Azərbaycan bu sınaqdan da qalib çıxacaq
Siyasət

Azərbaycan bu sınaqdan da qalib çıxacaq

Vətən müharibəsi başa çatsa da Qarabağ ərazisindən mütəmadi olaraq soydaşlarımızın ölüm və ya ağır yaralanması ilə bağlı xəbərlər gəlməkdə davam edir.

1965-ci il təvəllüdlü Hacıyev Arzu Nəcəf oğlu da bu taleyi yaşayanlardan biri oldu. O, mayın 21-də Tərtər rayonu Həsənqaya kəndi ərazisində keçmiş təmas xətti yaxınlığında, minalardan təmizlənməmiş ərazidə heyvan otararkən minaya düşüb, aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib. Bu cür ölüm hallarında düşmənimizi nə qədər günahlandırsaq da bunun heç bir faydası olmayacaq. Buna görə də vətəndaşlarımız yetərincə məsuliyyətli olmalıdırlar. Müvafiq qurumlar da vurğulayır ki, əgər müəyyən ərazilərin minalardan təmizlənməsi haqqında lövhələr yoxdursa, o yerlərə daxil olmaq qadağandır. Əks halda bu, insan tələfatı, ya da ağır yaralanma ilə nəticələnir.

Azərbaycan Qarabağ və Şərqi Zəngəzurun minalardan tamamilə təmizləməsinə böyük səy göstərir. Lakin bu olduqca çox çətin prosesdir. Nəzərə almalıyıq ki, minaların təmizlənməsində ölkəmizə heç bir beynəlxalq dəstək göstərilmir.

Minalarla çirklənmiş ərazilərə yenidən həyatın qayıtması üçün Ermənistanın mina xəritələrini təqdim etməsinə böyük ehtiyac duyulur. Azərbaycan rəsmiləri Ermənistan nümayəndələri ilə keçirdikləri görüşlərdə hər zaman bu məsələni diqqət mərkəzinə gətirirlər. Rəsmi Bakı ilə İrəvan arasında keçirilən görüşlərin gündəliyində minalardan təmizlənmə məsələsi xüsusi yer tutur. Prezident İlham Əliyev Nikol Paşinyanla təmaslarında dəfələrlə mina xəritələrinin Azərbaycana təqdim edilməsinin vacibliyini vurğulayıb. Dövlətimiz, hətta buna görə qarşı tərəfə bəzi güzəştlər də edib. Bir neçə il öncə uzun sürən danışıqlardan sonra Ermənistan Ağdam rayonunda basdırılmış minaların xəritələrini Azərbaycan təqdim etmişdi. Təbii ki, onlar bunu öz xoşu ilə etməmişdi. Bunun müqabilində saxlanılan 15 erməni Ermənistana qaytarılmışdı. Həmin xəritələrdən məlum olmuşdu ki, Ağdam rayonunda 97.000 mina basdırılıb. Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşaya səfər etdikləri zaman dövlət başçımız həmin rəqəmi qardaş ölkənin rəhbərinə deyəndə o, çox təəccüblənmişdi. Ermənistan ordusunun bir rayona bu qədər mina basdırmasının səbəbi əslində o qədər də təəccüblü deyil. Ermənilər hələ işğal dövründə gələcəkdə müharibə olacağı təqdirdə, Azərbaycan Silahlı Qüvvələrinin Ağdamdan hücuma keçəcəyini yəqin edirdilər. Amma Ordumuzun peşəkar rəhbərliyi Vətən müharibəsinin gedişində işğalçıları mat qoydu. 2020-ci il 27 sentyabrda keçirilən əks-hücum əməliyyatlarında hərbçilərimizin döyüş taktikası düşmənin planlarını alt-üst etdi.

Ağdam rayonunun real  mina xəritələrinin Azərbaycana verilməsi minalardan təmizlənmə prosesinə böyük təkan verəcəkdi. Amma bir müddət sonra müəyyən oldu ki, rəsmi İrəvanın təqdim etdiyi xəritələrin yalnız 20-25 faizi dəqiqlik təşkil edir. Beləliklə, erməni xisləti burada da özünü göstərdi. Tarix boyu verdikləri sözə, götürdükləri öhdəliyə sadiq olmayan ermənilər bu anlaşmada da xaraktersizlik nümayiş etdirdilər. Amma ermənilərin heç bir məkrli planı Azərbaycanı öz məqsədlərindən yayındıra bilməz. İşğaldan azad edilmiş ərazilərə qayıdışa əngəl olan mina problemini aradan qaldırmaq üçün təxirəsalınmaz işlər davam etdirilir.

Ölkəmizdə bütün sahələrdə olduğu kimi, minatəmizləmə işlərində də innovasiyalar, texnologiyalar, dronlar və süni intellektin imkanlarından geniş istifadə olunur. Minatəmizləmə Agentliyi 2021-ci ildən dronlar və süni intellektin istifadəsi ilə tədqiqat işlərində səmərəli nəticələr göstərən "Uzaq Məsafədən (Havadan) Mina sahələrinin Tədqiqatı" (RAMS) sistemindən istifadə edir.

Minatəmizləmə sahəsində dronların tətbiqindən xarici ölkələrdə sınaq məqsədilə həyata keçirilsə də bu texnologiyadan Azərbaycanda geniş miqyasda istifadə edilir. İşğalçılar minaların basdırılmasını elə planlaşdırıblar ki, mümkün qədər çox insan həlak olsun. Həmin ərazilərdə relyefin çətinliyini nəzərə alsaq təhlillərin aparılmasının riskli olduğunu deyə bilərik. Bu məqsədlə də minalara qarşı tədqiqat aparan dronlar havaya qaldırılır. Dronlar daşıyıcı vasitələrdir. Əsas funksiyanı yerinə yetirən dronların üzərinə quraşdırılan faydalı yükdür. Dronlar vasitəsilə havadan ərazi haqqında məlumat toplanır, sonra həmin məlumat süni intellekt vasitəsilə emal olunur. Emal nəticəsində onların xəritəsi çəkilir və təhlükənin miqyası bəlli edilir. Bundan sonra həmin ərazilər ANAMA-nın təmizləmə qrupuna təhvil verilir. 44 günlük Vətən müharibəsində torpaqlarımızın hər qarışının azad edilməsi üçün necə mübarizə aparılırdısa, bu gün həmin yerlərin minalardan xilas olunması üçün də eyni şücaət göstərilir. İnanırıq ki, Azərbaycan bu ağır sınaqdan da qalib çıxacaq.

Musa BAĞIRLI,

"Respublika".