Həqiqəti inkar edənlər ədalət axtarışına səssiz qalırlar
Siyasət

Həqiqəti inkar edənlər ədalət axtarışına səssiz qalırlar

Rusiyanın Cənubi Qafqazdakı təsir gücünü minimuma endirmək istəyən kollektiv Qərbin Ermənistanla yaxınlığı artıq təəccüb doğurmur. Qoca qitə təmsilçiləri yaxşı dərk edirlər ki, regionda planlarının icrası üçün maşa kimi istifadə edə biləcəkləri yeganə dövlət Ermənistandır. Bu səbəbdən də avropalı nümayəndələr tez-tez İrəvana işgüzar səfərlər edir, Paşinyan iqtidarını boş vədlərlə şirnikləndirməyə çalışırlar. Ona görə də Lüksemburq Böyük Hersoqluğunun Deputatlar Palatasının sədrinin Ermənistan ziyarəti tamamilə təbii qəbul edilməlidir.

Klod Vislerin Avropa İttifaqı ilə İrəvan arasındakı əlaqələri dəstəkləməsi, daha əhatəli yeni əməkdaşlıq proqramının zəruriliyindən danışması da məntiqə uyğundur. Əslində qərbli nümayəndə sadəcə Ermənistanın Avropaya inteqrasiyasından danışsaydı, burada tənqid etməli heç bir məqam olmazdı. Çünki müstəqil dövlətlər qarşılıqlı faydalılıq prinsipi əsasında əlaqələrini dərinləşdirirlər. Amma Visler tipik erməni həyasızlığı göstərərək məsələləri fərqli məcraya daşıyıb. O bildirib ki, davamlı sülhə nail olmazdan əvvəl açıq, dürüst və konstruktiv dialoqun inkişaf edə biləcəyi mühitin yaradılması çox vacibdir.  Ona görə də siyasətçi təcili olaraq Bakıdan bütün hərbi əsirlərin dərhal azad edilməsini və itkin düşmüş şəxslərlə bağlı hərtərəfli məlumat verilməsini tələb edib. Hətta onun sözlərinə görə, bu, bəşəriyyətin ədalətli tələbidir. Ardınca isə Lüksemburq Deputatlar Palatasının sədri şüvən ritorikasına və sentimentallığa baş vuraraq deyib ki, 2023-cü ilin sentyabrında Azərbaycanın əsassız hərbi əməliyyatları nəticəsində 100 mindən çox erməni zorla deportasiyaya məruz qalıb.

Qarabağdan könüllü çıxan ermənilərin halına yanan, ölkəmizi etnik təmizləmədə günahlandırmağa cəhd edən Lüksemburq rəsmisinin obyektivlikdən uzaq bəyanatı isə heç bir şəkildə ciddi qəbul oluna bilməz. Çünki sözügedən çıxışda 23 saatlıq lokal xarakterli antiterror tədbirlərinin məram və məqsədləri təhrif edilib. Ötən ilin sentyabrında baş verən hadisələrin Azərbaycana qarşı davam edən hərbi təhdidlərin aradan qaldırılmasına və qanunsuz hərbi birləşmələrin mövcudluğuna son qoyulmasına yönəldiyi qətiyyən nəzərə alınmayıb. Həmçinin Qarabağ regionunun erməniəsilli sakinlərinin Azərbaycan cəmiyyətinə reinteqrasiyası istiqamətində atılan uğurlu addımlara lazımi qiymət verilməyib. Regional problemlərin kökündə Ermənistanın ölkəmizə qarşı ərazi iddialarının dayandığı tamamilə diqqətdən kənar saxlanılıb. Halbuki Azərbaycanın beynəlxalq səviyyədə tanınmış və Lüksemburqdan dörd dəfə böyük olan əraziləri 30 il ərzində erməni işğalı altında qalıb. İşğal dövründə bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Səkkiz şəhər və yüzlərlə kənd, saysız-hesabsız tarixi, dini və mədəni abidələr darmadağın edilib, Yer üzündən silinib. Eyni zamanda Klod Vislerin  çıxışında Ermənistanın 30 illik hərbi işğalı nəticəsində 4000-ə yaxın itkin düşmüş azərbaycanlının aqibəti gözardı edilib. Qarabağdan öz istəkləri ilə çıxan ermənilərin gələcək taleyinə isə ürəkağrısı ilə yanaşılıb. Öz qanunvericiliyində fransızcanı əsas dil kimi müəyyən edən lüksemburqlu təmsilçilər Cənubi Qafqaz regionuna yanaşmalarında "fransız üslubu"nu davam etdirməkdə həddən artıq həvəsli görünürlər. Onlar regionda baş verən prosesləri sərbəst şəkildə təhrif etməkdən, hətta Azərbaycana qarşı hansısa tələblər irəli sürməkdən çəkinmirlər. Bu da ölkəmizə qarşı sərgilənən ikili standartların bariz nümunəsidir. Qərbi Azərbaycan İcması da sözügedən çıxışla bağlı yaydığı bəyanatda bu məqama toxunub: "Visler Azərbaycana qarşı münasibətində qərəzlidir və ayrı-seçkilik mövqeyi nümayiş etdirir. Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması, o cümlədən sərhədlərin delimitasiyası istiqamətində atılan son addımlar müstəvisində regiondan kənar dövlətlərin bu cür ziyanlı və yersiz müdaxilələri yolverilməzdir. İcma Klod Visleri ədalətli mövqe sərgiləməyə, 300 mindən çox qərbi azərbaycanlının öz ata-baba yurduna qayıtması ilə bağlı məsələyə reaksiya verməyə çağırır".

