Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin gücləndirilməsi yolları müzakirə edilib
CƏMİYYƏT

Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin gücləndirilməsi yolları müzakirə edilib

Dörd ayda 2 ton 262 kiloqramdan çox narkotik vasitə və psixotrop maddə dövriyyədən çıxarılıb

Mayın 23-də Baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Əhmədovun sədrliyi ilə aidiyyəti nazirlik, komitə və digər təşkilatlar tərəfindən görülmüş işlərin müzakirəsinə dair Komissiyanın növbəti iclası keçirilib.

Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupundan AZƏRTAC-a verilən məlumata görə, iclasda "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı"nda nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsinə dair görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Əhmədov iclasda bildirib ki, Prezidentinin 2019-cu il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı"nda qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi məqsədilə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri gücləndirilib, antinarkotik təbliğin müasir dövrün tələblərinə uyğunlaşdırılması sahəsində müvafiq işlər görülüb, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi ilə əlaqədar məqsədyönlü tədbirlər həyata keçirilib.

O, ölkə ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı aşkarlanan cinayət faktları və həmin faktlar üzrə qanunsuz dövriyyədən götürülmüş narkotik vasitələr barədə şəhər və rayonlar üzrə məlumatları müqayisəli təhlil edərək iclas iştirakçılarının diqqətinə çatdırıb. Qeyd edilib ki, hüquq-mühafizə orqanları bu ilin dörd ayında 3796 fakt üzrə 2 ton 262 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə və psixotrop maddəni qanunsuz dövriyyədən çıxarıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə narkotiklərlə bağlı cinayət faktlarında 196, qanunsuz dövriyyədən çıxarılmış narkotiklərin çəkisində 849 kiloqram azdır. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərin sayında 407 nəfər, həmçinin narkotik maddələrin aşırı dozasının qəbulu nəticəsində ölənlərin sayının azaldığı bildirilib.

Dövlət Komissiyanın iclasında Dövlət Gömrük Komitəsi sədrinin müavini Cavad Qasımov, Dövlət Sərhəd Xidməti rəisinin müavini Abbas Xəlilov, səhiyyə nazirinin müavini Nadir Zeynalov, Salyan Rayon İcra Hakimiyyətinin başçısının müavini, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə rayon komissiyasının sədri Rəşad Cəbrayılov, Şirvan Şəhər İcra Hakimiyyətinin başçısının müavini, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə şəhər komissiyasının sədri Orxan İbrahimov təmsil etdikləri qurumlar tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə tədbirlərinin və narkotik asılılığı olan şəxslərin sayının azaldılması üçün görülən işlərin vəziyyəti, bu sahədə qarşıda duran vəzifələr barədə məlumat veriblər.

İclasda Dövlət Komissiyasının sədri Əli Əhmədov son dövrlərdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilməsi faktlarının, narkotik vasitələrdən istifadə ilə bağlı göstəricilərin artmasından narahatlıq ifadə edib və həmin halların qarşısının alınması üçün müvafiq dövlət qurumlarının və ictimaiyyətin səylərinin artırılması, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərinin səmərəliliyinin artırılması, antinarkotik təbliğatın və maarifləndirmə işinin aidiyyəti orqanlar tərəfindən kompleks şəkildə təşkil edilməklə daha da gücləndirilməsinin zəruriliyi vurğulanıb.

İclasın yekununda qarşıda duran vəzifələrin icrası, narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısının alınması sahəsində, o cümlədən gömrük-sərhəd buraxılış məntəqələrində və sərhədyanı ərazilərdə fəaliyyətin gücləndirilməsi və tranzit yükdaşımalarına nəzarətin artırılması, reabilitasiya mərkəzinin yaradılması, narkoloji tibbi müəssisələrin maddi-texniki bazasının təkmilləşdirilməsi, narkoloji xidmətin keyfiyyətinin və kadr potensialının yaxşılaşdırılması, narkomanlığın xüsusilə geniş yayıldığı şəhər və rayonlarda narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizənin gücləndirilməsi və digər zəruri tədbirlərin icra edilməsi sahəsində səmərəliliyin daha da artırılması ilə əlaqədar aidiyyəti qurumlar qarşısında konkret vəzifələrin qoyulub.