TDT-yə üzv ölkələrin Məhkəmə-Hüquq şuraları sədrlərinin növbəti toplantısı Azərbaycanda keçiriləcək
Siyasət

TDT-yə üzv ölkələrin Məhkəmə-Hüquq şuraları sədrlərinin növbəti toplantısı Azərbaycanda keçiriləcək

"Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin Məhkəmə-Hüquq şuralarının sədrlərinin növbəti toplantısının 2025-ci ilin may ayında Azərbaycanda keçirilməsi ilə bağlı təklif etdik və təklif qəbul olundu. Gələn il hər birinizi Azərbaycanda görməkdən məmnun olarıq.

AZƏRTAC xəbər verir ki, bu fikirləri İstanbulda keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin Məhkəmə-Hüquq Şuralarının sədrlərinin ikinci toplantısında çıxışı zamanı Azərbaycan Ali Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov bildirib.

Tədbir çərçivəsində keçirilən "Ölkələrin təqdimatı: Hüquq-məhkəmə orqanlarının strukturu, vəzifəsi, səlahiyyətləri" mövzusunda panel iclasla çıxış edən İnam Kərimov belə tədbirlərin keçirilməsinin qarşılıqlı təcrübələrindən faydalanmaq, əməkdaşlığın gücləndirilməsi və ümumi maraqlar üçün fəaliyyətin birgə təşkili baxımından əhəmiyyətini vurğulayıb, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının fəaliyyəti haqqında iştirakçılara geniş məlumat verib.

Azərbaycanda hakimlərin seçimi prosesinə toxunan sədr bildirib ki, hələ 2005-ci ildən ölkəmizdə hakimliyə namizədlərin mütərəqqi və şəffaf üsullarla seçilməsi qaydası tətbiq olunur.

"Ən mühüm yeniliklərdən biri də ondan ibarətdir ki, artıq namizədlər bütün imtahanlar üzrə topladıqları ballara uyğun sıralanır və gələcək iş yerlərini mövcud vakansiyalar çərçivəsində özləri seçirlər. Prosesin obyektivliyi və şəffaflığına əlavə dəyər qatan məhz bu yeni qaydalarla keçirilmiş müsabiqə əsasında qısa müddətə 59 nəfər hakim vəzifəsinə təyin edilib. Hakim vəzifəsinə təyin edilən həmin namizədlərin yarısından çoxunu qadınlar təşkil edir", - deyə İnam Kərimov bildirib.

Beynəlxalq əməkdaşlığın genişləndirilməsi, xüsusilə türkdilli dövlətlərlə qarşılıqlı təcrübə mübadiləsinin daha da gücləndirilməsinin ölkəmizin əsas prioritetlərdən biri olduğunu diqqətə çatdıran sədr deyib: "Hesab edirəm ki, hazırda dünyada gedən regionallaşma mühiti dövlətlərarası əlaqələrin dərinləşməsini və region ölkələrinin inteqrasiyasını şərtləndirir.

Ötən il bizim təşəbbüsümüzlə Şuşada Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin məhkəmə orqanları arasında əlaqələrin genişləndirilməsi, ümumi maraq doğuran məsələlər üzrə fikir və təcrübə mübadiləsinin aparılması məqsədilə Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransı təsis edilib".

İnam Kərimov İstanbulda keçirilən bu tədbirin də qardaş dövlətlərimiz arasında münasibətlərin dərinləşdirilməsi, yeni əməkdaşlıq sahələrinin yaradılması baxımından müstəsna rol oynadığını bildirərək, görüşün olduqca faydalı nəticələr hasil edəcəyinə əminliyini ifadə edib.

Qeyd edək ki, Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin Məhkəmə-Hüquq Şuralarının sədrlərinin növbəti toplantısının Azərbaycanda keçirilməsi ilə bağlı qərar İstanbul görüşündə qəbul edilib.