Ümumiyyətlə, Ermənistan ilə Azərbaycan arasında normallaşma prosesinin irəliyə aparılması üçün tədbirlərin görüldüyü, ikitərəfli danışıqlar formatının müsbət şəkildə irəlilədiyi, xüsusən sərhədlərin delimitasiya və demarkasiyası istiqamətində uğurlu nəticələrin əldə edildiyi bir dövrdə Lüksemburq Deputatlar Palatasının və onun havadarlarının məqsədi həmin ikitərəfli danışıqlar formatını və sülh prosesini pozaraq regiona müdaxilə etməkdir. Bu səbəbdən, Azərbaycan Respublikasının Milli Məclisi Lüksemburq Deputatlar Palatasının sədrinin qərəzli fikirlərini kəskin şəkildə qınayıb. Bildirilib ki, özlərini humanitar dəyərlərin və fundamental hüquqların qarantı kimi qələmə verən Lüksemburq parlamenti özünə xas olan davranış tərzini seçib və bütün bu faciəvi hadisələrə - obyektiv reallıqlara münasibətdə biganə qalmağa üstünlük verib: "Otuz illik işğalın ağır nəticələrinə, törədilmiş dəhşətlərə baxmayaraq, Azərbaycan bu gün həm də regiona uzunmüddətli sülh və sabitlik gətirəcək normallaşma prosesinin təşəbbüskarıdır. Hazırda Azərbaycan-Ermənistan ikitərəfli sülh danışıqlarının müsbət şəkildə davam etdiyi bir məqamda xarici emissarların bu cür çıxışlarının isə regionda sülh və sabitlik naminə atılmış addım olmadığı hər kəsə məlumdur. Bu müdaxilə cəhdlərinin sülh prosesində uğurlu nəticələrin əldə olunmasını əngəlləməyə istiqamətləndiyi şübhə doğurmur. Lüksemburq parlamentinə və onun sədrinə öz "dəstəyini" başqa istiqamətlərə yönəltməyi qətiyyətlə tövsiyə edirik".

Sonda isə Paşinyan hökumətinə bir daha xatırlatmaq lazımdır ki, regiondankənar oyunçuların Cənubi Qafqazdakı proseslərə dair birtərəfli yanaşmaları nə sülh prosesinə, nə də etimad quruculuğuna fayda verir. Qlobal güclər sadəcə Ermənistanı böhrana sürükləyir. Odur ki, baş nazir və komandası Azərbaycanla sülh müqaviləsini imzalayaraq öz ölkələrinin sabit və firavan gələcəyini təmin etməlidir.

Jalə QASIMZADƏ,

"Respublika".