qalası" hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında" Sazişin mətni razılaşdırılıb və imzalanıb.

Qeyd edək ki, hidroqovşaqların layihələri Sovet İttifaqı ilə İran İslam Respublikası arasında 1977-ci ilin oktyabrında imzalanan razılaşma əsasında hazırlanıb. 1990-cı illərin əvvəllərində hidroqovşaqların tikintisi Azərbaycan ərazisinin Ermənistan tərəfindən işğal edilməsi nəticəsində dayandırılsa da, sonrakı dövrlərdə tikinti işləri yalnız İran İslam Respublikası tərəfindən aparılıb. Vətən müharibəsi nəticəsində Azərbaycanın torpaqları, o cümlədən hidroqovşaqların tikildiyi ərazi işğaldan azad edildi. 1993-cü ildə Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Cəbrayıl rayonunun ərazisində yerləşən Xudafərin körpüsünün üzərində 27 il sonra Azərbaycan bayrağı ucaldıldı. Beləliklə, parlaq qələbələrə imza atan rəşadətli Azərbaycan Ordusu bu dəyərli abidəni əsl sahibinə qaytardı və 2020-ci il oktyabrın 18-i tariximizə daha bir şanlı gün kimi yazıldı.

Ali Baş Komandanın Xudafərin körpüsünü "dostluq körpüsü" adlandırması qonşu İrana çox müsbət bir mesaj, uzadılan dost əli kimi qiymətləndirildi. Çünki Azərbaycan bununla İranla münasibətlərdə tamamilə yeni bir səhifə açmış oldu. Xudafərin körpüsünün azad olunması İranla olan 132 kilometrlik dövlət sərhədinin bərpası demək idi. Xudafərin körpüsünün azad olunmasının iqtisadi əhəmiyyəti çox böyükdür. Burada Xudafərin su anbarının və Araz çayı üzərində tikilən su elektrik stansiyasının verəcəyi töhfələr xüsusilə qeyd olunmalıdır. Xudafərin su anbarının kənd təsərüfatının inkişafında meliorasiya işlərinin həyata keçirilməsi üçün müstəsna əhəmiyyəti olacaqdır. Araz çayı üzərində "Xudafərin" və "Qız Qalası" hidroqovşaqlarında su bəndlərinin tikintisi üzrə işlər tamamlanıb, su anbarlarının doldurulması işlərinə başlanılıb. Hazırda "Xudafərin" su anbarında 503 milyon kubmetr, "Qız Qalası" su anbarında isə 42 milyon kubmetr su yığılıb ki, bu da ümumi tutumun 40 və 85 faizini təşkil edir. Azərbaycan-İran sərhədi dostluq sərhədidir. Bu sərhədin qorunması Azərbaycan-İran əlaqələrinin inkişafı üçün də çox böyük önəm daşıyır. Bizim İran İslam Respublikası ilə digər istiqamətlərdə sərhədimiz var və bu, sözün əsl mənasında, dostluq, əməkdaşlıq sərhədidir.

Onu da qeyd edək ki, Vətən müharibəsindən sonra Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə 3+3 formatı regionun inkişafı üçün böyük perspektivlər vəd edir. Ölkəmiz həmişə qonşuları ilə yaxın dostluq münasibətlərinin tərəfdarı olub. İran qonşu ölkədir. Bu mənada, İran-Azərbaycan münasibətlərində müsbətə doğru xeyli dəyişikliklərin olması sevindirici və təqdirəlayiq haldır. Azərbaycanla anlaşılmazlıqların aradan qaldırılması üçün bir sıra praktiki addımlar atılıb. 2023-cü il oktyabrın 6-da Azərbaycanla İranın sərhədindəki Ağbənd bölgəsində (Azərbaycanın Zəngilan rayonu) iki ölkə arasında sərhəd-keçid məntəqəsinin tikintisinə başlanılıb. Elə həmin gün Azərbaycanla bu ölkənin Naxçıvan Muxtar Respublikasını birləşdirəcək İran tərəfinin Araz dəhlizi adlandırdığı (Ağbənd-Culfa) dəmir yolu və avtomobil yolunun, həmçinin Araz çayının üzərində salınacaq körpünün layihələri razılaşdırılıb. Bu layihənin həyata keçirilməsi, həmçinin Sovet İttifaqı dövründə mövcud olan Moskva-Tehran dəmir yolunun açılması deməkdir. Ağbənd yolu regionları birləşdirən əsas nəqliyyat-tranzit yollardan biri olacaq. Bu yoldan Türkiyəyə və İran vasitəsilə Fars körfəzinə yüklərin daşınması həyata keçiriləcək. Yaxın perspektivlərdə bu istiqamətdə dəmir yolunun çəkilməsi nəzərdə tutulur. 2023-cü dekabrın 30-da Azərbaycanın İranla sərhədində (Bakıdan 281 kilometr cənub) Astara çayı üzərində yeni inşa edilmiş avtomobil körpüsü və piyada keçidinin açılışı olub.

Ötən ilin yanvar ayında Azərbaycan səfirliyinə qarşı törədilmiş terror aktından sonra İran tərəfi ilə danışıqların əsas istiqamətlərindən biri səfirliyin təhlükəsizliyinə tam təminatın verilməsi məsələsi olub. Son bir neçə ay ərzində iki ölkənin rəsmi şəxsləri və aidiyyəti qurumları arasında təmaslar və danışıqlar çərçivəsində ölkəmizin gözləntiləri qarşı tərəfə çatdırılıb, səfirliyimizin daha təhlükəsiz və zəruri olan bütün tələblərə cavab verən yeni məkana köçürülməsi istiqamətində İran tərəfi ilə müvafiq iş aparılıb və yeni məkan müəyyən edilib. İşlər yekunlaşandan sonra səfirliyin fəaliyyətinin bərpa edilməsi planlaşdırılır.

Azərbaycan qarşıdan gələn dövrdə də İranla ikitərəfli əlaqələri inkişaf etdirmək istiqamətində siyasət yürüdəcək.

Mustafa KAMAL,

"Respublika".