Qarabağ - yeni dövrün iqtisadi inkişaf mənzərəsi
İqtisadiyyat

Qarabağ - yeni dövrün iqtisadi inkişaf mənzərəsi

Ağdam Sənaye Parkına sahibkarlar böyük maraq göstərir

Çox böyük tarixi anların şahidi oluruq, işğaldan azad edilən torpaqlara Böyük Qayıdış uğurla davam edir, keçmiş məcburi köçkünlər öz dədə-baba yurdlarına qürurla, sevinclə, minnətdarlıqla qayıdırlar. Hər cür şəraiti olan müasir evlərdə yaşayır, ad günləri, toy-nişan keçirir, təzə evlərdə körpələr dünyaya göz açır, bir sözlə, insanların qəlbində yeni arzular qanadlanır. Təxminən 10 min kvadratkilometrdən artıq ərazini əhatə edən Böyük Qayıdış Proqramı erməni təcavüzü nəticələrinin aradan qaldırılması, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması, bərpası, yurd yerlərinə əhalinin geri qayıdışının təmin edilməsi, insanların rifah səviyyəsinin yüksəldilməsi, yeni iş yerlərinin yaradılması və son nəticədə bölgənin dayanıqlı inkişafına nail olunmasını əhatə edir. Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzurla bağlı siyasəti, onun rəhbərliyi ilə işğaldan azad edilən ərazilərdə aparılan yenidənqurma işləri dünyanın diqqət mərkəzindədir və dövlətimizin başçısının həmin ərazilərdə gələcəklə bağlı fikirləri maraqla qarşılanır.

Azərbaycanın siyasi, iqtisadi və hərbi imkanları daha da genişlənir, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmlənir. Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı, onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Qarabağ və Şərqi Zəngəzur şanlı qələbə ilə başa çatan döyüş meydanından fövqəladə, genişmiqyaslı quruculuq məkanına çevrilir, hər iki bölgədə nəhəng infrastruktur layihələr icra edilir, işğalın ağır nəticələri aradan qaldırılır.

İşğaldan azad edilən ərazilərdə, o cümlədən Ağdamda genişmiqyaslı tikinti-quruculuq, bərpa işləri sürətlə aparılır. Ermənilərin torpaqlarımızda törətdiyi vəhşiliyə, mənfur erməni xislətinə son qoyulur, düşmənin qəsdən və bilərəkdən xarabalığa çevirdiyi yurd yerlərimizə yeni bir həyat qayıdır. Mübaliğəsiz demək olar ki, icra edilən layihələr nəticəsində yaxın zamanlarda Ağdam Qarabağın sənaye mərkəzinə çevriləcək. İşğaldan azad edilən və Qarabağ iqtisadi rayonuna daxil olan Ağdamda çox böyük infrastruktur layihələr həyata keçirilir. 30 ilə yaxın Ermənistanın xunta rejiminin və erməni faşistlərin xarabalığa çevirdikləri Ağdam şəhəri demək olar ki, bünövrədən və yenidən tikilir. Qələbələrimizin memarı, Qarabağ fatehi, Qalib Ali Baş Komandan İlham Əliyev 2021-ci il mayın 28-də Ağdamda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdən sonra şəhərin təməl daşını qoydu. Eyni zamanda Ağdam Sənaye Parkı dövlətimizin başçısının 28 may 2021-ci il tarixli Fərmanı ilə yaradılıb və 190 hektar ərazini əhatə edir. Sənaye parkının təməlqoyma mərasimindən iki ildən artıq vaxt ötür. Bu müddət ərzində Sənaye parkında görülən işlərin həcmi də kifayət qədər böyük və əhatəlidir.

Hazırda Sənaye parkında quruculuq işləri mərhələli şəkildə həyata keçirilir, yeni istehsal müəssisələri yaradılır, modern şəhərsalma ilə yanaşı, müasir texnologiyalar əsasında müəssisələr qurulur və burada iş yerləri yaradılır. Müxtəlif təyinatlı, o cümlədən divar kağızları, ayaqqabı, dam örtüklərinin, boru və qutu profillərin, havalandırma, yanğınsöndürmə avadanlıqları və müxtəlif metal məmulatların istehsalı həyata keçirilir.

