Mədəniyyət

"Ədib qələmiylə yazdığın nüsxə, bir xalqın dərdinə şəfadır, əlbət!"

1925-ci il may ayının 24-də Təbrizdə soy-kökü, əsil-nəcabəti ilə seçilən bir ailədə əsrin azərbaycanlısı dünyaya gəlir. Böyük alim və ruhani olan atası Mirzə Əli Heyət övladının əliaçıq, səxavətli və comərd olmağını istəyirdi. Buna görə də oğluna Cavad adını verir. Əli Heyət sanki Cavadın böyüyüb xeyirxah bir şəxsiyyət olacağını əvvəlcədən hiss etmişdi. Atasının dövlət məmuru kimi tez-tez iş yerini dəyişdirdiyindən Cavad təhsilini Həmədan, Təbriz və Tehran şəhərlərində alır. Sonra Tehran Universitetinin tibb fakültəsinə daxil olur. Buranı bitirdikdən sonra isə İstanbulda təhsilini davam etdirib tibb doktoru olur, ardınca Parisə gedib yüksək dərəcəli cərrah ixtisasına yiyələnərək İrana qayıdır. Tehran Universitetində çalışdığı müddətdə İranda ilk dəfə açıq ürək əməliyyatını, koronar şuntlamanı gerçəkləşdirir. Ömrünün 40 ilini bu peşəyə sərf edir. Əldə etdiyi bir çox uğurlara görə Beynəlxalq Cərrahlar Cəmiyyətinin İdarə Heyətinin və Paris Cərrahlar Akademiyasının üzvü seçilir. Cavad Heyət bütün həyatını və fəaliyyətini əsasən cərrahlığa, həmin sahə üzrə araşdırmalara sərf edərək İranda nəzəri və eksperimental cərrahiyyənin əsasını qoyur. O, 12 il ərzində "Daneşe pezeşki" (Tibb Elmi) adlı jurnal dərc etdirir. Burada yüzlərcə elmi məqaləni, cərrahiyyəyə aid üç kitabı ərsəyə gətirərək tibbə böyük töhfələr verir.

Hələ cavan yaşlarından ürək cərrahı kimi məşhurlaşmağa başlamışdı. Lakin tale ona daha ali bir missiyanı - millətinin ürəyinin və xalqının ruhunun cəfakeşi olmağı da həvalə etmişdi. Arazın hər iki tayının müdrik şəxsiyyəti kimi tanınan Cavad Heyət öz könlünü tükənməz bir enerji qaynağına - bütöv millətinin və qövmünün qəlbinə bənd etmişdi.

Dövrünün ən ziyalı şəxslərindən biri olan doktor Cavad xalqını, millətini inkişaf etdirmək, irəli aparmaq üçün əlindən gələni edirdi. Bəxtiyar Vahabzadə dostu Cavadın ucalığına heyrətini belə ifadə edirdi:

Bu xalqın mənəvi ağrılarına

Əlacı, qardaşım, qələmdə gördün.

Gündüzlər bıçaqla kəsmək bir yana,

Gecələr əlinə qələm götürdün.

Cavad Heyət təkcə doktor kimi fəaliyyət göstərmir, o həm də ana dili uğrunda mübarizə aparır, insanların maariflənməsi üçün gecəsini gündüzünə qatırdı. "Cərrahlıq peşəm, ədəbiyyat eşqimdir..." deyərdi hər zaman. Həkimliklə ədibliyi ahəngdar birləşdirən Cavad Heyət Azərbaycan, eləcə də digər türk xalqlarının dil və ədəbiyyatının yorulmaz tədqiqatçısı, mahir bilicisi, milli və mənəvi irsimizin sayıq keşikçisi idi. Bu sahədə yüzlərlə əsər və məqalələr yazan, çıxışlar və məruzələr edən, alim İranın dövri mətbuatında, elmi-kütləvi dərgilərdə, eləcə də yaxın-uzaq dünya nəşrlərində xalqımızın tarix və mədəniyyətinə xor baxan, ona hər vəchlə qara yaxan, Pəhləvi rejimindən miras qalmış ideologiyaya nökərçilik edən müəlliflərə qarşı yorulmadan yüksək elmi səviyyədə mübarizə aparırdı. O, millətin səadətini elmdə və mənəviyyatda, milli şüur qazanmaqda, insani duyğuları qüvvətləndirməkdə görürdü. Heyət daim xalqının Avropaya çatması üçün çox çalışmalı olduğuna, lakin öz mənəviyyatını, milli dəyərlərini itirməyəcəklərinə inanırdı: "Biz Avropa mədəniyyətini kor-koranə qəbul edə bilmərik. Biz ancaq açıq gözlə, ağılla, şüurla seçərək Avropa mədəniyyətini almalı və inkişaf etdirməliyik". 

