Birlik və inteqrasiya bir amala xidmət edir
Siyasət

Birlik və inteqrasiya bir amala xidmət edir

Ankarada ilk dəfə olaraq bütün Türk dünyasının Vəkillər kollegiyalarının rəhbərləri zirvə görüşünə qoşulub

Mayın 23-də Türkiyənin paytaxtı Ankara şəhərində Türkiyə Barolar Birliyinin və ARVK-nin birgə təşkilatçılığı ilə Türk dünyası Vəkillər kollegiyalarının Zirvə görüşü keçirilib.

"TÜRK-AV çox geniş bir format idi. Burada tək türk dilində danışan ölkələr deyil, başqa dövlətlər də iştirak edirdi. Təbii ki, bu cür təşkilatın yaradılması asan deyildi, çətinliklər də yaranırdı. Ancaq çox sevinirəm ki, bugünkü Zirvə toplantısı baş tutdu. İlk dəfə olaraq bütün Türk dünyasının Vəkillər kollegiyalarının rəhbərləri bu görüşə qoşuldu". Bu fikirləri Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının (ARVK) sədri Anar Bağırov zirvə görüşündə çıxışı zamanı deyib.

Anar Bağırov qeyd edib ki, Türkmənistanın ilk dəfə Türk dünyası Vəkillər kollegiyaları rəhbərlərinin görüşünə qatılması böyük uğurdur. Bu gün  bizi həm tarixi, mədəni, həm də iqtisadi dəyərlər birləşdirir. Türk dövlətləri bu gün bir-birinə dəstək olur. Bu, bir reallıqdır. Azərbaycan Respublikası olaraq, biz bunun dəfələrlə şahidi olmuşuq. Vətən müharibəsi zamanı ərazilərimizin düşməndən azad edilməsində bizə ən böyük dəstək göstərən Türkiyə dövləti oldu.  Biz isə bunu heç vaxt unutmayacağıq. Bu, bizim tariximizdə əbədi olaraq qalacaq. Dostluğumuz sözdə yox, əməldə öz təsdiqini tapdı. Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir", xalqımızın Ümummilli Lideri Heydər Əliyevin söylədiyi kimi, biz "Bir millət, iki dövlət"ik kəlamları həyatda öz təsdiqini tapır. ARVK sədri vurğulayıb ki, 2023-cü ildə Türkiyənin Kahramanmaraş vilayətində baş verən dəhşətli zəlzələ zamanı Azərbaycan vəkilləri birləşərək Türkiyə Barolar Birliyinə dəstək verib.

Onu da qeyd edib ki, 2009-cu ildə Naxçıvan şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası yaradılıb. 2021-ci ildən etibarən isə bu Şura Türk Dövlətləri Təşkilatına çevrilib. Bütün Türk respublikalarının dövlət başçıları bu təşkilatda keçirilən tədbirlərdə iştirak edir. Hazırda əməkdaşlıq bütün sahələrdə davam edir. Təbii ki, vəkillik sahəsi də kənarda qala bilməzdi: "Vəkillər cəmiyyətlərimiz üçün çox önəmlidir. Bu peşə olmadan ədalət mühakiməsi, insan haqlarının qorunması, hüquqi dövlətin qurulması qeyri-mümkündür. Təbii ki, bizim iş birliyimiz, bu görüş, apardığımız müzakirələr, qəbul etdiyimiz qərarlar nəticə etibarilə yalnız bir hədəfə, bir amala xidmət edir".

Azərbaycan Vəkillər Kollegiyasının (ARVK) sədri Anar Bağırov Türkiyə Barolar Birliyinin prezidenti Erinç Sağkanı yenidən Azərbaycana dəvət edib. Türk dünyası Vəkillər kollegiyalarını BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) fəal iştirak etməyə çağırıb.

"Respublika".