İqtisadi Zonaların İnkişafı Agentliyindən verilən məlumata görə Ağdam Sənaye Parkının rezidentləri tərəfindən tikintisi aparılan müəssisələrin 2024-cü ildə işə salınması nəzərdə tutulur. Qeyd edək ki, ümumi ərazisi 190 hektar olan Ağdam Sənaye Parkına hazırda 12 milyon manatdan çox investisiya yatırılıb. Sənaye parkının rezidentlərinin bir çoxu tərəfindən tikinti və layihələndirmə işləri aparılır. Sənaye parkında "Yüksəl Beton" QSC-nin beton istehsalı müəssisəsi fəaliyyətə başlayıb. Zavod saatda 120 kub beton istehsal etmək gücündədir. Saatda 100 kub beton istehsal edəcək daha bir zavod da quraşdırılır. Şirkətin istehsal etdiyi beton məhsulları fabrik və zavodların tikintisi ilə yanaşı, şəhərdə aparılan tikinti-quraşdırma işlərində də istifadə olunur.

 Hazırda Ağdam Sənaye Parkında 25 sahibkarlıq subyekti qeydiyyatdan keçib. İnvestorlar tərəfindən sənaye parkına 175 milyon manatdan çox investisiyanın yatırılması, 1600-dən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur. Qeyd edək ki, ondan çox rezident tikinti-quraşdırma işlərinə başlayıb. 2024-cü ilin yaz aylarının sonuna kimi 7-dən çox müəssisənin açılışı gözlənilir. 25 sahibkarlıq subyektinin 10-dan çoxu aktiv tikinti-quraşdırma, digərləri isə layihələndirmə və ərazinin topoqrafik işlərini həyata keçirir. Artıq ayaqqabı, havalandırma sistemləri, divar kağızlarının istehsalı (Azərbaycanda ilk dəfə olaraq), dəmir yolu xətləri üçün siqnallar və mikrosxemlərin istehsalı müəssisələrinin açılışı gözlənilir.

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri Elşad Nuriyev bildirib ki, "Sumqayıt Kimya Sənaye Parkının rezidentlərindən biri - "Tabaterra" şirkəti tütün istehsalı müəssisəsi tam olaraq Ağdama köçməyi nəzərdə tutur. Bu da 300-dən çox iş yerinin açılması deməkdir. Bu şirkət artıq öz işçiləri üçün Ağdam şəhərində mənzillərin alışı üçün də müraciət edib və bu, onu göstərir ki, Ağdam Sənaye Parkına, ümumiyyətlə sənaye parklarına daxil olan şirkətlər korporativ sosial məsuliyyətlərini başa düşürlər. İşçiləri üçün şərait yaradır, onları mənzillərlə təmin edirlər. Məlum olduğu kimi, işğaldan azad olunmuş Ağdam rayonunun əlverişli coğrafi mövqeyi, sosial-iqtisadi inkişaf imkanları və digər mühüm logistika potensialının mövcudluğu rayonda müasir infrastruktura malik sənaye parkının yaradılmasını zəruri edib.

Sənaye parkında sahibkarlığın inkişafı üçün əlverişli şərait yaradılır və hökumət tərəfindən rezidentlər üçün güzəştlər tətbiq olunur. Sənaye parkının rezidentləri dövlət vəsaiti hesabına hazır infrastrukturla - qaz, işıq, su, kanalizasiya, daxili avtomobil və dəmir yolları, fiber-optik xətlərlə təmin edilirlər. Eyni zamanda, qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq, gəlir vergilərindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumlarından azad olunurlar. Bundan başqa, bu il yanvarın 1-dən Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlar üçün əlavə güzəştlər tətbiq olunur. Buraya sosial sığorta haqlarının subsidiyalaşdırılması, işğaldan azad edilmiş ərazilərdə məskunlaşaraq işləyən mütəxəssislərə (hər il 5 gün əlavə məzuniyyət verilməsi; aylıq vəzifə maaşına əlavələrin hesablanması; 600 manat birdəfəlik müavinət verilməsi), iş icazələrinin alınmasının sadələşdirilməsi, əmək miqrasiyası kvotasının tətbiq edilməməsi (əcnəbi mütəxəssislərə əmək miqrasiyası kvotasının 5 il tətbiq edilməməsi) də daxildir. İşğaldan azad edilmiş ərazidə fəaliyyət göstərən sahibkar tərəfindən istehsal prosesində istifadə edilən bir sıra xammal və materialların idxalı 10 il müddətinə ƏDV-dən azad olunur. İşğaldan azad edilən ərazilərdə, o cümlədən yeni yaradılan sənaye parklarında sahibkarlığın inkişafı üçün dövlət tərəfindən böyük diqqət və qayğı göstərilir. Ağdam sürətlə, zövqlə, milli memarlıq üslubunda, müasir şəhərsalma layihələri əsasında tikilir. Dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi və dəyərli tövsiyələri əsasında tikilən Ağdamın yəqin ki, dünyada bənzəri olmayacaq və burada istehsal edilən məhsulların "made in Azerbaijan" brendi ilə dünya bazarlarına çıxarılması heç də uzaqda deyil.

Salman ALIOĞLU,

"Respublika".