"Varlıq" jurnalında Doktor Heyətin azərbaycançılıq, bütöv Azərbaycan ideyasının xalqa çatdırılması uğrunda mübarizəsi dolğunluğu ilə öz təcəssümünü tapmışdı. "Varlıq" Azərbaycanın müasir həyatında böyük bir hadisə idi. Jurnalın adının da böyük mənası var idi. Bir dəfə "Varlıq"dan söz açaraq Cavad Heyət deyir: "Biz İran Azərbaycanındanıq… Cənubluyuq… Pəhləvilər dövründə İranda 60 ilə yaxın ana dilimiz, mədəniyyətimiz inkar edilmiş, hətta qadağan olunmuşdur. Onun üçün xalqımız özündən, kimliyindən, dilindən,  ədəbiyyatından və tarixindən xəbərsiz qalmışdır. Bu da bir xalqın, bir millətin varlığının məhv olmasına hazırlıqdır. Millət belə, bu şəkildə məhv olur. Yəni ruhən, mənən məhv olur. Bizim bunun önünü almağımız və bu boşluğu doldurmağımız lazım idi. Xalqımıza dilini, ədəbiyyatını, tarixini xatırlatmağımız lazım idi. Ona görə də ədəbi, mədəni bir dərgi, bir jurnal çıxartmağa başladıq. Məktəbimiz olmadığı üçün islam inqilabından sonra bizə nisbi bir dil azadlığı verdilər. Biz ondan faydalandıq və məktəb işini görən bir dərgi çıxarmağa başladıq. Onun üçün "Varlıq" dərgisini çıxardıq. "Varlıq"da dilimiz, ədəbi dilimizin faydaları, ədəbiyyatımızın tarixi, folklorumuz, tariximiz haqqında silsilə məqalələr verdik. Hətta bu məqalələri sonra kitablar şəklində buraxdım. Amma niyə bu dərginin adını "Varlıq" qoyduq? Çünki hələ Pəhləvilər zamanında bizim varlığımızı inkar edirdilər. Deyirdilər ki, "siz türk deyilsiniz, sizin diliniz farscanın bir ləhcəsidir. Bu dildə yazmaq, oxumaq olmaz". Biz buna qarşılıq olaraq jurnalımıza "Varlıq" adı qoyduq ki, biz varıq.  Onun üçün də biz bu adı seçdik".

İran türklərinin milli şüurunun oyanmasında əvəzsiz iş görmüş "Varlıq" dərgisi kimliyini tanıyan, türklüyü ilə fəxr edən yeni bir nəslin yetişməsinə səbəb oldu. Jurnalı təmənnasız, öz şəxsi vəsaiti ilə nəşr edən doktor Cavad Heyət bununla bütün azərbaycanlılar üçün özündən sonra dərin iz buraxdı. Misilsiz işlər görən bu şəxsiyyət üçün məhz bu daha vacib idi. O, tamamilə mənəviyyat adamı idi. Doktor daim həmsöhbət olduğu insanlara deyirdi ki, mən alim olmazdan əvvəl insanam və məndən sonra da elmim mənimlə gedəcək, yazdıqlarım qalacaq, amma mənim adım mənəviyyat dərəcəmə görə yad ediləcək. İnsanı əbədiyyətə qovuşduran elmlə bərabər, mənəviyyatdır. Xidmət et xalqa, nə qədər xidmət edə bilirsən, nə qədər faydalı ola bilirsən - vətəninə, xalqına, insaniyyətə faydalı ol.

Onun kitabları, məqalələri bu gün Heyətin yolu ilə gedənlərə çıraq olur. İkisi fars və beşi türk dilində olan yeddicildlik türkologiya kitabı, bu  sahədə 300, tibb sahəsində isə 100 məqalə, bundan başqa, "Azərbaycan ədəbiyyat tarixinə bir baxış", "Azərbaycan şifahi xalq ədəbiyyatı", "Türk dili və ləhcələrinin tarixi", "İki dilin müqayisəsi" kitabları müəllifin özündən sonra bizlərə qoyduğu ən böyük mirasdır.

İnsanı ən çox kədərləndirən isə onun son arzularından biri olan Şərqin Məkkəsi və Mədinəsi sayılan Təbrizdəki "Məqbərət üş-şüəra"da rahatlıq tapması idi. Xain qüvvələr onu Təbrizə qoymadılar. Azərbaycan Cavad Heyəti ağuşuna aldı. 2014-cü il avqustun 12-də paytaxt Bakıda dünyasını dəyişən əvəzsiz şəxsiyyət İkinci Fəxri Xiyabanda torpağa tapşırılıb.

Töhfə SƏMƏDOVA,

"Respublika".