Meyvə bağlarının sığortalanması zərurətə çevrilib
İqtisadiyyat

Meyvə bağlarının sığortalanması zərurətə çevrilib

Son günlər hava şəraitinin kəskin dəyişməsi, bütün ölkə ərazisində qar yağması və temperaturun aşağı düşməsi kənd təsərrüfatına, o cümlədən meyvə bağlarına da ciddi təsir edib. Dağlıq və dağətəyi bölgələrdə şaxtalar vəziyyəti daha da ciddiləşdirib. Fermerlərin ziyana düşməməsi üçün həmişə olduğu kimi, dövlət yenə də fermerlərin yanındadır. Aqrar Sığorta Fondu fermer və təsərrüfat sahiblərinin nəzərinə çatdırır ki, ölkəmizdə dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi vasitəsilə meyvə bağlarını digər risklərlə yanaşı, şaxtavurma (donvurma) və normadan artıq qar yağıntıları risklərindən də sığortalamaq mümkündür.

Fonddan bildirilir ki, şaxtavurma (donvurma) riski dedikdə – havanın temperaturunun  0 dərəcədən aşağı düşməsi nəticəsində bitkinin məhsulunda yaranan zərərlər başa düşülür. Yəni bu sığorta havanın temperaturunun 0 dərəcədən aşağı olduğu hallarda donvurma nəticəsində meyvə bağına dəyən zərəri kompensasiya edir.

Əkin sahələrini şaxtavurmadan (donvurmadan) sığorta etmək istəyən fermer və təsərrüfat sahibləri bu sığortanı əlavə ödəniş etməklə əldə edə bilərlər. Donvurmadan sığortalanmaq üçün sığorta haqqının tarifi müxtəlif bitkilər və regionlar üzrə fərqlidir.

Bundan başqa, aqrar sığorta vasitəsilə əkin sahələrini, tərəvəz əkinlərini və meyvə bağlarını normadan artıq qar yağıntılarından da sığorta etmək olar. Normadan artıq yağan qar yağıntıları riski dedikdə – qar yağması səbəbindən bitkinin çətirində budaq və gövdələrin sınması nəticəsində yaranan zərərlər başa düşülür.

Qeyd edək ki, normadan artıq qar yağıntıları riski üçün əlavə ödəniş etmək tələb olunmur, bu hadisədən sığorta bitkilərin baza sığorta zərfində yer alır.

Nəriman CAVADOV,

“Respublika”.