Çoxşaxəli əməkdaşlıq uğurlu gələcəyin əsasıdır
Siyasət

Çoxşaxəli əməkdaşlıq uğurlu gələcəyin əsasıdır

Oxşar taleli iki ölkədən söz açacağıq: Azərbaycan və Tacikistan. Təxminən 70 il ərzində eyni dövlətin - keçmiş SSRİ-nin tərkibində olan hər iki ölkə ötən əsrin doxsanıncı illərinin əvvəllərində müstəqillik qazandıqdan sonra da bənzər yollardan keçiblər. İctimai-siyasi sabitliyin pozulması, vətəndaş müharibəsi təhlükəsinin yaranması kimi çətin vəziyyətlərdən iki dövlət məhz liderlərin uzaqgörən siyasəti sayəsində çıxmağı bacarıb. Bu gün artıq Azərbaycan və Tacikistan əməkdaşlığı regionda inkişafa, təhlükəsizliyə və tərəqqiyə xidmət edir: "Bizim bugünkü uğurlu inkişafımız, necə deyərlər, göydən düşməyib, bunun arxasında məhz böyük liderlərin, xalqlarımızın liderlərinin əməyi durur. Onlar özləri üçün, öz həyatları üçün riskə gedərək dinc və uğurlu inkişafı təmin etmək naminə əllərindən gələni ediblər". Dövlət başçımız İlham Əliyev bu sözlərlə bir daha xalqlarımız arasındakı qardaşlıq münasibətlərinin uğurlu inkişafının əsasının məhz 1990-cı illərin əvvəllərində qoyulduğunu vurğulayıb.

Diplomatik münasibətlər də elə 1992-ci ildən yaranıb. 2007-ci ildə Azərbaycanın Tacikistanda, bir il sonra isə Tacikistanın Azərbaycanda səfirliyinin fəaliyyətə başlamasından sonra daha da inkişaf edib. 15 mart 2007-ci ildə Prezident İlham Əliyevin Tacikistana rəsmi səfəri zamanı Azərbaycanla Tacikistan arasında bir sıra sənədlər imzalanıb. Ölkə rəhbərləri dostluq və əməkdaşlıq haqqında müqavilə, vətəndaşların qarşılıqlı vizasız gediş-gəlişi, investisiyaların təşviqi və qarşılıqlı qorunması, ticarət-iqtisadi, mədəniyyət və incəsənət, gömrük işlərində əməkdaşlıq və qarşılıqlı yardım, turizm, standartlaşdırma, metrologiya, sertifikasiya və akkreditasiya, eyni zamanda dəmir yol və avtomobil yolu nəqliyyatı sahəsində əməkdaşlıq və hava əlaqəsi haqqında hökumətlərarası sazişlər bağlayıblar. Bütün bunlar da deməyə əsas verir ki, İlham Əliyevin prezidentliyi dövründə Tacikistanla münasibətlər yüksələn xətt üzrə inkişaf edib.

2008-ci il fevralın 7-də Azərbaycan Respublikası ilə Tacikistan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası Komissiya yaradılıb. İndiyədək 6 iclası keçirilən komissiyanın sonuncu iclası ötən ilin iyulunda olub. İclasda işgüzar əlaqələrin daha da genişləndirilməsi, o cümlədən iqtisadiyyat, sənaye, ticarət, kənd təsərrüfatı, nəqliyyat, təhsil, turizm, mədəniyyət və digər sahələrdə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Həmçinin iki ölkə arasında qarşılıqlı mədəniyyət günləri və kino həftələrinin keçirilməsi ənənə halını alıb. 2007-ci il dekabrın 18-22-də Azərbaycanda Tacikistan Mədəniyyət Günləri, bir il sonra noyabrın 9-12-də isə Tacikistanda Azərbaycan Mədəniyyət Günləri, 2015-ci il martın 9-12-də Bakıda Tacikistan kinosu günlərinin keçirilməsi mədəni əlaqələrin uğurla davam etdiyini göstərir. Bununla yanaşı, Tacikistanın paytaxtı Düşənbədə azərbaycanlı heykəltəraşlar Fuad Əbdürrəhmanovun (Rudəkinin heykəli, 1964-cü il) və Ömər Eldarovun (Sədrəddin Ayninin heykəli, 1978-ci il və İbn Sinanın heykəli, 1980-ci il) əsərləri mövcuddur. Bu il 19-23 may tarixlərində Bakıda və Gəncədə keçirilən Tacikistan Mədəniyyəti Günləri ölkələrimiz arasında mədəni əlaqələrin inkişafına yeni töhfə oldu. Mayın 20-də Heydər Əliyev Mərkəzində açılışı keçirilən Tacikistan Mədəniyyəti Günləri tədbirində rəsmilər, iki ölkənin mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri və digər şəxslər iştirak ediblər.

Ölkələrimiz arasında əlaqələr yüksək səviyyədədir. Prezidentlərin səmimi dostluq münasibətləri qarşılıqlı səfərlərin doğurduğu nəticələrdə də özünü büruzə verir. Ötən il dövlətlərimiz arasında ali səfərlər baxımından olduqca məhsuldar il olub. Azərbaycan Prezidenti 2023-cü ildə dost ölkədə iki dəfə səfərdə olub. Dövlətimizin başçısı 2023-cü il aprelin 5-6-da Tacikistana dövlət səfəri edib, daha sonra ötən il sentyabrın 14-də Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasının Düşənbədə keçirilən iclasında Prezident Emoməli Rəhmonun dəvəti ilə yeganə fəxri qonaq qismində Tacikistanda səfərdə olub. Qarşılıqlı səfərlər əməkdaşlığın sürətlə genişləndirilməsinə imkanlar yaradır.

Mayın 22-də ölkəmizə səfər edən Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Fəxri Xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub. Mayın 23-də prezidentlərin təkbətək görüşü baş tutub. Son 2-3 il ərzində Mərkəzi Asiya, o cümlədən regionun türkdilli ölkələrinə ardıcıl səfərlər və həmin dövlətlərin başçılarının Azərbaycana səfərləri əlaqələrimizin genişləndiyini və strateji xarakter daşıdığını göstərir.

Röya RÜSTƏMLİ,

"Respublika".