YENİ YOLLAR BƏRDƏNİN SİMASINI DƏYİŞİR
İqtisadiyyat

YENİ YOLLAR BƏRDƏNİN SİMASINI DƏYİŞİR

Dövlətimizin başçısı cənab İlham Əliyevin təsdiq etdiyi regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramları respublikanın tərəqqisinə, xalqın maddi rifah halının yaxşılaşmasına hesablanmışdır. Proqramların uğurlu icrası nəticəsində respublikanın hər yerində irimiqyaslı infrastruktur layihələrin həyata keçirilməsi geniş vüsət almışdır.

Respublika iqtisadiyyatının neftdən asılılığının aradan qaldırılması, neft kapitalının insan kapitalına çevrilməsi aparılan məqsədyönlü siyasətdə prioritet təşkil edir. Həmçinin xalqın rahat yaşaması üçün irimiqyaslı quruculuq, abadlıq işlərinin aparılması istiqamətində mühüm işlər həyata keçirilmişdir.

Yol infrastrukturunda icra olunan layihələr milli iqtisadiyyatın güclənməsinə və inkişafına birbaşa təsir etmişdir. Qarabağ iqtisadi rayonuna daxil olan ən böyük rayonlardan biri qədim Bərdə ölkədə aparılan genişmiqyaslı abadlıq-quruculuq işlərindən kənarda qalmamışdır. Dövlət başçısının respublikamıza rəhbərlik etdiyi 20 il ərzində Bərdə rayonunda yol infrastrukturunda aparılan quruculuq işləri ilə tanış olmaq üçün bölgəyə yollandıq. Azəravtoyol Dövlət Şirkətinin Bərdə rayonunda fəaliyyət göstərən 43 saylı Yol İstismarı MMC-nin direktoru İlham Əzimov bildirdi ki, son 20 ildə rayonda yol infrastrukturunda bir çox layihələr həyata keçirilmişdir. Hazırda respublikanın hər yerində, o cümlədən işğaldan azad olunmuş ərazilərimizdə müasir standartlara cavab verən yolların inşası sürətlə davam etdirilir.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz 2020-ci ildə 44 günlük Vətən müharibəsində möhtəşəm Qələbəyə imza atdı. Qələbədən dərhal sonra işğaldan azad olunmuş torpaqlarımızda quruculuq işlərinə start verildi, yüzlərlə kilometr yollar çəkildi. Hazırda yol çəkilişi, körpü və tunellərin tikintisi sürətlə davam etdirilir.

Respublikada bütün standartlara cavab verən avtomobil yollarının qurulması ulu öndər Heydər Əliyevin rəhbərliyi dövründə daha geniş vüsət almışdır. İstər sovetlər birliyi dönəmində, istərsə də müstəqillik əldə etdikdən sonra bərbad vəziyyətdə olan yüzlərlə kilometr avtomobil yolları yenidən qurularaq istifadəyə verilmişdir.

SSRİ rəhbərliyində çalışarkən ittifaq miqyasında strateji əhəmiyyətli yolların tikintisinə rəhbərlik edən ulu öndər Heydər Əliyev demişdir: "Yol iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyat deməkdir". Bu kəlamlar Heydər Əliyevin yol təsərrüfatına ciddi yanaşdığını bir daha sübut edir.

Ümummilli liderin siyasi kursunun davamçısı İlham Əliyevin ölkəmizin tərəqqisi, inkişafı naminə gördüyü işlər misilsizdir. 20 il ərzində Azərbaycan Cənubi Qafqazın lider dövlətlərindən birinə çevrilmişdir. Respublikanın ən ucqar yaşayış məntəqələrinə də müasir standartlara cavab verən avtomobil yollarının çəkilişi vətəndaşların məmnunluğuna səbəb olur.

Həmsöhbətim qeyd etdi ki, 2023-cü il sentyabr ayının 19-20-də həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində 23 saat 47 dəqiqə ərzində ölkəmizin öz ərazilərində suverenliyi tam təmin olundu. Doğma Xankəndi, Xocalı, Xocavənd və digər bölgələrə hər kəsin rahat gedib gəlmək arzusu gerçəkləşdi. Heç şübhəsiz, mənfur ermənilərin bərbad günə saldığı yollar qısa zaman kəsiyində öz simasını tamamilə dəyişəcək. Yerli sakinlərin, eləcə də xarici turistlərin bölgələrə gediş-gəlişinə normal şərait yaranacaqdır.

Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 20 il ərzində Bərdə rayonunda yol infrastrukturunda aparılan quruculuq işləri bərdəlilərin sevincinə səbəb olmuşdur. 2001-ci ildə dövlət başçısının müvafiq sərəncamı ilə Bərdə rayonunda Alpout-Mustafa-Ağalı-Qaratəpə-Nazırlı kəndlərini birləşdirən uzunluğu 22 kilometr olan yerli əhəmiyyətli yolun tikintisi başa çatdırılaraq istifadəyə verilmişdir.

2015-ci ildə Yeni Əyricə-Əyricə kənd avtomobil yollarında uzunluğu 36 poqonmetr metal körpü inşa olunmuşdur. 2017-ci ildə rayon ərazisində 25 kilometr uzunluğunda Bərdə-Yeni Daşkənd-Umudalılar avtomobil yolu yenidən qurulmuş, avtomobillərin rahat gediş-gəlişini təmin etmişdir.

2018-ci ildə Bərdə rayon Muğanlı körpüsündən uzunluğu 17,5 kilometr olan müasir standartlara cavab verən avtomobil yolu istifadəyə verilmişdir. 2020-ci ildə rayonun Qarağacı-Mircəfərli-Mollagüllər kəndlərini birləşdirən 8 kilometr uzunluğunda avtomobil yolu yenidən qurulmuşdur. 

Sözsüz ki, yeni, müasir yollar rayon iqtisadiyyatının inkişafına müsbət təsir göstərir. Belə ki, sakinlər yetişdirdikləri müxtəlif növ kənd təsərrüfatı məhsullarını respublika bazarlarına rahat şəkildə və tez çatdırırlar.

MMC-nin balansında 309 kilometr avtomobil yolları var. Bundan 62 kilometri  respublika, 247 kilometri yerli əhəmiyyətli yollardır. Bu yolların 210.5 kilometri asfalt-beton örtüklü, 19 kilometri qara örtüklü, 79.5 kilometri çınqıl örtüklü yollardır.

Qeyd etmək lazımdır ki, başlanğıcını Bərdə şəhərindən götürən, uzunluğu 45 kilometr olan 4 hərəkət zolaqlı birinci texniki dərəcəyə uyğun olan Bərdə-Ağdam avtomobil yolunun tikintisi yekunlaşmaq üzrədir.

Vəli VƏLİYEV,

"Respublika".