Ölməzlik qazandıran Vətən sevgisi
Digər xəbərlər

Ölməzlik qazandıran Vətən sevgisi

Şahin Xanhüseyn oğlu Sadıxov 30 il bundan əvvəl - Birinci Qarabağ müharibəsində düşmən təxribatının qarşısını alarkən qəhrəmancasına şəhadətə qovuşub. Lerik rayonu, Əvilə kəndində dünyaya gələn bu Vətən sevdalısı onda ömrünün 20-ci ilini yaşayırdı. Həyat yolu qısa olsa da, göstərdiyi şücaət ona milyonların ürəyində əbədi yer edib.

Doğma elində qəhrəmanın anım günü də ehtiramla qeyd edildi. Rayon rəsmiləri, şəhidin ailə üzvləri, kənd sakinləri məzarı üstünə təzə güllər düzdülər.

Mərasimdə  göstərdiyi hünərdən, keçdiyi şərəfli döyüş yolundan iftixarla danışıldı. Şahinin ömür yolu cəsurluq, igidlik, mərdlik məktəbidir. O, əzəli yurd yerimiz Qarabağın azadlığı naminə, bizim xoşbəxt gələcəyimiz üçün sinəsini düşmən gülləsinə sipər edib. Şahin kimi yaşamaq hər bir Vətən övladı üçün şərəf və qürurdur. Lerikin qartal oğlu şəhid Şahin də odlar yurdu, müdriklər beşiyi Azərbaycan var olduqca, ürəklərdə yaşayacaq.

Şahin Sadıxov orta təhsilini başa vurub 1992-ci ildə yağı düşməndən qisas almaq məqsədilə könüllü olaraq cəbhəyə gedib. Qısa müddətdə Vətən sevgisi onu erməni dığaların kabusuna çevirib, düşmənlə rəşadətlə vuruşub. Vətən torpaqlarının müdafiəsində şəxsi igidliklər göstərdiyinə görə, dəfələrlə fəxri fərmanlarla təltif olunub. 19 may 1994-cü ildə Ağdərə-Tərtər istiqamətində gedən şiddətli döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.

Oxuduğu Əvilə kənd tam orta məktəbinə şəhidin adı verilib.

Zəfər ORUCOĞLU.